Prezident Cəbrayılda yeni zavodun təməlqoyma MƏRASİMİNDƏ - FOTO

Prezident Cəbrayılda yeni zavodun təməlqoyma MƏRASİMİNDƏ - FOTO

Hazırda oxunan: Prezident Cəbrayılda yeni zavodun təməlqoyma MƏRASİMİNDƏ - FOTO

214374

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.

Bizim.Media xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır.

Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.

İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.

Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.

Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.

Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.

Sonra dövlətimizin başçısı və birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.

Məlumat verildi ki, “Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.

İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.

İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.

Dövlətimizin başçısı zavodun təməlini qoydu.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO