İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin birinci iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidentinin Köməkçisi Cevdet Yılmaz mərasimdə çıxış edib.
“Biz Türk Dövlətləri Təşkilatını regionumuzun sülh və sabitliyinə xidmət edir deyə, xalqımızın iqtisadi və sosial standartlarını yüksəldəcək və əhəmiyyətli töhfələr verəcək ailə şuramız olaraq görürük”, - deyə C.Yılmaz vurğulayıb.
TDT-nin baş katibi səfir Kubaniçbek Ömuraliyev fərqli və dərin köklərə malik türk ailə dəyərlərinin nəsillərə ötürülməsi və qorunub saxlanmasının vacib olduğunu bildirib. O, bu tarixi görüşün türk birliyini yeni səviyyələrə daşıyacağına inandığını diqqətə çatdırıb.
Türkiyə ailə və sosial siyasət naziri Mahinur Özdemir Göktaş çıxışında əsrlər boyu türklərə vətən olan Anadoluda qonaqlarını qəbul etməkdən xoşbəxt olduğunu ifadə edərək, bu mənada Türk Dövlətləri Təşkilatının mühüm faktor olduğunu qeyd edib: “Biz eyni tarixi və mədəniyyəti paylaşırıq və 15 il əvvəl Naxçıvanda təməli atılan TDT dünyada diqqətlə izlənir”.
Xanım nazir təhsildən enerjiyə, nəqliyyatdan ticarətə, mədəniyyətdən sosial siyasətə qədər hər sahədə qurulan işbirlikləri ilə bölgəmizin sülh və sabitliyinə mühüm töhfələr verdiyini və əsas rol oynadığını diqqətə çatdırıb: “Təşkilatımızın çətiri altında birlikdə Türk dünyasının ortaq maraqlarına xidmət edirik”.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxış edib.
O, TDT daxilində əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi, bu sıraya ailə və sosial siyasət mövzusunun daxil edilməsilə kollektiv səyləri və müxtəlif əhali qruplarına xidmət sahələrini hədəfləyən mövzularda tərəfdaşlığın gücləndirilməsinin dəstəkləndiyinə diqqət çəkib.
“Bəyan etdiyimiz əsil birliyə nail olmaq üçün qloballaşan dünyanın risklərinə qarşı birgə dayanmaq, ortaq dəyərlərimizi şərəfli tarix və mədəni irsimizi qorumaq ən böyük və ən mühüm vəzifəmizdir”- deyə sədr əlavə edib.
Həmçinin, 2009-cu ildə “Naxçıvan Sazişi”nə əsasən yaradılmış Türk Dövlətləri Təşkilatının yalnız regional deyil, həm də daha geniş ərazi və ölkələrin maraq dairəsində olan çoxtərəfli əməkdaşlıq formatı kimi nüfuz qazandığını vurğulayan Komitə sədri, qurucu ölkələrdən biri kimi Azərbaycanın üzv və müşahidəçi ölkələrlə birgə məqsəd və qarşıdakı hədəflər uğrunda çalışdığını da vurğulayıb.
Bizim.Media