Erməni xəyallarının sonu - “Boş təyyarə” eksperimenti nədən xəbər verir ?

Erməni xəyallarının sonu - “Boş təyyarə” eksperimenti nədən xəbər verir ?

Hazırda oxunan: Erməni xəyallarının sonu - “Boş təyyarə” eksperimenti nədən xəbər verir ?

17338

8 aprel axşam saatlarında yüzlərlə erməni paytaxt Yerevanın Erebuni hava limanında qəribə mənzərə ilə qarşılaşdı. Hər kəsin gözlədiyi kimi, Rüstəm Muradovun rəhbərliyində hava limanına eniş edən təyyarə bu dəfə boş idi. Təyyarədə təkcə Rusiya sülhməramlı qüvvələrinin komandanı var idi.

Hava limanına toplaşan yüzlərlə erməninin gözləntisi isə Azərbaycanda mühakimə olunan erməni terrorçularının geri qaytarılacağı idi.

“Boş təyyarə” eksperimenti əslində Ermənistan ictimaiyyətində 10 noyabrdan etibarən formalaşan düşüncələrinin qısa izahını verir. Artıq aylardır ki, Ermənistanda hər kəs Rüstəm Muradovun və onun simasında da Rusiyanın diversant erməni hərbiçilərin geri qaytarılmasında əsas açar olduğunu düşünür. Onların fikrincə, bu prosesdə əsas söz sahibi məhz Rusiyadır. Əgər Rusiyanın razılığı və istəyi olarsa, Azərbaycan da təbii olaraq “hərbi əsirlərin” qaytarılması məsələsində hər hansı problem yarada bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

“Bakıdan əsir gətirməyim yalandır” - Rüstəm Muradov erməniləri təxribatçı adlandırdı - VİDEO


İlk öncə onu qeyd edək ki, ermənilərin “hərbi əsir” kimi təqdim etməyə çalışdığı bu şəxslər Azərbaycan tərəfindən hərbi əsir hesab olunmur.

Bu şəxslər Azərbaycan torpaqlarında terrorçuluq fəaliyyəti göstərdikləri zaman ələ keçiriliblər və Azərbaycan torpaqlarında cinayətkar hesab olunduqları üçün Azərbaycan qanunlarına əsasən mühakimə olunublar. Bu cinayətkar şəxslərin erməni tərəfinə qaytarılması ancaq Azərbaycan qanunvericiliyinə uyğun şəkildə verilmiş cəza müddəti bitdikdən sonra mümkündür. 

Azərbaycan üçün “diversant” kartı

Erməni diversantların geri qaytarılması ilə bağlı proses bir neçə baxımdan Azərbaycan üçün əhəmiyyətlidir. Belə ki, Azərbaycan Rusiyanın daxil olduğu bu prosesdə öz mövqeyini müdafiə etdiyi təqdirdə Qarabağda tək söz sahibinin məhz Azərbaycan olduğunu praktiki olaraq bir daha nümayiş etdirmiş olacaq. Bu öz növbəsində Qarabağda baş verən hər şeyin Azərbaycanın icazəsi və məlumatı olmadan baş verməyəcəyi faktını sübut edəcək.

Digər tərəfdən də Rusiyaya bölgədə yalnız sülhməramlı misiya üçün mövcud olduğunu və əsas öhdəliyinin də sülhyaratma, Qarabağdakı erməni əhalinin Azərbaycan cəmiyyətinə təhlükəsiz inteqrasiyası olduğunu xatırladacaq.

Bu isə Ermənistanın Qarabağda tərəf olmadığını, regionda həqiqi güc sahibinin isə məhz Azərbaycan olduğunu göstərən əsas amildir.

