Dünən mətbuatda sabiq MTN generalı Eldar Mahmudovun istintaqa cəlb olunması haqqında yayılan xəbərlər onu göstərdi ki, “MTN işi” çərçivəsində aparılan proseslər hələ uzun müddət davam edəcək. Bunlar sadəcə, 6 ildə ortaya çıxarılan faktlar, cinayətlər hələ də aysberqin görünən tərəfləridir.
Keçmiş MTN rəhbərinin istintaqa cəlb olunmasının bir səbəbi kimi bu ilin aprel ayının əvvəlində həbs olunan MTN generalları - nazirliyin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev və Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin rəhbəri Nizami Şirinov ilə bağlı olduğu deyilir. Eldar Mahmudovun adamlarının tutulmasına baxmayaraq, 6 ilə yaxındır ki, o, hələ də məsuliyyətdən yayına bilir.
Çünki, bir neçə dəfə istintaqa çağırılsa da hələ də azadlıqdadır. Bu nə ilə bağlıdır, yetərli sübutlar yoxdur, yoxsa başqa səbəb var?
MÖVZU İLƏ BAĞLI:
Eldar Mahmudov istintaqa çağırılır – “HƏBSİ ÜÇÜN ƏSASLAR VAR”
Bəlkə Mahmudov vaxtında çox “ağıllı” davranıb sübutları ətraf insanların "ayağına" yazdırıb və özü hadisələrdən süddən ağ qaşıq kimi çıxıb?
Bəlkə son generalların həbsi ilə onun çevrəsi daralır?
Akif Çovdarov və Sübahir Qurbanov COVİD-19 bəhanəsi ilə azad oldular
ABŞ-da yaşayan politoloq Ərəstun Oruclu Bizim.Media-ya açıqlamasında bildirib ki, məntiqlə 20 nəfərdən çox yüksək vəzifəli əməkdaşı həbs olunan nazirliyin rəhbəri -yəni nazir Eldar Mahmudov özü də istintaqa çoxdan cəlb olunub, mühakimə edilməli idi. Ancaq bu nədənsə baş vermir.
Onun sözlərinə görə, bəzi səbəblər Mahmudovun həbs olunmamasına şərait yaradır. “Eldar Mahmudov bütün cinayət əməllərini vəzifəyə gətirdiyi əlaltılarının əli ilə törədib. Onalrın da bir çoxu, mütləq əksəriyyəti Mahmudova qarşı ifadə vermədilər. Hətta bəziləri ifadə vermədikləri üçün azad olundular.
Mən ilk növbədə Akif Çovdarovu və Sübahir Qurbanovu nəzərdə tuturam ki, hansılar ki, COVİD-19 bəhanəsi ilə azad olundular. Digər səbəb isə E.Mahmudovun vaxtilə Azərbaycanı xarici ölkələrin kəşfiyyat qurumları üçün faktiki olaraq karvansaraya çevirməsi olub.
Onun dönəmində ölkədə xarici kəşfiyyat o qədər sərbəst fəaliyyət göstərirdi ki, hətta keçmiş MTN onlara bu işdə yardım edirdi. Keçmiş nazir bununla Azərbaycanın milli təhlükəsizliyinə, suverenliyinə ağlasığmaz zərbə vurub. Təbii ki, hazırda da xarici havadarları onu müdafiə edirlər. Çünki Mahmudov bütün sirrləri açıb ortaya tökə bilər”.
MTN-nin İstintaq təcridxanasının işgəncə maşını
Politoloq Mahmudovun məsuliyyətə cəlb olunmamasının 3-cü səbəbi kimi isə onun əlində küllü miqdarda ifşaedici materialların olması ilə bağlayır. Oruclu Mahmudovun bütün qaydaları, xüsusi xidmət orqan etikasını, ənənələrini pozaraq həmin orqanı faktiki olaraq bir cəza aparatına çevirdiyini vurğulayıb:
“Çünki, keçmiş MTN başçısı insanları təhrif, şantaj edərək susdurmaq və digər məqsədlər üçün əlində yüzlərlə, minlərlə ifşaedici materiallar topladı. Bu sənədlərdən tutmuş müxtəlif intim həyata dair səs qeydləri, yazılar, videogörüntülər və.s. idi. Təbii ki, bunlar da nəticələrini bu gündə göstərməkdədir.
Onun cəzasız qalmasının digər səbəbi isə hələ də hakimiyyət daxilində müəyyən dayaqlarının olmasıdır.Yəni dayaqlar dedikdə mən deməzdim ki, onun sadiq tərəfdaşları var. Onlar əsasən hansısa səbəbə görə ondan ehtiyatlanıb, qorxanlar və yaxud da hakimiyyət daxilindəki çəkişmələrdə ona ümid bəsləyənlərdir.
Təbii ki, bunu heç kim açıq şəkildə etmir. Ancaq hər bir halda bunun da onun həbs olunmamasına təsiri var. Halbuki, o, törətdiyi əməllərin hələ yarısına görə azı 3 ömür cəza almalı idi. Məsələn Mövlan Şıxəliyev ittiham olunduğu maddələrə baxdıqda, onun törətdiyi cinayətlərin tam öz əksini tapmadığını görmək olur.
Məsələ burasındadır ki, M.Şıxəliyev MTN-nin İstintaq təcridxanasını faktiki olaraq bir işgəncə maşınına çevirmişdi. Həmin təcridxanada işğəncələrdən ölənlər olub. İşgəncədən ölənlərin ailələri o şəkildə təhdid olunurdu ki, bu günə qədər bunların hələ bir neçəsi səsini belə çıxarmayıb.
“Səid Dadaşbəylinin dəstəsi” deyilən həmin o saxta məşhur işdə həbs olunanlardan biri Emil Məmmədov işgəncələrdən öldü. M.Şıxəliyevin isə bu cinayətdə adı hallanılmır. Halbuki o, birbaşa cinayətin iştirakçısı idi. Ancaq Mövlan özünü elə rahat hiss edirdi ki, təxminən 3 il bundan əvvəl o, məhkəmədə həyasızcasına bəyanat verdi ki, “ Mən heç Allahdan da qorxmuram”.
Azərbaycanın müstəqillik dövrünün ən qatı cinayətkarı İki generalın həbsinin Mahmudovun yenidən istintaqa cəlb olunmasına şərait yaratdığını deyən politoloq bildirib ki, onun bu dəfə həbs olunub-olunmayacağı hələ də naməlum qalır:
“Düşünürəm ki, Mahmudovun özünün cəzalandırılması vacibdir, bu, hökmən baş verməlidir. Bunun üçün birinci həmin o törədilən cinayətlərin hamısı ittihamlarda öz təsdiqini tapmalıdır.
Ancaq gördüyümüz kimi bu gün orada natamam mənzərə var. Sonda qeyd edim ki, Azərbaycan müstəqillik dövrünün ən qatı cinayətlər törətmiş azğın cinayətkarı hələ də azadlıqdadır”.
Vüsalə Balayeva, Bizim.Media