“Ermənistan həm sülh istədiyini deyir, həm də etdiyi qələti boynuna almır” – Zərdüşt Əlizadə

“Ermənistan həm sülh istədiyini deyir, həm də etdiyi qələti boynuna almır” – Zərdüşt Əlizadə

Hazırda oxunan: “Ermənistan həm sülh istədiyini deyir, həm də etdiyi qələti boynuna almır” – Zərdüşt Əlizadə

213970

Azərbaycan və Ermənistan XİN başçıları -  Ceyhun Bayramovla Ararat Mirzoyanın ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda baş tutan görüşünün nəticələri diqqət mərkəzindədir. 

Həmin görüşdə tərəflər mümkün qədər qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Ermənistan konstitusiyasında dəyişiklik anonsu
 

MÖVZU İLƏ BAĞLI:

İrəvan və havadarlarına XƏBƏRDARLIQ – Ermənistanın gərginliyi artırması nə ilə YEKUNLAŞACAQ?


Bunun ardınca isə Ermənistanın baş naziri Nikol Paşinyan sülhə nail olmaq üçün konstitusiyada dəyişikliklərə hazır olduğunu bildirib:

“Azərbaycanla sülh müqaviləsi imzalansa, onun məzmununun əsas qanuna uyğunluğunu yoxlamaq üçün saziş ölkənin Konstitusiya Məhkəməsinə göndəriləcək. Əgər Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Konstitusiyasına zidd olduğu qənaətinə gəlsə, onda biz elə vəziyyətə düşəcəyik ki, sülhə nail olmaq naminə Konstitusiya dəyişiklikləri zəruri olacaq” deyə Paşinyan qeyd edib.

Bütün bunlara rəğmən, həm Nyu York görüşünün baş tutduğu sentyabrın 26-da, həm də ondan sonra Azərbaycanın Naxçıvandakı mövqeləri Ermənistan tərəfindən yenidən atəşə tutulub.

Lavrovdan dialoq təşəbbüsü

Bu arada Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan liderlərinin oktyabrda yenidən görüşünün baş tuta biləcəyini açıqlaması da diqqətdən yayınmadı:  

“Əgər onlardan təklif gələrsə, hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq”.

Bütün bunlar bir daha Ermənistanın sülh sazişinin imzalanması məsələsində ikili oyun oynadığını, Rusiyanın isə bu razılşmanın məhz onun vasitəsilə gerçəkləşməsi yönündə təşəbbüsü ələ almağa çalışmasını göstərir.

“Ermənistan bu şərtləri yerinə yetirməlidir”

Mövzu ilə bağlı Bizim.Media-ya danışan politoloq Zərdüşt Əlizadə Ermənistanın sülh müqaviləsindən öncə üç şərti yerinə yetirməyə borclu olduğunu düşünür: 

“Azərbaycanla Ermənistan arasında gedən danışıqlarda onların yerinə yetirməli olduqları öhdəliklər bəllidir. Azərbaycan öz şərtlərini deyib. Bu şərtlərin heç biri beynəlxalq hüquqa zidd deyil. Ermənistan beynəlxalq hüquqa və Azərbaycanın təhlükəsizliyinə nəzəri mane olacaq, təhlükə törədə biləcək (əməli, hərbi-siyasi təhlükə demirəm, təbii ki, Ermənistanın buna gücü yoxdur) əngəlləri aradan qaldırmalıdır. Bu maneələr var və dövlətlərarası münasibətləri tənzimləmək üçün Ermənistan Azərbaycanın bu istəklərini həyata keçirməlidir”.

Z.Əlizadənin fikrincə, bunun üçün rəsmi İrəvan ilk növbədə Konstitutsiyasında Ermənistanın müstəqillik bəyannaməsinə olan istinadı aradan qaldırmalıdır: 

“Həmin bəyannamədə aşkar şəkildə elan edilib ki, Qarabağ Ermənistana birləşdirilməlidir. Bu, o zamankı sovet qanunlarına da zidd idi. Sovet ali hüquqi qurumları bu qərarı ləğv etmişdilər. Amma Ermənistan bu qərarı tanımırdı, çünki özünü müstəqil sayırdı. Bu, Azərbaycanın hüquqlarına açıq təcavüz idi. Qısası, onlar bu istinadı, Ermənistan Konstitutsiyasının girişindəki həmin cümləni götürməlidir. Onlar deyir ki, biz bunu 2027-ci ildə götürərik. Biz də deyirik o zaman müqavilə də 2027-ci ildə imzalanar”.

Ermənistan üçün sülh müqaviləsi niyə vacibdir?

Z.Əlizadə hesab edir ki, Ermənistana sülh müqaviləsi indi, daha yaxın zamanda lazımdır. Çünki onlar Türkiyə ilə sərhədlərin açılmasını, Qərbə gediş yolunun olmasını istəyirlər:

"İqtisadi, siyasi əlaqələri Türkiyə vasitəsilə həyata keçirmək üçün, elə Türkiyə özü ilə əlaqələr üçün bu müqavilə onlara lazımdır. Amma Ermənistan həm münasibətləri tənzimləmək istəyir, həm də vaxtilə etdiyi qanunsuz hərəkətləri etiraf eləməkdən boyun qaçırır. Elədiyi qələti, səhv addımı boynuna almaq istəmir”.

Zərdüşt Əlizadənin fikrincə, Ermənistanın qəbul etməli olduğu ikinci tələb Naxçıvanla bağlıdır: 

"Onlar Azərbaycanın Naxçıvanla Mehri üzərindən əlaqəsi ilə bağlı fikirləri də qəbul etməlidirlər. Biz əmin olmalıyıq ki, Azərbaycanla Naxçıvan arasındakı yol bərpa olunacaq. O vaxt həmin yolu satdılar, oğurladılar. İndi o yol bərpa olmalıdır. Bu, Azərbaycanın qanuni tələbidir. Amma Ermənistan bunu da yerinə yetirmək istəmir. Çünki Rusiya ilə aralarında ixtilaf var. Bilir ki, o yola Rusiya hərbçiləri nəzarət edəcək. 

Ermənistansa bunu istəmir. Amma bu, bizim işimiz deyil. Bu, Rusiya ilə Ermənistan arasındakı məsələdir. Əgər istəyirlərsə, versinlər Rusiya sərhədçilərinə, istəmirlərsə, açıq desinlər, Rusiya çəkil, biz İranla sərhəddi də qorumaq işini sənə vermirik. Çünki həmin yol İranla sərhəd zolağından keçir. Ermənistanın bunu eləməyə cəsarəti çatmır. Ona görə də məsələni uzadır”. 

Müsahibimizin sözlərinə görə, Ermənistanın razılaşmalı olduğu daha bir məsələ eksklav kəndlərlə bağlıdır: 

“Ermənistan elan eləməlidir ki, iki dövlətin ərazi bütövlüyünü dəyişdirməmək şərti ilə biz ərazi mübadiləsinə hazırıq. Bizə eksklav kəndləri verməyə razılaşsalar,  biz də onlara müvafiq bir ərazi verməyə hazırıq. Yəni həmin kəndlərin ərazisi qədər ərazi verə bilərik. Amma onların bunu da deməyə cəsarəti çatmır. Çünki erməni cəmiyyətində xeyli insan var ki, onlar üçün beynəlxalq hüquq anlayışı yoxdur. 

Onlar üçün erməni qlobusu, erməni hüququ, erməni üstünlüyü var. Ona görə də onlar bu məsələdə heç bir beynəlxalq hüququ tanımaq istəmirlər. İstənilən təbii insan məntiqinə, beynəlxalq hüquq məntiqinə qayıtmağı, yanlışlarını boynuna almağı, onlar Ermənistanın böyük siyasi məğlubiyyəti və fəlakəti sayırlar. Ona görə də bu mövzuda razılığa gəlmək məqamı çatan kimi başlayırlar Paşinyanı ittiham etməyə ki, sən Azərbaycana təslim olursan. Amma anlamırlar ki, Azərbaycan öz haqqını istəyir”.

Əlizadənin fikrincə, belə vəziyyətdə nə ABŞ, nə Rusiyanın vasitəçiliyi ilə hansısa bir uğurun əldə olunması mümkün görünmür: 

“Azərbaycan indi məsələyə daha geniş, tarixi bucaqdan baxır. Ona görə hansısa güzəşt edə bilərik ki, məsələnin həlli gələcəyə qalsın. Amma heç olmazsa, Ermənistan açıq şəkildə elan eləsin ki, mən vaxtilə belə bir səhv etmişəm. Konstitutsiyaya ərazi iddialaına aid müddəa salmışam və onu çıxarmağa hazıram. Yaxud öhdəlik götürsün ki, bir ildən, yaxud 2 ildən sonra bu müddəanı çıxaracağam. Çünki bu, səhvdir. Amma onu da demir. Üzümüzə durur ki, bizdə ərazi iddiası yoxdur. 

Halbuki müstəqillik bəyannaməsində açıq yazılıb ki, tarixi ədalətin bərpası kimi Qarabağ Ermənistana birləşdirilməlidir. Heç müstəqil də olur demir, birləşdirilir deyir. Yəni beynəlxalq hüquqa tam zidd addım atılıb. Onlar bunu etiraf etməkdən çəkinir. Çünki Paşinyan daxildəki radikallardan ehtiyat edir. Qorxur ki, sabitlik pozular, vəzifəsini itirər. Ona görə də məsələ dalana dirənir”.

“Azərbaycan üçün sülh sazişinin kimin vasitəsilə imzalanmasının əhəmiyyəti yoxdur”

Rusiyanın Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı təşəbbüsünə gəlincə, Əlizadə bunun əhəmiyyətsiz olduğu qənaətindədir: 

“Azərbaycan üçün sülh sazişinin kimin vasitəsilə olacağının heç bir əhəmiyyəti yoxdur. Müqavilə iki tərəflə də bağlana bilər. Lap sərhəddə çadır qurula, prezidentlər orada da müqavilə imzalaya bilər. Bəşər tarixində nə qədər böyük müqavilələr çadırlarda imzalanıb. 

Bakıda, İrəvanda, Moskvada, Astanada, Budapeştdə, Vaşinqtonda, fərq etməz. Bunu həmin ölkələr özləri üçün müsbət bir iş sayacaqlar, fəxr edəcəklər ki, uzun illər davam edən münaqişəni sonlandıran müqavilə bizim paytaxtımızda, yaxud dövlətimizdə imzalandı. Bunu Amerika da istəyir, Avropa da, Rusiya da. Amma hər şey tərəflərin möveyindən asılıdır. Mövqelərsə hələlik uzlaşmır. Ermənistanın vəziyyəti, oyunbazlığı, yanlış inadı hələlik buna imkan vermir”.

Rəna, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO