Orta Dəhlizin cənub marşutu üzrə vahid assosiasiyasının yaradılması ilə bağlı sabiq nazirlərdən AÇIQLAMA

Orta Dəhlizin cənub marşutu üzrə vahid assosiasiyasının yaradılması ilə bağlı sabiq nazirlərdən AÇIQLAMA

Hazırda oxunan: Orta Dəhlizin cənub marşutu üzrə vahid assosiasiyasının yaradılması ilə bağlı sabiq nazirlərdən AÇIQLAMA

211244

Avropa ilə Asiyanı birləşdirən Orta Dəhlizin imkanlarının genişləndirilməsi bu gün aparıcı dövlətlər üçün prioritetdir. Dünyanın maliyyə gücləri də bu dəhlizin inkişafına dəstək göstərməkdə çox maraqlıdır. Təsadüfi deyil ki, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Dəhliz üzrə aparılan tədqiqatın nəticələrindən məmnundur və bu layihəyə investisiya yatırmaqda çox maraqlıdır.

Son zamanlar Orta Dəhlizin yeni-cənub marşrutu gündəmə gəlib. Bir çox dövlətlər bu layihənin ən qısa zamanda fəaliyyətə başlaması üçün artıq hərəkətə keçiblər.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov bu yaxınlarda mətbuata açıqlamasında bildirib ki, Orta Dəhlizin cənub marşutu - Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyənin bu ayın ikinci yarısında Bakıda vahid assosiasiyasının yaradılması planlaşdılır.

Onun sözlərinə görə, bununla bağlı Bakıda tədbir keçiriləcək:

“Tədbirdə başqa təkliflər də səsləndirilə bilər, lakin bizim gözlədiyimiz odur ki, Bakı əsas namizədlərdən biri ola bilər. Ölkələrin əksəriyyəti Bakının assosiasiyanın mərkəzi seçilməsini dəstəkləyir”.

R.Rüstəmov qeyd edib ki, bir neçə ay əvvəl Türkmənistan və Özbəkistanda görüşlər keçirilib:

“Görüşlərdə assosiasiya ilə bağlı məsələlər müzakirə edilib. Səfərdən sonra danışıqlar daha intensiv şəkildə aparılıb".

Xatırladaq ki, 2024-cü ilin ilk 7 ayında Orta Dəhlizlə daşınmalar 2,56 milyon ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63 % çoxdur. Bu il dəhliz vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır.

Nəzərə alaq ki, Orta Dəhlizin iqtisadi səmərəsindən başqa, həm də böyük siyasi əhəmiyyəti var.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  Orta Dəhlizin böyük layihə olduğunu bildirib:

“Bu layihəyə əsasən Şərqdən gələn yüklər Azərbaycan üzərindən keçərək Gürcüstana ötürülür. Gürcüstandan isə yüklərin bir hissəsi Türkiyəyə, digər hissəsi isə Rumıniyaya daşınır. Bu mənada Orta Dəhliz Azərbaycan üçün unikal imkanlar açır. Təbii ki, bu da bizim iqtisadiyyatımız üçün böyük fayda gətirəcək”.

“Assosasiyanın yaradılması müsbət hadisədir”

Müsahibimiz onu da əlavə edib ki, Orta Dəhlizin cənub marşrutu çoxdan müzakirə olunur:

“Bu mənada hansısa təşkilatlanmanın olması müsbət haldır. Çünki tranzit ölkələr üçün əsas məsələ yüklərin sənədlərinin qısa zamanda rəsmiləşdirilməsidir. Yüklər bəzən bu səbəbdən yolda ləngiyir. Ona görə də yüklərin sənədlərinin rəqəmsal şəkildə yoxlanılması çox vacibdir. Bu bürokratik əngəlləri aradan qaldıra bilər.

Təqdirəlayiq haldır ki, bu sahədə müvafiq addımlar atılır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, beynəlxalq əməkdaşlıqda sənədləşmə rəqəmsal şəkildə aparılacaq. Bu, tranzit ölkələrin birgə əməkdaşlığını zəruri edən məsələdir. Ona görə də yeni bir assosasiyanın yaradılması müsbət hadisədir. Bu cür tədbirlər imkan verəcək ki, Çindən çıxan yüklər çox qısa zamanda Avropaya çatsın”.

“Beynəlxalq oyunçular da layihəni dəstəkləyir”

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov da Orta Dəhlizə beynəlxalq səviyyədə marağın böyük olduğunu vurğulayıb:

“Hətta ABŞ və Qərb Orta dəhlizi dəstəkləyir. Bu da səbəbsiz deyil. Bunun birinci səbəbi odur ki, sözügedən marşrut iqtisadi cəhətdən çox səmərəlidir. Digər səbəbsə odur ki, Rusiyanın yolları bağlıdır və İran üzərindən tranzit daşımalarını bəzi dövlətlər istəmir. Ona görə də Azərbaycan üzərindən keçən Orta Dəhlizin Cənub marşrutuna maraq böyükdür.

Nəzərə alaq ki, Çin də bu layihəni dəstəkləyir. Rəsmi Pekinin dəstəklədiyi “bir kəmər, bir yol” layihəsi də əslində Orta Dəhlizin Cənub marşrutudur.

“Bütün region ölkələri bu layihədən qazanc əldə edəcəklər”

Sabiq nazir onu da əlavə edib ki, hazırda Bakı-Tbilisi-Qars dəmir yolu tam işlək vəziyyətdədir:

“İkinci və daha rentabelli variantsa Zəngəzur dəhlizidir. Hazırda bu dəhlizin bərpası üçün həm ABŞ, həm də Çin və Rusiya müəyyən iş görür. Hələlik Ermənistan və İran bu layihənin reallaşmasını istəmir. İran istəyir ki, bu dəhliz Azərbaycan üzərindən yox, öz ərazisindən keçsin. Amma Ermənistan da gec-tez bu layihəyə qoşulacaq. Hesab edirəm ki, Orta Dəhlizin cənub marşrutundan bütün region dövlətləri, eləcə də Orta Asiya ölkələri böyük qazanc əldə edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO