Xəbər verdiyimiz kimi, Teleqram kanalının yaradıcısı Pavel Durov Parisdə saxlanılıb.
Məlumata görə, həbs olunmazdan əvvəl Durov Bakıdan Fransaya şəxsi təyyarəsində uçub. Onun federal axtarışda olduğu bildirilir. Fransa hüquq mühafizə orqanları Durovu narkotik ticarətində, uşaqlara qarşı cinayətlərdə və saxtakarlıqda ittiham edir.
Lakin Durovun həbsinin arxasında başqa səbəblərin dayandığı bildirilir. Belə ki, Avropa İttifaqının Durovdan mesajlaşma platformasının şifrələmə açarlarını almaq istəməsi həbsin əsas səbəbi kimi qeyd olunur.
Görəsən, bu səbəblər hansılardır?
MÖVZU İLƏ BAĞLI:
"Telegram"ın yaradıcısı Pavel Durov Fransada SAXLANILDI
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Durovun həbs edilməsində Makron hökumətinin məkirli niyyəti və iddiası var:
“Durovla bağlı əhvalatda bir çox çalarlar var ki, diqqət çəkir və ortaya suallar çıxarır. Durov 4 ölkənin vətəndaşıdır - Fransa, BƏƏ, Rusiya və Sent-Luis. O, “Teleqram” və “Vkontakt” kanallarının yaradıcısıdır. Teleqram təkcə Rusiyada deyil, xaricdə də çoxsaylı başağrıları yaradıb. Çünki bu yeganə servisdir ki, onun deşifrə olunması və qulaq asma imkanları sıfıra bərabərdir. Bu baxımdan vaxtilə Rusiya FTX Durovla əməkdaşlıq etmək istəsə də, o bunu qəbul etmədi. Bu əsasda da versiyalar irəli sürülür ki o, FTX-nin casusudur.
Ancaq əsas məsələ odur ki, Durov məhz Rusiya və xarici ölkələrin xüsusi xidmət orqanları ilə servislərin fəaliyyətində əməkdaşlıq etməkdən imtina edib. Deyilənə görə, milyarda yaxın istifadəçisinin şəxsi yazışmaları, bağlı məlumatlar onun data kartında var”.
Buna görə də...
Müsahibimizin fikrincə, Fransanın Durovun narkotik ticarətində, uşaq məsələlərində əlinin olması barədə iddiası qondarmadır:
“Məsələ ondadır ki, Durov çox bağı adamdır və həddən artıq böyük kapitala sahibdir. Düşünürəm ki, Durovun həbs edilməsində Makron hökumətinin məkirli niyyəti, iddiası, umacağı məqamlar var. Belə adamlar həmişə hədəfdə olurlar. Çünki onların imkanlarını mənimsəmək istəyənlər çoxdur. Makron hökumətinin isə qeyri-sağlam işlərə əl atdığı artıq hamıya bəllidir”.
Həmsöhbətimiz, Durovun həbsinin sifarişli iş olduğu qənaətindədir:
“Deyilənə görə, Durovu müşayiət edən rus xanım da xarici kəşfiyyata işləyir. Güman ki, Durovun saxlanılmasında onun da xidmətləri olub. Ola bilsin, bu adam öz servisini, fəaliyyətini məxfi sistemə oturdaraq, qanunla səsləşməyən işlərlə məşğul olanları risklərdən qoruyub. Hesab edirəm ki, Durovun həbsi sifarişli işdir. Fransa bir yandan onun səsini boğur, digər tərəfdən də kommersiya fəaliyyətini iflic edir. Bu da öz-özlüyündə Durovun hüquqlarının pozulması anlamına gəlir”.
Rüfət Sultan, Bizim.Media