Azərbaycan tərəfinin erməni terrorçu diversantlarının ömürlük saxlamaq kimi bir istəyinin olmadığı da aydındır. Diversantların nə zaman azad ediləcəyi də məhz Azərbaycanın verəcəyi bir qərardır və bu qərar Azərbaycan üçün birbaşa Ermənistandakı siyasi proseslərə yeni təsir imkanları da yaradır. Bu imkandan istifadə etməklə Ermənistanı Azərbaycanın maraqlarına uyğun yeni razılaşmalara və güzəştlərə də məcbur etmək mümkündür. Bu razılaşmalar içərisində hazırda daha əhəmiyyətlisi isə Ermənistanın təqdim etməkdən imtina etdiyi minalanmış ərazilərlə bağlı xəritələrin əldə edilməsidir.

Ermənistanın “hərbi əsir” oyunu

Digər tərəfdən Ermənistan baş naziri Nikol Paşinyanın yaxın günlərdə Moskvaya rəsmi səfəri və Rusiya prezidenti Vladimir Putinlə danışıqları zamanı da diversantlarla bağlı məsələ yenidən gündəmə gətirilib. Paşinyan Azərbaycan tərəfinin “hərbi əsirləri” qaytarmaqla bağlı öhdəlikləri yerinə yetirmədiyindən gileylənir və Rusiya prezidentini bu problemin həllində vasitəçiliyə dəvət edirdi. 

Ermənistan rəhbərliyi artıq aylardır ki, Azərbaycan tərəfindən məhkum edilmiş diversantların geri qaytarılması istiqamətində işlər aparmağa çalışır.

Baş nazirin və xarici işlər nazir Ara Ayvazyanın az qala hər xarici diplomatla görüşü bu şəxslərin geri qaytarılması məsələsinin müzakirəsinə həsr olunur. Bu, təbii olaraq diversant mövzusunun Ermənistan rəhbərliyi üçün nə dərəcədə önəmli olduğunun sübutudur. Çünki Ermənistan rəhbərliyi “hərbi əsir” adlandırdığı terrorçu şəxslərin geri qaytarılmasının ölkə daxilindəki siyasi proseslərə də ciddi təsir göstərəcəyini yaxşı başa düşür. Hələ iyun ayında planlaşdırılan seçkilər bu istiqamətdə görüləcək işlərin əhəmiyyətini daha da artırır.

Əgər Ermənistanın xahişi və Rusiyanın istəyi ilə Azərbaycan erməni diversantları qaytarsa, bu, həm dünya ictimaiyyətinə, həm də Ermənistana Qarabağla bağlı birbaşa söz sahibinin məhz Rusiya olduğunu göstərəcək. Bu proses baş verərsə, Ermənistan münaqişənin yekun həllinin olmadığı və hələ davam etdiyi ilə bağlı iddialarını daha da gücləndirməyə başlayacaq. Rusiyanı özünə əsas müdafiəçi hesab edən Ermənistan rəhbərliyi də Qarabadakı fəaliyyətləri ancaq Rusiya ilə razılaşdırılmış şəkildə həll etməyə cəhd göstərəcək.

Göründüyü kimi, bu yolla Ermənistan Azərbaycanı güc tərəfi kimi qəbul etməyərək diplomatik üstünlüyü əldə kecirməyi hədəfləyəcək.

Erməni diversantlarla bağlı davam edən proses faktiki olaraq Qarabağ üzərindəki güc mübarizəsinin diplomatik sferadakı davamıdır. Çünki bu prosesinin nəticəsi və həll olunma metodu Qarabağ üzərindəki qüvvələr balansına təsir edəcək məsələdir.

Bu baxımdan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun 8 aprel tarixində verdiyi açıqlama isə həm uydurma “hərbi əsirlər” mövzusu, həm də regiondakı güc münasibətlərini yetəri qədər aydın şəkildə izah edir: “hərbi əsirlər mövzusu bağlanıb”.

“İskəndər” və minalanmış ərazilərin xəritəsi məsələsinə aydınlıq gətirmədən “əsirlərin”- erməni diversantların geri qaytarılması Azərbaycanın maraqlarına cavab verməyəcək".

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO