Artıq 8 aydır ki, İsraillə Fələstin arasında aramsız müharibə davam edir. Ötən dövrdə döyüşlərdə İsrail nisbi üstünlük qazansa da, mütləq qalib yoxdur. Görünən odur ki, bu qanlı müharibə hələ bir müddət də davam edəcək.
Ənənəvi olaraq bu dəfəki İsrail-Fələstin qarşıdurması da nəticəsiz başa çatacaq. Daha doğrusu, münaqişə yenidən dondurulacaq. Ancaq o günə kimi hər iki dövlətin ayaqda qalması lazımdır.
İsrail Mərkəzi Bankının rəhbəri Əmir Yaron Qəzza zolağında davam edən müharibənin müdafiə xərcləri, mülki ehtiyaclar və itirilmiş vergi gəlirləri daxil İsrailə 253 milyard şekelə (67 milyard dollar) başa gələcəyini açıqlayıb.
Mərkəzi Bankın rəhbəri bu qədər vəsaitin hansı müddətə xərclənəcəyini deməyib. Amma məlum olan odur ki, İsrailin 2024-cü ildəki dövlət büdcəsi 15 milyard dollardır.
Nəzərə alaq ki, bu məbləğə ordu, polis və müharibədən zərər çəkənlərə təzminat və digər xərclər də daxildir.
Bütün bunlara rəğmən İsrail rəsmisinin dediklərindən aydın olur ki, müharibəyə çəkilən xərc illik büdcə xərclərindən ən azı 4 dəfə çox olacaq.
Bəs bu qədər maddi və çoxsaylı insan itkisi müqabilində İsrailin müharibədən qazancı nə olacaq?
Əminliklə demək olar ki, heç nə. Çünki, İsraillə Fələstin arasında münaqişə əsrlər boyu davam edib. Son 77 ildə isə daha qanlı mərhələyə qədəm qoyub. Amma münaqişələrin olmadığı illər və hətta əsrlər də olub. Bu da həmin ərazilərin türklərin nəzarətində olduğu dövrə təadüf edir.
Qeyd edək ki, uzun illər bu ərazilər Osmanlı İmperiyasının nəzarətində olub.
O zamanlar Qəzzada qanlı toqquşmalar çox nadir hallarda olurdu və lokal xarakter daşıyırdı. Lakin yəhudilər hər zaman Qüdsə can atıblar. Onlar Qüdsü öz təbirlərincə Yerusəlim adlandırırlar. Yəhudilərin ən böyük arzuları Yerusəlimi İsrailin paytaxtı kimi görməkdir.
Lakin 600 ilə yaxın dövrdə Osmanlı İmeriyası yəhudilərin bu arzusuna qarşı çıxıb. Hətta ən ağır zamanlarda belə osmanlılar yəhudilərə meydan verməyib. Yada salaq ki, XIX əsrin sonunda Osman İmperiyası çətin iqtisadi duruma düşmüşdü. Xarici borclar idarəolunmayacaq səviyyəyə çatmışdı. Belə bir zamanda yəhudilər dövriyyəyə girir.
MASSON-nun yaradıcısı və ilk lideri Teodar Hers İstanbula gəlib Sultan Abdulhəmidlə görüşür. Görüş zamanı Hers Osmanlı sultanına təklif edir ki, Qüds və ətraf ərazilərdə yəhudilərin məskunlaşmasına icazə versin:
“Əvəzində, biz də Osmanlının bütün xarici borclarını bağlayaq”.
Lakin Sultan Abdulhəmid bu təkliflə razılaşmır. Yəhudilərin kompakt və müvəqqəti yaşaması indiki İraqın şimal hissəsində böyük bir ərazi təklif edir. Lakin yəhudi lider bununla razılaşmır. Bu dəfə dövriyyəyə terrorçu ermənilər girir. 1905-ci ildə Cümə namazından çıxan Sultan Abdulhəmidə sui-qəsd edilir. Lakin təsadüf nəticəsində sultan sağ qalır.
Osmanlıların 600 il sülh yaratdığı Qəzzada Qərb niyə sülh yarada bilmir?
Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsində məğlub olmasından sonra Böyük Britaniya Fələstin kimi tanınan əraziyə nəzarəti ələ keçirdi. O zaman bu ərazilərdə yəhudilər azlıq, ərəblərsə çoxluq təşkil edirdi. Bir müddət sonraisə beynəlxalq ictimaiyyət Böyük Britaniyaya Fələstində yəhudi xalqı üçün “milli ev” yaratmaq tapşırığını verdi. Bundan sonra iki xalq arasında gərginlik yenidən artdı.
İngilislər açıq şəkildə yəhudilərə dəstək olmağa çalışırdı. Təsadüfi deyil ki, 1917-ci ildə Britaniyanın o zamankı xarici işlər naziri Artur Balfourun adıyla bağlı olan “Balfour Bəyannaməsi”ndə yəhudilərə böyük imtiyazlar verilirdi.
1922-ci ildə Birləşmiş Millətlər Təşkilatının sələfi olan, yeni yaradılmış Millətlər Liqası tərəfindən təsdiq edilən həmin sənəddə Fələstin yəhudilərin ata-baba yurdu kimi göstərilib. Bu qərardan sonra silahlı münaqişələr yenidən qızışdı. Münaqişələrlə paralel yəhudilərin bölgəyə axını gücləndi. 1920-1940-cı illər arasında oraya yüz minlərlə yəhudi gəldi.
BMT-nin yanlış, yoxsa məqsədli qərarı?
1947-ci ildə BMT-də Fələstinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə və Qüdsün (Yerusəlimin) BMT nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verildi. Halbuki, BMT-nin hansısa dövlətin sərhədlərini müəyyən etmək və yaxud dəyişmək kimi bir səlahiyyəti yoxdur.
Bununla belə BMT-nin aparıcı üzvləri olan xristian dövlətləri qurum adından belə bir qərarın verilməsinə nail oldular. Bu azmış kimi BMT və Qərb dövlətləri məlum qərardan sonra qısa zamanda bu ərazilərə dünyanın müxtəlif yerlərindən 1 milyondan artıq yəhudi köçürülməsinə dəstək oldu.
Ən qəribəsi də odur ki, BMT-nin qərarından az sonra ingilislər müəmmalı şəkildə 1948-ci ildə bölgədən geri çəkildi. İngilislərin gedişindən dərhal sonra İsrail dövlətinin yaradıldığı elan edildi. İsrail dövlətçiliyini elan etdikdən cəmi bir gün sonra beş ərəb ölkəsi ona qarşı müharibəyə başladı. Nəticədə İordaniya İordan çayının Qərb sahili kimi tanınan əraziləri, Misir isə Qəzzaya nəzarətinə keçirdi.
Göründüyü kimi, BMT-nin 1947-ci ildəki məlum qərarı Yaxın Şərqdə sonu görünməyən bir münaqişəyə yol açdı.
Maraqlıdır ki, Qərb Qüds məsələsində hər zaman ikili oyun oynayıb.
Sözdə Qərb Qüdsü İsrail ərazisi kimi tanısa da əməldə yəhudilərin bir dövlət kimi formalaşıb inkişaf etməsinə isti baxmayıb. Əslində fələstinlilər Qərbin yəhudilərin başı üzərində asdığı “Domokl qılıncı”dır. Zaman-zaman Qərb bu qılıncdan yetərincə faydalanıb. Ən başlıcası qüdrətli yəhudi dövlətinin qurulmaması üçün Qərb fələstinlilərdən və bir sıra terror təşkilatının imkanlarından lazımınca bəhrələnib.
Tərəflər arasında növbəti qanlı müharibə 1967-ci ildə başlayıb. Bu müharibədə İsrail Şərqi Qüdsü və İordan çayının qərb sahilini, həmçinin Suriyanın Qolan təpələrinin çoxunu, Qəzzanı və Misirin Sinay yarımadasını işğal etdi. Həmin müharibədən qaçan fələstinlilər Qəzzada və İordan çayının qərb sahilində, eləcə də qonşu İordaniya, Suriya və Livanda məskunlaşdı.
Bu günə kimi İsrail höküməti həmin qaçqın ailələrinin öz dədə-baba ocaqlarına qayıdışına imkan vermir. Əvəzində son 50 ildə İsrail İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 700 mindən çox yəhudinin yaşaması üçün qəsəbələr salıb. Maraqlıdır ki, BMT və bir sıra dövlətlər bu əraziləri yəhudi torpaqları hesab etmir.
Təzadlı yanaşmalar
Göründüyü kimi, İsrail-Fələstin münaqişəsində BMT-nin və aparıcı dünya dövlətlərin vahid mövqeyi yoxdur. Məsələn, ABŞ, Avropa Birliyi və digər Qərb ölkələri İsraili dəstəkləyir. Tək bir faktı deyək ki, son 75 ildə ABŞ yəhudi dövlətinə 260 milyard dollardan çox hərbi və iqtisadi yardım edib. Bu gün də hərbi və siyasi yardımını əsirgəmir.
Amma bununla belə ABŞ əsrlər boyu davam edən bu qanlı münaqişənin sona çatması üçün heç bir təşəbbüs göstərmir. Üstəlik, ABŞ və bir sıra Qərb ölkələri İsraili, ictimaiyyət və QHT-lərsə fələstinliləri dəstəkləyir.
Dünyanın digər supergücü Rusiya və Çin isə birmənalı şəkildə Fələstinin yanında dayanır. Maraqlıdır ki, bu iki dövlət bu günə kimi HƏMAS-ı qınamaqdan belə imtina edib. Amma sözdə münaqişə tərəflərini sülhə dəvət edirlər.
Bu da onu göstərir ki, Qüds yəhudilər və müsəlmanlar üçün müqəddəs ünvandan daha çox qlobal güclərin maraqlarının toqquşduğu bir məntəqədir. Ona görə də bu bölgəyə yaxın zamanlarda sülhün gələcəyi heç inandırıcı görünmür. Bundansa ən böyük zərər görən İsraillə Fələstin olacaq.
Surxay Atakişiyev, Bizim.Media