Azərbaycan münaqişə dövründə dəfələrlə UNESCO-ya faktaraşdırıcı missiyanın işğal edilmiş bölgələrə göndərilməsi üçün müraciət edib. İllərlə orada bizim tarixi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdılıb, məhv edilib.
İllərlə aparılan işlərə baxmayaraq, UNESCO qeyri-obyektiv münasibətinə görə boynuna düşən missiyasını həyata keçirməkdən boyun qaçıraraq, haqsızlıq qarşısında sadəcə susmağa üstünlük verib. Əfsuslar olsun ki, münaqişə dövründə onlarla belə təklifimiz cavabsız qalıb.
İndi UNESCO-nun missiyası ilə bağlı bəzi suallar insanları maraqlandırır.
Nə üçün təşkilat ekspert qrupu göndərmir? Dağıdılmış abidələrlə bağlı Ermənistandan hesabat tələb olunurmu?
Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Bizim.Media-ya bildirib ki, UNESCO müsəlman abidələri ilə bağlı məsələlərə biganə yanaşır.
“O qurum ən çox xristian abidələrini düşünür. Hətta UNESCO-da bir qrup var ki, xristian izi aparır. Bu gün baxsaq, görərik ki, bir sıra ölkələrdə Myanma, İraq, Suriya, Yaxın Şərq ölkələrində müsəlmanlara aid mədəni abidələr darmadağın edilir, ancaq UNESCO-dan heç bir reaksiya yoxdur.
Bu, xristian abidələri olsaydı onlar dərhal hərəkətə keçəcəkdilər. 30 ildir Azərbaycan abidələri orada terrora məruz qaldı. Azərbaycan Xarici İşlər Nazirliyi dəfələrlə onları dəvət etdi ki, həmin o torpaqlara səfər edib, abidələrimizin taleyi ilə maraqlansınlar. Lakin onlar susdular. Elə ki, Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad etdi, UNESCO hərəkətə keçdi. Guya o ərazilərdə olan hansısa xristian abidələri təhlükə altındadır. Azərbaycanda ümumiyyətlə, dinindən, irqindən asılı olmayaraq bütün mədəni, dini abidələr qorunur. Bakının mərkəzində katolik kilsəsi, senaqoq var”.
Hüquqşünas Azərbaycanın hər bir yerində xristian abidələrinin səliqə ilə qorunub, saxlanıldığını da vurğulayıb.
“Bunu bizim babalarımız, əcdadlarımız inşa edib. Məşhur alban kilsələləri, hətta erməni kilsəsi də Azərbaycanda qorunur və qorunmaqda da davam edəcək. Çünki o bizimdir, bu ölkənin sərvətidir”.
Əliməmməd Nuriyev ermənilərin qədim Alban kilsələlərini erməni məbədi adına salmaq üçün min bir hiyləyə əl atdıqlarından da söz açıb.
O, söhbət əsnasında bildirib ki, UNESCO dünyada mədəni sərvətlərin qorunması missiyasını öz üzərinə götürən BMT-nin struktur vahidi kimi çıxış edirsə, mütləq şəkildə bütün abidələrə vahid yanaşması olmalıdır:
“Ermənilər qədim Alban kilsələlərinə müdaxilə edərək, onları özünüküləşdirməyə çalışıblar. Bundan başqa o ərazilərdə saxta tarixi abidələr yaratmağa cəhd göstəriblər. UNESCO isə bu məsələlərə biganə yanaşır. Onun bu ayrıseçkiliyi yolverilməzdir”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Azərbaycanın UNESCO-nun inkişafı ilə bağlı çox böyük yardımlar etdiyini də qeyd edib:
“Birinci xanım Mehriban xanım Əliyevanın təşəbbüsü ilə neçə-neçə tədbirlər, layihələr həyata keçirilib. Vatikanın özündə, Romada kilsələrin bərpa edilməsi ilə bağlı nə qədər işlər görülüb. Bunu görməzdən gəlmək nə dərəcədə doğrudu?. Bu Azərbaycanın dünya mədəni abidələrinə verdiyi töhvələrdir. Azərbaycan xalqı mədəni xalqdır. Azərbaycan xalqı dünya sivilizasiyasının yaranmasında iştirak etmiş millətlərdən biridir.
Sonda Əliməmməd Nuriyev UNESCO-nun siyasətə qarışmasını, qurumu bir qrup insanın maraqları ilə idarə olunmasını tənqid edib. Onun fikrincə, böyük missiyası olan qurum ona uyğun davranış nümayiş etdirməlidir.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:05 / 10.04.2021
Dağıdılmış abidələr, xarabalıqlar, cəzasız qalan ermənilər - UNESCO niyə susur?
Hazırda oxunan: Dağıdılmış abidələr, xarabalıqlar, cəzasız qalan ermənilər - UNESCO niyə susur?
Hazırda oxunan: Dağıdılmış abidələr, xarabalıqlar, cəzasız qalan ermənilər - UNESCO niyə susur?
17361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.