Tarixin seyrini dəyişən QARDAŞLIQ – Türk dünyası vahid gücə ÇEVRİLİR – TƏHLİL 

Tarixin seyrini dəyişən QARDAŞLIQ – Türk dünyası vahid gücə ÇEVRİLİR – TƏHLİL 

Hazırda oxunan: Tarixin seyrini dəyişən QARDAŞLIQ – Türk dünyası vahid gücə ÇEVRİLİR – TƏHLİL 

196163

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə görüş keçirib. Bu görüşdə Azərbaycan lideri bır sıra vacib məqamlara toxunub. 

“Mən əminəm gün gələcək ki, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll edəcəklər. Yəni, biz ancaq xoş niyyət göstəririk”, - deyə Dövlət başçısı bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident: “Gün gələcək, dünyanın bütün məsələlərini Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşərək həll edəcəklər"


Azərbaycan Prezidenti əminliklə bəyan edib ki, Şuşa Zirvə görüşü bu istiqamətdə önəmli addım olacaq:

“Orada həm birliyimiz nümayiş etdiriləcək, həm də konkret məsələlər müzakirə olunacaq, - dövlət başçıları, parlament sədrləri, vətəndaş cəmiyyəti, cəmiyyətin bütün təbəqələri birgə səylərlə bir nöqtəyə vurmalıdırlar ki, Türk dünyası güclənsin”.

Xəyallar gerçəkləşir. 

Bu ideyanınsa uzun bir tarixi var. Hələ 120 il bundan qabaq bu çağırışlar vardı. Bir zamanlar görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə yazırdı ki, “Gəlin Türk qanlı, İslam imanlı, Turan dövlətli və firəng (fransız) qiyafəli (fikirli) olaq”.

Lakin, o zaman Vatikan-anqlo-sakson birliyi bu ideyanı beşiyindəcə boğdu. Bu işdə bolşevik Rusiyasının da müstəsna rolu oldu. Çar Rusiyası dağılandan sonra Türk dövlətlərinin birləşmə imkanı yarandı. Lakin Rusiya ilə iş birliyinə gedən ABŞ, Fransa və Böyük Britaniya buna imkan vermədi. 

Bu məqsədlə Qacarların hakimiyyətinə son verildi, yeni fars dövləti yaradıldı. Bundan öncə isə Azərbaycan ərazisində Ermənistan dövləti yaradıldı. Məhz bu addımlarla Türkiyənin Azərbaycanla birbaşa əlaqələri kəsildi. Çünki hər kəs bilir ki, Azərbaycan Türk dünyası arasında unikal körpü və birləşdirici qüvvədir. Ona görə də 100 il qabaq Böyük Turan ideyası gündəmdən çıxarıldı.

SSRİ-nin dağılmasından sonra Turan birliyinin yaradılması üçün müəyyən təşəbbüslər oldu. 

1992-ci ildə Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat (TÜRKSOY)  yaradıldı. Bu təşkilatın əsas missiyası ilkin mərhələdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları arasında mədəni əlaqələri qurmaq, daha sonra ortaq türk lüğəti, ortaq türk televiziyası və mətbuat orqanları yaratmaq idi. Qeyd edək ki, bu qurum 2009-cu ildə Bakıda keçirilən zirvə görüşündə təsis edilib.

Hazırda bu təşkilat TDT adlanır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan təşkilatın daimi üzvüdür. Türkmənistan, Macarıstan və Pakistansa müşahidəçi qismində təşkilatda təmsil olunur.

Böyük Turan  dünyası dedikdə qarşımızda 22 milyon kv.kilometrlik bir bölgə olduğunu görə bilərik. Amerikanın 9, Avropanın isə 6 milyon kv.kilometr olduğunu nəzərə alsaq, yaşadığımız bölgənin necə böyük  bir nüfuza sahib ola biləcəyini təsəvvür etmək çətin deyil. Asiyanın ölçüsü 44 milyon kv.kilometrdir. Bu isə o deməkdir ki, bölgəmiz Asiyanın yarısı qədərdir.

