“Meydan TV”nin yeni təxribat meydanı – Bu dəfə kimdən sifariş alıblar? - ARAŞDIRMA

“Meydan TV”nin yeni təxribat meydanı – Bu dəfə kimdən sifariş alıblar? - ARAŞDIRMA

Hazırda oxunan: “Meydan TV”nin yeni təxribat meydanı – Bu dəfə kimdən sifariş alıblar? - ARAŞDIRMA

209425

Bu gün səhər saat 8.00-dan etibarən növbədənkənar parlament seçkilərində səsvermə prosesinə start verilib. Vətəndaşlar fəal şəkildə seçki məntəqələrinə gələrək növbəti 5 ildə parlamentdə onları təmsil edəcək ən layiqli namizədlərə səs verirlər.

Hazırki vaxta qədər seçki məntəqələrində hər hansı bir insidentin baş verməsi ilə bağlı MSK və DİN-ə heç bir müraciət daxil olmayıb. Bu da onu göstərir ki, insanlar öz iradələrini azad və sərbəst şəkildə ifadə edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Bəzi seçki məntəqələrində internetin kəsilməsi ilə bağlı yayılan xəbərlər “FEYK”DİR – Bizim.Media-nın ARAŞDIRMASI 


Kimlər “bulanıq suda balıq ovlamaq” istəyir?

Amma seçkilərin sakit və insidentsiz keçməsi bəzi xarici qüvvələri qətiyyən məmnun etmir. Həmin bədnam qüvvələr “sapı özümüzdən olan baltalar” hesabına ictimai sabitliyi pozmaq və seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyir. Belə pozucu dəstələrin önündə isə “Meydan TV” gəlir. Onlar ayrı-ayrı insanların həssas maraqlarından, müəyyən narazılıqlarından faydalanmağa çalışırlar. Bununla da hansısa fərdin narazılığını ölkədə demokratik seçki mühitinin olmaması kimi təqdim etmək istəyirlər.

Məsələn, “Meydan TV” seçki məntəqələrində lentə alınmış bəzi videoları konteksdən çıxartmağa çalışıb.

Lakin həmin videolar əslində başqa bir mənzərəni üzə çıxarıb. Sözügedən görüntülər onu sübut edir ki, Azərbaycanda hər bir insan öz fikrini hər yerdə və hər zaman azad şəkildə ifadə edə bilir. Səslənən fikirlərə görə də həmin adamlar qısnamalara və təzyiqlərə məruz qalmırlar.

Digər tərəfdən, şəhid ailələrinin qayğıları Azərbaycan hökuməti üçün prioritetdir. Heç kim və heç bir rəsmi qurum şəhid ailələrinin və qazilərin qayğılarına, müraciətinə laqeyd qala bilməz. Bu birmənalı belədir. Ona görə də seçki günündə şəhidlərin adından istifadə etmək və siyasi xal toplamaq istəyi təəssüf doğuran faktdır. Axı, heç kim iddia etmir ki, seçki prosesində ona qarşı hansısa basqı, təzyiq olub. Qanun pozuntusundan da danışan yoxdur. Belə vəziyyətdə “MeydanTV”nin nə demək istədiyi, nədən narazı qaldığı məlum deyil.

Bu “Meydan TV”nin ilk təxribat cəhdi deyil...

Üstəlik, şəhid ailələri kimi həssas kateqoriyanın siyasi alətə çevirmək istəyən “Meydan TV” heyətinə və oxuculara xatırlatmaq istəyirik ki, 44 günlük müharibə dövründə də onlar eynən bu cür pozuculuq mövqeyindən çıxış edirdilər. Bütün xalq düşmənə qarşı səfərbər olanda “meydan”çılar əhali arasında pozuculuq fəaliyyəti aparır, xalq-ordu birliyini sarsıtmağa çalışırdılar. Halbuki, 44 gün ərzində hər kəs qələbə üçün səfərbər olmuşdu. Belə həssas və qürurlu günlərdə bu televiziyanın reportyorları xalq arasında “narazı” elektorat axtarır, xalqı orduya dəstək olmaqdan çəkindirməyə çalışırdılar.

Bu gün də “Meydan TV” öz ampluasındadır.

Xalqımız və dövlətimiz üçün hər mənada çox böyük önəm daşıyan parlament seçkilərində onlar yenə də öz bəd əməllərindən əl çəkmirlər. Bu, Qərbin seçkilər prosesində daim əl atdığı metoddur.

Sadəcə olaraq, “Meydan TV” bu dəfə taktikanı bir qədər dəyişib. Əgər indiyədək daxildəki şəbəkə vasitəsilə öz əməllərini reallaşdırmağa çalışırdılarsa, indi xarici platformalar üzərindən çirkin məqsədlərinə nail olmağa cəhd edirlər.

Azərbaycan xalqına, Azərbaycan dövlətinin nüfuzuna beynəlxalq aləmdə zərbə vurmaq üçün “meydançılar” istənilən cildə girirlər. Çirkin məqsədlərinə çatmaq üçün isə hətta şəhidlərimizin ruhunun incidilməsindən belə çəkinmirlər. Çox təəssüf...

Bu gün Azərbaycan müstəqillik tarixində ilk dəfə bütün ərazilərində parlament seçkiləri keçirir. Yeni hədəflər çatmaq üçün yeni parlament formalaşdırılır. Belə müqəddəs missiya üçün hər kəs əlindən gələni etməli, bu ali məqsəddə payının olmasına çalışmalıdır. Eləcə də, bu müqəddəs missiyaya xələl gətirən ünsürlərə qarşı ən qəti addımlar atılmalı, sərt tədbirlər görülməlidir. Çünki heç kimin korporativ istəkləri milli və dövlət maraqlarından üstün ola bilməz.

Surxay Atakişiyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO