Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demirin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə Müdafiə Sənayesi Komitəsi, “STM”, “ROKETSAN”, “HAVELSAN” şirkətlərinin və “ASELSAN-Bakı” ofisinin rəhbər heyətlərini salamlayan müdafiə naziri ölkələrimiz arasında ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini və bu əlaqələrin daha da genişlənməsində dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin böyük rol oynadığını qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycan və Türkiyə Ordusu Qarabağda birlikdə xidmət çəkə bilərlər" - Türk general DANIŞDI
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi-texniki əməkdaşlığının aktual məsələləri müzakirə edilərək, müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, xüsusilə də Vətən Müharibəsində əldə edilən döyüş təcrübəsi nəzərə alınmaqla, iki ölkə arasında yeni birgə layihələrin həyata keçirilməsi yolları müəyyən edilib.
Bildirilib ki, əsas diqqət qoşunlarımızın texniki təchizatının daha da gücləndirilməsinə yönəldiləcək.
Azərbaycan Ordusunun dünyanın ən müasir silah və hərbi texnikası, o cümlədən, qabaqcıl informasiya texnologiyaları ilə təchiz edilmiş, geniş rabitə sistemlərinə malik peşəkar ordu kimi inkişaf etdirilməsi qoşunlarımızın gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.
Bizim.Media