125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə deputatlığa namizəd Nigar Ələsgərovanın seçicilərlə görüşləri davam edir.
Bizim.Media xəbər verir ki, N.Ələsgərova Abşeron rayonunun Masazır və Hacı Zeynalabdin Tağıyev qəsəbələrində yaşayan zəngilanlı məcburi köçkün seçicilərlə müxətlif formatlı görüşlər keçirib.
Sumqayıtda 8 saylı yataqxanada el ağsaqqalı Fikrət Həsənovun evində qonaq olan N.Ələsgərova onun xeyr-duasını alıb. Görüşdə yataqxanada məskunlaşan Zəngilan və Qubadlı sakinləri də iştirak edib.
Sumqayıt şəhərində yerləşən Zəngilan rayon 15 nömrəli tam orta məktəbinin qarşısında kütləvi görüşlərin birində çıxış edən İkinci Qarabağ savaşının şəhidi, mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, antiterror əməliyyatları zamanı şəhid olan Zamin Abbasovun anası Sevda Abbasova deputatlığa namizədə dəstəklərini ifadə edərək ona uğurlar arzulayıblar.
Seçiciləri ilə səmimi söhbət edən N.Ələsgərova bölgə əhalisinin problemlərinin ona tanış olduğunu bildirib. Qeyd edib ki, deputat seçiləcəyi təqdirdə, hər bir seçici ilə həm daimi fəaliyyət göstərən qərargahı vasitəsilə, həm “Qaynar xətt”, həm də virtual platformalar üzərindən birbaşa əlaqə saxlayacaq.
“Bölgənin hərtərəfli inkişafına dəstək olmaq, sakinlərin rifahını daha da yaxşılaşdırmaq üçün sahibkarların iştirakı ilə Fond təsis etmək niyyətindəyik. Bu Fond vasitəsilə qarşılaşacağımız problemləri asanlıqla həll edəcəyimizi düşünürəm”, - deyə N.Ələsgərova bildirib.
Görüşlərdə seçki platforması barədə məlumat verən deputatlığa namizəd seçiləcəyi təqdirdə seçicilərilə dövləti arasında etibarlı körpü olacağını, onları narahat edən məsələləri diqqətdə saxlayacağını, var qüvvəsilə problemlərin həllinə çalışacağını bildirib.
Həm “qapı-qapı”, həm də kütləvi görüşlərdə seçicilər qarşılarında gənc və istedadlı, ictimai fəal, xüsusən də xanım namizədi görməkdən məmnunluqlarını ifadə ediblər.
N.Ələsgərovanın seçicilərlə görüşləri davam edir.
Nigar Ələsgərovanın tərcümeyi-halı: //nigaralasgarova.az/tercumeyi-hal/
Bizim.Media