Qəbələdə “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzi istifadəyə verildi – FOTO/VİDEO

Qəbələdə “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzi istifadəyə verildi – FOTO/VİDEO

Hazırda oxunan: Qəbələdə “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzi istifadəyə verildi – FOTO/VİDEO

186429

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 110/35/10 kV-luq “Hacıalılı” elektrik yarımstansiyasının və Regional Təlim Mərkəzinin açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. 

Bildirilib ki, Qəbələ elektrik şəbəkəsi ümumilikdə 31 min 502 abonenti əhatə edir. ASC tərəfindən rayon ərazisində aparılan yenidənqurma işləri çərçivəsində Qəbələ şəhərinin, 2 qəsəbənin və 13 kəndin elektrik təsərrüfatı yenilənib.

İstehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə 110/35/10 kV-luq 26 meqavat-amperlik (MVA) “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılmaqla müasir tələblərə uyğun yenidən tikilib. 

Dövlətimizin başçısına 2020-2023-cü illərdə paylayıcı şəbəkələrdə aparılan bərpa və yenidənqurma işləri, “Azərişiq” ASC tərəfindən tətbiq edilən yaşıl və innovativ texnologiyalar, eləcə də “100 Kənd” layihəsi üzrə regional şəbəkələrdə 150-dən çox yaşayış məntəqəsinin elektrik təchizatının yenidən qurulmasının texniki, iqtisadi və ekoloji səmərəliliyi barədə məlumat verildi. Qeyd olundu ki, paylayıcı şəbəkələrdə yaşıl və innovativ texnologiyaların tətbiqi, o cümlədən ikipilləli şəbəkələrin, mikro-günəş elektrik stansiyalarının, 3D-mobil xəritə, dron monitorinq, smart uçot sistemlərinin, kompozit şüşə lifli ekoloji təmiz dayaqların istifadəsi, habelə “100 Kənd” layihəsi üzrə görülən işlər təbii qaza qənaət edilməsinə, karbon dioksid emissiyasının azaldılmasına imkan yaradır. 

“Hacıalılı” elektrik yarımstansiyasının qarşısında elektromobillər üçün “Azərişıq” tərəfindən iki enerjidoldurma stansiyası inşa olunub. 

Diqqətə çatdırıldı ki, elektromobil enerjidoldurma stansiyalarının tətbiqi nəticəsində ildə 230 min ton karbohidrogen yanacağına qənaət edilməsi və 239 min ton karbon dioksid emissiyasının azaldılması mümkün olacaq. 

Prezident İlham Əliyev “Hacıalılı” yarımstansiyasını işə saldı. 

Yarımstansiyanın ərazisində Regional Təlim Mərkəzi də inşa edilib. Təlim Mərkəzində yerli və xarici təlimçilərin iştirakı ilə elektroenergetika sahəsi üzrə ixtisaslı kadrların hazırlığı, bərpaolunan enerji mənbələrinin tətbiq və istismar qaydaları, peşə vərdişlərinin əldə edilməsi, real iş şəraitində təlimlər və ustalıq yarışlarının təşkili nəzərdə tutulur. Mərkəz müasir şəbəkə poliqonu və “Yaşıl Enerji” təlim poliqonundan ibarətdir. Şəbəkə poliqonunda kompozit dayaqlar, optik-lifli 35 kV-luq və 0,4 kV-luq kabel xətləri, smart sayğaclar, SK-11 35-0,4 kV-luq şəbəkə idarəetmə sistemi quraşdırılıb.

Poliqonda beynəlxalq peşə ustalığı yarışlarına hazırlıq üçün lazımi şərait yaradılıb. “Yaşıl Enerji” təlim poliqonunda isə Günəş və külək enerji mənbələri, ”Azərişiq” ASC-nin Mobil Yaşil Enerji Qurğusu layihələri üzrə təlimlər təşkil olunacaq. 

Regional Təlim Mərkəzi, həmçinin digər müasir avadanlıqlarla da təchiz edilib, regional şəbəkələrin dispetçer idarəetmə sisteminə inteqrasiya olunub. Dispetçer idarəetmə sistemi mərkəzdən və müstəqil idarəetmə imkanlarına malikdir. Bundan əlavə, Mərkəzdə biri interaktiv olmaqla, iki müasir tədris otağı və tədbirlərin keçirilməsi üçün iclas zalı vardır. 
 






















Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO