“Qaragöl” əməliyyatı - Azərbaycan yeni diplomatik savaşda

“Qaragöl” əməliyyatı - Azərbaycan yeni diplomatik savaşda

Hazırda oxunan: “Qaragöl” əməliyyatı - Azərbaycan yeni diplomatik savaşda

21108

Son günlərdə Azərbaycan ordusu Zəngəzurda Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi çərçivəsində öz mövqelərini irəli çəkib. Nəticədə Qaragöl bölgəsi tamamilə Azərbaycan ordusunun nəzarətinə keçib. Qeyd edək ki, adı çəkilən bölgə Azərbaycanın dövlət sərhədləri daxilində yer alan ərazidir və Azərbaycan ordusunun bu fəaliyyəti beynəlxalq hüquqa əsaslanan sərhədlərin müəyyənləşdirilməsi prosesi çərçivəsində həyata keçirilib. 

Lakin Ermənistan tərəfi baş verənləri “hücum” olaraq qiymətləndirərək gərginliyi məqsədli şəkildə artırmağa çalışır. Belə ki, baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan verdiyi açıqlamada Azərbaycan ordusunun Syünik rayonu ərazisində 3,5 km irəlilədiyini və dövlət sərhədini pozduğunu qeyd edir.

“Qaragöl” əməliyyatı ilə Azərbaycan nəyi hədəfləyir?

İlk olaraq hadisənin Ermənistanda seçkilərə 1 ay vaxt qaldığı bir zamanda baş verməsi xüsusi diqqət çəkir. Məlumdur ki, 10 noyabr kapitulyasiya aktını imzalayan Nikol Paşinyanın seçkidə qalib gəlməsi Azərbaycan tərəfinin maraqlarına cavab verir. Çünki hazırda Ermənistanda rasional mövqelərə malik tək qüvvə məhz Paşinyandır. Müxalifətdə təmsil olunan və başda Robert Koçaryanın yer aldığı qüvvələr isə revanşist hisslərin əsas daşıyıcısı mövqeyindədir. 

Seçki ərəfəsində Azərbaycanın Ermənistanda Nikol Pşainyanın mövqelərini məqsədli şəkildə zəiflətmək istəməsi çox da inandırıcı görünmür.

Çünki Ermənistan tərəfinin bu cür addımları ölkə daxilində Azərbaycan xofu yaratmaq və “işğal olunuruq” obrazına bürünmək üçün istifadə etdikləri çoxdan məlumdur. Bu isə birbaşa radikal və revanşist müxalifətin diskursuna haqq qazandırır və onların mövqelərini gücləndirir. Baş verənlər Qaragöl bölgəsi ilə bağlı yaranan gərginliyin heç də təsadüf olmadığını göstərir. Deməli, belə bir vaxtda Azərbaycan tərəfini öz legitim haqqından istifadə etməyə vadar edən səbəblər mövcuddur.

İkinci məqam hadisənin Rusiya xarici işlər naziri Sergey Lavrovun 10 may tarixində baş tutan Bakı səfərindən sonra baş verməsidir. Rusiyalı nazirin Bakıda səsləndirdiyi fikirlər arasında ən diqqət çəkən amil Ermənistanı 10 noyabr razılaşmasına əməl etməyə dəvət etməsi, sərt ritorikanın problemin həllinə töhvə verməyəcəyini elan etməsi idi.

Görünən odur ki, rəsmi Bakı 10 noyabr razılaşmasının şərtlərinə əməl olunmadığını düşünür və bu düşüncələrini də Rusiyalı nazirlə bölüşüb. Razılaşmaya nəzərə saldığımızda isə problemin birbaşa Zəngəzur dəhlizi ilə bağlı olduğunu görürük. Son aylarda hər iki tərəfin səsləndirdiyi açıqlamalar Zəngəzur dəhlizinin əsas gərginlik nöqtəsi olduğunu ortaya qoyur. Azərbaycan prezidenti İlham Əliyevin 24 aprel tarixindəki “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. İstəməsə, zorla həll edəcəyik” ifadələri məsələnin nə qədər ciddi olduğunun göstəricisidir.

Ermənistan nə üçün Zəngəzur dəhlizindən imtina etməyə çalışır?

Ermənistan son aylarda xüsusilə Fransanın vasitəçiliyi ilə Qarabağın statusu məsələsini yenidən gündəmə gətirməyə çalışır. Münaqişənin bitmədiyini və Minks Qrupunun yenidən fəaliyyətə keçməsini irəli sürən Fransa dolayı yolla Cənubi Qafqazda söz sahibi olmağa can atır. Minsk qrupunun yenidən aktivləşdirilməsi isə ABŞ-ın rəsmi olaraq danışıqlar masasına dəvət olunması deməkdir. 

ABŞ-ı öz cənub sərhədlərindəki problemin həllinə dəvət etmək isə Rusiya üçün olduqca dəhşətli ssenaridir.

Muradovun Avdeevlə əvəzlənməsi də məhz bunun üçün önəmlidir. Rus ordusu Muradovun rəhbərliyində sadəcə “sülhməramlı” funksiya yerinə yetirdiyini göstərirdi.

Avdeev isə Cənub Hərbi Dairəsinə məxsus zabitdir. Dolayısı ilə Rusiya Fransa və ABŞ-a Qarabağı Cənub Hərbi Dairəsi içərisində gördüyü mesajını verir. Yəni Rusiyanın geosiyasi sərhədləri daxilində.Fransa və ABŞ-ın Qarabağla bağlı danışıqlara cəlb etməyə çalışan Ermənistan həm də Zəngəzur dəhlizindən boyun qaçırmağı hədəfləyir. Çünki Rusiyanın da Azərbaycan və Türkiyə arasında birbaşa əlaqənin yaradılmasına qarşı olduğunu bilir.

Zəngəzurda açılacaq dəhlizdən imtina etsələr Rusiyanın tərəfləri sakitləşdirəcəyini və Ermənistanın xeyrinə həll edəcəyini güman edirlər. Lakin Rusiya üçün indiki anda Azərbaycan-Türkiyə əlaqəsindən daha təhlükəli olan ABŞ və Fransanın bölgəyə müdaxilə imkanının yaranmasıdır.

Bu səbəblə də “Qaragöl” məsələsində Rusiyanın təmkinliyini qoruyacağı daha ağlabatandır.

“Qaragöl” əməliyyatı birbaşa Ermənistan rəhbərliyinə Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyini, Fransa və Ermənistanın digər havadarlarına isə Qarabağlı bağlı hər hansı mübahisəli vəziyyətin olmadığını, Minsk qrupunun fəaliyyətindən söhbət belə getmədiyini, əksinə müzakirə mövzusunun Zəngəzur olduğunu göstərir. Rusiya isə Azərbaycanla razılaşdırılmış şəkildə Avdeevi sülhməramlıların rəhbərliyinə gətirməklə ABŞ-a hər hansı formada Qarabağ mövzusunda danışıqlar masasında yer olmadığını göstərir.

Araz Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO