“Biz bu məsələyə öz nöqteyi-nəzərimizdən yanaşırıq. Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin bu eyni zamanda bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki ABŞ-nin birinci şəxsi tərəfindən verilən qərarlardan bir çox xalqların taleyi asılıdır”.
Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
MÖVZU İLƏ BAĞLI:
Şuşada II Qlobal Media Forumu keçirilir, İlham Əliyev Forumda çıxış edir - VİDEO
Dövlətimizin başçısı Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın bu ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkiləri ilə bağlı fikri və namizəd seçimi ilə bağlı sualına cavabında qeyd edib ki, birmənalı cavab vermək düzgün olmazdı:
“Çalışıram ki, hər zaman maksimal dərəcədə səmimi fikirlərimi ifadə edim. Ancaq siyasi mədəniyyət anlayışı sizin suala birbaşa cavab verməyə imkan yaratmır. Amma bilirəm ki, sualınız ritorikdir, biz bir-birimizi onillərdir tanıyırıq. Siz də yaxşı bilirsiniz ki, mən kimə üstünlük verərdim. Düşünürəm ki, Azərbaycanda bu mövqedə olan yeganə şəxs mən deyiləm.
Əsas tezislərdən birini Prezident Tramp davam edən kampaniya çərçivəsində səsləndirmişdi ki, müharibələr olmasın. Onun dövründə Koreya, Vyetnam, Əfqanıstan, Liviya, Suriyada müharibələr olmayıb və bu siyahı davam edə bilər. Düşünürəm ki, buna hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Ənənəvi dəyərlərə dair çox bariz mövqe. Düşünürəm ki, Azərbaycan xalqı bu mövqeni nəinki paylaşır, fəal şəkildə onu təbliğ edir. Mən daha dərinə getsəm, çox aydın olacaq. Odur ki, fikrimi bununla yekunlaşdırım”.