Bütün sərvətlərlə zəngin coğrafiya

Dünyada məlum olan 100 faizlik dəmir ehtiyatlarının 40 faizi sözügedən regionda yerləşir.  Bundan başqa, türklərin məskunlaşdığı ərazilər təbii qaz, neft, yanacaq, kömür ehtiyatları ilə ən zəngin bölgə sayılır. Fosforit, qızıl, gümüş, almaz, briliant ehtiyatlarının yarıdan çoxu da məhz Türk dünyasının payına düşür. Onların illik istehsalı 600 min tondur. Qaz hasilatı isə 750 milyard kubmetr təşkil edir. Bölgə ildə 165 milyon ton polad istehsal edir. Dünyadakı meşələrin üçdə biri buradadır. 

Bölgədə 150 min kilometr uzunluğunda dəmir yolu mövcuddur. Bundan başqa, təkcə Qazaxıstanda 150 min kvadrat kilometr avtomobil yolu və 14 min kilometr dəmir yolu var. Söhbət həm də illik 1,7 trilyon, yəni Türkiyədən 25 dəfə çox elektrik enerjisi istehsal edən bir regiondan gedir.

Hansı dövlətlər Türk dünyasına can atır?

Maraqlıdır ki, Pakistan, Rusiya və bəzi Avropa dövlətləri də TDT-yə ciddi maraq göstərir. Ona görə də son zamanlar Böyük Turan məsələsi aparıcı dövlətlərin o cümlədən, Rusiya ictimai fikrinin əsas müzakirə mövzusuna çevrilib.

Təsadüfi deyil ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov müsahibələrinin birində bildirmişdi ki, Azərbaycanın və digər ölkələrin (yəni keçmiş SSRİ-nin türkdilli respublikalarının) xarici siyasətinin bütün praktiki fəaliyyəti öz milli dövlətlərinin möhkəmləndirilməsinə yönəlib:
“Bu məsələdə Türkiyənin öz maraqları var və bu da onunla eyni dildə danışan soydaşlarıdır. Türkdilli münasibətlər mövzusu Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın bəzi ölkələri ilə münasibətlərinə kifayət qədər dərindən hopub. Rusiya da bir dövlət olaraq türk dövlətləri ilə münasibətlərin dərinləşməsində maraqlı olub. Bu gün Rusiyanın əsas tərəfdaşları sırasında Türk dövlətləri öncül yerləri tutur”.

Azərbaycan Böyük Turan ideyasında əsas aktordur.

Bir sıra dövlətlər Turan  Birliyindən çox ehtiyatlanır. Ona görə də həmin dövlətlər hər vasitə ilə çalışır ki, Cənubi Qafqazda davamlı münaqişə olsun. Çünki Azərbaycanın Böyük Turan ideyasında əsas söz sahiblərindən biridir. Obrazlı şəkildə desək, Türkiyə Böyük Turanın düşünən beyni, digər türk dövlətləri bu nəhəng orqanın digər vacib üzvləridirsə, Azərbaycan onun döyünən ürəyidir. 

Azərbaycanın bu məsələdə öz vacib statusunu artıq çoxdan sübut edib. Bu istiqamətdə Azərbaycan öz müqəddəs missiyasını uğurla həyata keçirir. Yaxın günlərdə Şuşada TDT liderinin görüşünün keçirilməsi də bu müqəddəs ideyanın bir hissəsidir. 

Nəzərə alaq ki, artıq dünya dövlətləri reallıqla barışır. 

Rusiya bu gün TDT-yə təkcə iqtisadi müttəfiq kimi yox, həm də ayaqda qalmaq üçün istinad nöqtəsi kimi baxır. İran da daha əvvəlki kimi aqressiv deyil. İş o yerə çatdı ki, Türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinə alternativ yol üçün İran öz ərazisindən yol verdi. 

Qonşu Gürcüstan da Qərbə daha əvvəlki kimi ümid yeri kimi baxmır. Təsadüfi deyil ki, Baş nazir seçiləndən sonra ABŞ-a səfərdən imtina edən İrakli Kobaxidze ilk rəsmi səfərini Azərbaycana, daha sonra isə Türkiyəyə etdi. Bu da onu göstərir ki, qlobal problemlər daha əvvəlki kimi Qərbdə həll olunmur. Artıq regionumuzda yeni qlobal güc mərkəzi formalaşır. Bu isə Türk dünyasıdır...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO