Xəbər verdiyimiz kimi, azərbaycanlı idmançı və bloger Kamil Zeynallı ötən gecə Moskva polisi tərəfindən saxlanılıb. Zeynallının iddiasına görə, o Ermənistan Hərbi Prokurorluğunun müraciəti saxlanılıb və yaxın günlərdə Ermənistana təhvil veriləcək.
Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bu fikirləri səsləndirib:
MÖVZU İLƏ BAĞLI:
Kamil Zeynallı Rusiyada saxlanıldı - VİDEO
“İlk növbədə Kamil Zeynallının hansı səbəbdən saxlanıldığının dəqiqləşdirilməsinə ehtiyac var. Bu zaman prosesdə hansısa qeyri-hüquqi münasibət sərgilənərsə, onda konkret münasibət bildirmək olar. Onun Ermənistana təhvil verilməsi bütün mənada anlaşılan deyil. Çünki bizim Rusiya ilə müqaviləmiz var. Bu müqavilə də müvafiq qurumlar tərəfindən təqib olunur. Əgər Kamil Zeynallının da saxlanılması deyilən kimidirsə, onda müvafiq dövlət qurumları lazımi münasibət bildirəcəklər”.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı:
“Rusiya ilə Azərbaycan arasında çox yüksək səviyyəli münasibətlər var. Ona görə də indiki zaman kəsiyində Rusiya ilə münasibətlərə zərər gətirə biləcək addımlardan çəkinməliyik. Onsuz da ölkəmizə qarşı xarici təzyiqlər kifayət qədərdir. Bunu nəzərə alaraq, məsələnin mahiyyəti tam anlaşılmayana qədər Rusiyanın üzərinə getsək, bu ilk növbədə ermənilərin işinə yarayacaq.
Hesab edirəm ki, indiki məqamda hadisələrin inkişafını diqqətlə izləməliyik. Məndə olan məlumata görə, məsələ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun diqqətindədir.
Artıq müvafiq hüquqi prodsedurlar keçirilib, Zeynallı vəkillə təmin edilib. Zənnimcə, lazım olan addımlar atılıb. Ona görə də məsələ ətrafında ajiotaj yaratmaqdansa, hadisələrin inkişafını gözləsək, daha yaxşı olar”.
Surxay Atakişiyev, Bizim.Media