İlham Əliyev: “Ermənilər Tərtərin suyunu tam kəsirdilər, indi biz Tərtərçayın mənbəyinə qayıtmışıq” - VİDEO

İlham Əliyev: “Ermənilər Tərtərin suyunu tam kəsirdilər, indi biz Tərtərçayın mənbəyinə qayıtmışıq” - VİDEO

Hazırda oxunan: İlham Əliyev: “Ermənilər Tərtərin suyunu tam kəsirdilər, indi biz Tərtərçayın mənbəyinə qayıtmışıq” - VİDEO

16865

“Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli şəhərinin, daha doğrusu, dağıdılmış şəhərin yaxınlığında su anbarı yerləşir. Artıq mənim göstərişimlə oraya qruplar ezam edilmişdir. Azad edilmiş torpaqlarda digər su anbarları da var. Onların bütün parametrləri təhlil edilməlidir. Əlbəttə ki, biz bu su anbarlarından səmərəli şəkildə istifadə edəcəyik. Azad olunmuş torpaqlara vətəndaşlarımız qayıdandan sonra əlbəttə ki, bu, onlar üçün əlavə imkanlar yaradacaqdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mikayılovu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Zaur Mikayılovu qəbul edib


“Bununla paralel olaraq, azad edilmiş torpaqlarda bizim böyük çay resurslarımız var. Biz bundan da məhrum idik.

Bu gün azad edilmiş torpaqlarda formalaşan çaylarımız bizim əsas çaylarımızdır. Tərtərçay Kəlbəcər rayonu ərazisində formalaşır. Amma mənfur düşmən bizi Tərtərçayın suyundan məhrum edirdi. Hətta Qarabağ bölgəsinə dəfələrlə səfərim zamanı mən bu problemlə maraqlanarkən görürdüm ki, bu, böyük problemlər yaradır. Misal üçün, Tərtərin suyunu tam kəsirdilər. Tərtərçay bir çox yerlərdə demək olar ki, qurumuşdu.

İndi biz Tərtərçaya qayıtmışıq, onun mənbəyinə qayıtmışıq. Bazarçay - ona Bərgüşad çayı da deyirlər, Həkəri çayı, Oxçuçay – bir çox çaylar, 10-dan çox çay orada formalaşır.

Onların potensialı təhlil edilməlidir. Çayların məcrası ilə bağlı düzgün təhlil aparılmalıdır, biz bu çaylardan necə səmərəli istifadə edək. Onların bir çoxu Araz çayına axır”, deyə Azərbaycan lideri qeyd edib.

“Azad edilmiş torpaqlarda su anbarlarının tikintisinə ehtiyac varmı, yoxmu, bu məsələyə də mütləq baxılmalıdır. Əlbəttə ki, azad edilmiş torpaqlarda bizim ən böyük su mənbəyimiz qonşu İranla sərhəddə yerləşən Xudafərin və Qız Qalası su anbarlarıdır.

Bunlar çox böyük su anbarlarıdır. Xudafərin su anbarının həcmi 1,6 milyard kubmetrdir, çox böyük su anbarıdır.

Bu su anbarından istifadə etmək üçün əlbəttə ki, əlavə infrastruktur layihələri icra edilməlidir. İlk növbədə, kanallar çəkilməlidir ki, azad edilmiş torpaqlara - Zəngilan, Cəbrayıl, Qubadlı və digər bölgələrə biz bu su anbarlarından su götürüb, ondan səmərəli şəkildə istifadə edə bilək. Bu, bizim böyük potensialımızdır”, deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO