Məlum olduğu kimi aprelin 13-də İran İsrailə hava zərbələri endirmişdi. Hadisən həmən sonra İsrail bəyan etdi ki, 48 saat ərzində İrana layiqli cavab veriləcək. Lakin deyilən vaxtdan 48 saat keçsə də, İsrail İrana qarşı heç bir əməliyyat keçirtmədi.
Nəhayət aprelin 19-da gecə İsrail İrandakı qeyri-müəyyən obyektə raket zərbəsi endirib. İranın “Fars” agentliyi yazıb ki, nəticədə İranın mərkəzində yerləşən İsfahan əyalətində partlayış baş verib.
Daha sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) öz “X” hesabında məlumat yayıb ki, İranın nüvə obyektlərinə zərər dəyməyib. Göründüyü kimi İranın İsrailə hücumu itkisiz ötüşdüyü kimi İsrailin cavab tədbiri də kəsərsiz oldu.
“Hücumların” bu qədər kəsərsiz olması xeyli sual doğurur?
Belə çıxır ki, həm İran, həm də İsrail bir-birinə zərər vermək üçün yox, sadəcə gündəm formalaşdırmaq üçün bu tip “hücumlar” təşkil edir. Burda ikinci ehtimal da var. Bu da ondan ibarətdir ki, həm İranın, həm də İsrail ordusunun deyildiyi qədər peşəkar deyillər. Yoxsa atılan raketlərdən qarşı tərəf hansısa ciddi itki ilə üzləşmiş olardı.
Amma bu ehtimalın doğruluğu daha azdır. Tərəflərin bir-birinə “hücum”un siyasi oyunbazlıq olma ehtimalı daha çoxdur. Nəzərə alaq ki, İran İsrailə hücum edəcəyini 12 gün, İsrailsə 5 gün reklam etdi. Hərbidən az-çox başı çıxan adam bilir ki, heç bir qüvvə qarşı tərəfə hücumla bağlı məlumat ötürmür. Hücum planı gizli saxlanılır. Amma son 20 gündə İsrail-İran qarşıdurmasında biz hansısa sirr görmürük. Hər iki tərəf danışır, hərbə-zorba gəlir.
Ortada isə heç nə yoxdur.
Bu da onu göstərir ki, həm İsrail, həm də İran kimlərinsə ssenarisi və göstərişi ilə ortaya düşüb, gündəm yaratmaq istəyir. Əslində o “kimsə” də məlumdur. Bu fövqəlgüc ABŞ-dır. Səbəbsə məlumdur. Amerikalılar zaman-zaman dünyanın müxtəlif regionlarında münaqişə törədirlər. Sonra da həmin münaqişə ətrafında uzun müddətli çirkin planlar qurub münaqişə tərəflərinin maddi-mənəvi sərvətlərini daşıyıb okeanın o tayına aprırlar.
ABŞ Ukrayna-Rusiya münaqişəsindən geri çəkilir.
Çünki bu münaqişə hesabına ABŞ bir çox istəklərinə nail oldu. İlk növbədə Rusiyanı zəif saldı, onun fövqəlgüc olmaq imkanlarını xeyli dərəcədə azaltdı. Bu gün Rusiya artıq hansısa beynəlxalq münaqişəyə və məsələyə reaksiya vermək imkanlarından çox-çox uzaqdır.
Vaşinqtonun bu münaqişədə ikinci planı Avropa İttifaqının ABŞ-a qarşı iqtisadi müqavimətini qırmaq idi. Buna da böyük ölçüdə nail oldu. Tək bir faktı deyək ki, son 2 ildə dollarla müqayisədə avro 10-15 faiz dəyər itirib. Bundan başqa, Aİ üzvü olan bütün dövlətlər çətin iqtisadi tənəzzülə məhkum edilib.
Avropa ölkələrinin bir çoxu tarixlərinin ən ağır iqtisadi böhranını yaşayırlar. Ən əsası bu müharibə hesabına ABŞ Aİ-ni yenidən öz idarəçiliyinə qaytardı. Bundan sonra çətin ki, hansısa Avropa dövləti liderlik iddiasına düşsün və ABŞ-a əzələ göstərsin. Bax, 2 illik Ukrayna-Rusiya müharibəsində ABŞ bu qədər böyük uğura imza atıb. Bundan əlavə, NATO birbaşa ABŞ-ın nəzarətinə keçib. Bu da son illərdə amerikalıların qazandığı uğurlardan biridir.
Diqqət Yaxın Şərqə yönəlib
Yaxın Şərq hər zaman dünyanın ən həssas bölgəsi olub. Bu bölgə bir növ ipi çəkilmiş bombaya bənzəyir. Sanki hansısa anda partlayacaq. Amma ABŞ istəmədikcə Yaxın Şərqdə böyük müharibə ola bilməz. Görünənsə odur ki, Vaşinqton bu bölgədə müharibənin başlamasına “ok” verib.
Əgər Rusiya-Ukrayna müharibəsində ABŞ-ın maşası Ukrayna və bəzi Avropa dövlətləri idisə, Yaxın Şərqdə bu İsrail və İrandır.
Baxmayaraq ki, hər iki dövlət üzdə bir-birini düşmən elan edib. Fakt isə odur ki, həm İran, həm də İsrail Ağ Evdə yazılan ssenariyə uyğun hərəkət edir.
Hazırda İsraillə İranın məqsədi bir-biri ilə vuruşmaq deyil. Məqsəd odur ki, iki ölkə arasında olan bir çox dövlətlər süni şəkildə yaradılan münaqişələrə cəlb edilsin. Bu ölkələr sırasına 10-a qədər ərəb dövləti və Türkiyə daxildir.
Çünki Türkiyə kimi BƏƏ, Küveyt, Səuaiyyə Ərəbistanı, Qətər və digər ölkələr son dönəmdə iqdisadi cəhətdən xeyli gücləniblər. Artan iqtisadi gücsə ən azından regional güc formalaşdırır. ABŞ da məhz bu regional gücləri sıradan çıxarmaq üçün Yaxın Şərqdə böyük müharibə başlatmaq istəyir.
Bir anlığa diqqət edək. Həm İsrailin, həm də İranın atdığı raketlər nə təsadüfdürsə üçüncü ölkənin ərazisinə düşür. İsrail hətta açıq şəkildə Livan, İordaniya, Suriya və Omana raket zərbələri endirir. İranın atdığı raketlər də bu ölkələrin ərazisinə düşür. Deməli, ilk növbədə bu ölkələri münaqişəyə cəlb etmək istəyirlər.
Daha sonra isə müharibə qığılcımı digər region ölkələrinə düşəcək. Beləcə, çox böyük iqtisadi imkanlara və zəngin karbohidrogen ehtiyatlara sahib ölkələr amansız müharibənin ortasına düşə bilər. Bundan sonra da həmin ölkələri müharibə cəhənnəmindən qurtarmaq üçün ABŞ öz şərtlərini irəli sürəcək. Bu şərtlərlə razılaşan ölkələr tədricən oyundan çıxarılacaq. ABŞ-a əzələ göstərmək istəyən ölkələr isə müharibə əzabları ilə baş-başa qalacaq.
Müharibə olmaya da bilər.
Bu hal da istisna edilmir. Əgər adını çəkdiyimiz və çəkmədiyimiz ölkələr yaxın zamanda Ağ Evlə gizli sövdələşməyə getsə, Yaxın Şərqdə müharibə başlamayacaq. Ən azından bu plan müəyyən müddətə təxirə salınacaq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:40 / 20.04.2024
İran-İsrail münaqişəsinin ƏSAS HƏDƏFİ – Hansı ölkələr qurbana çevriləcək?
Hazırda oxunan: İran-İsrail münaqişəsinin ƏSAS HƏDƏFİ – Hansı ölkələr qurbana çevriləcək?
Hazırda oxunan: İran-İsrail münaqişəsinin ƏSAS HƏDƏFİ – Hansı ölkələr qurbana çevriləcək?
187973
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.