Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İsrail HƏMAS qarşıdurması bitmək bilmir. Əksinə, görünən odur ki, Təl-Əviv HƏMAS-la bağlı məsələdə daha dərinə getməkdə israrlıdır.
Bu fonda İranda yüzlərlə insanın ölümünə bais olan partlayışlar baş verdi. Həmin partlayışı İŞİD-in Əfqanıstan qanadının həyata keçirdiyi barədə yayılan məlumatlar İranla Taliban rejimi arasında növbəti gərginlik ocağı yarada bilər. Eyni zamanda, Qırmızı dənizdə də gərginlik artır.
MÖVZU İLƏ BAĞLI:
Şərqdə GÜNƏŞ BATIR... – İran tökülən qanın intiqamını KİMDƏN ALACAQ?
Husilərin ticari gəmilərinə hücum etmək cəhdləri böyük gücləri öz hərbi dəniz qüvvələrini əraziyə göndərməyə vadar edib. Görünən odur ki, bölgədə yaxın dönəm üçün sabitlikdən danışmaq mümkün olmayacaq. Əksinə, gərginlik daha geniş əraziləri əhatə etməyə doğru gedir.
Yaxın Şərq böyük savaşa sürüklənir?
Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov bildirir ki, Yaxın Şərq bölgəsində müharibənin miqyasının genişlənmə təhlükəsi həddən artıq yüksəkdir:
“Yaxın Şərqdəki problemlərin böyük əksəriyyəti hələ də həll olunmamış qalır. Ona görə də burada bir problemin alovlanması digər problemlərin alovlanmasına da gətirib çıxara bilər. Qəzzada HƏMAS-la bağlı olan vəziyyət artıq “Hizbullah”ın olduğu Livana da sıçrayır. ABŞ-ın niyyəti odur ki, Qəzza ilə hər şey lokallaşsın. Lakin İsrail rəhbərliyində olan Netanyahu anlayır ki, müharibəni bitirəndən dərhal sonra onu vəzifədən uzaqlaşdıracaqlar.
Ona görə də müharibənin uzun sürməsi və yaxud yeni müharibə ocağının alovlanması Netanyahunun şəxsi marağındadır.
İsrailin Livan istiqamətində fəallaşmasını məhz bununla əlaqələndirirəm. İsrail Livan istiqamətində fəallaşmağa başlayıbsa, bu halda İranın İraq, Suriya və Yəməndəki digər proksi qüvvələri də fəallaşacaq. Belə olan halda müharibənin miqyasının genişlənmə təhlükəsi çox yüksəkdir”.
Rüfət Sultan, Bizim.Media