Ermənistana Arazdəyəndə DƏYƏN ZƏRBƏ – Bayraqlarla pərdələnən zavod TARİXƏ QOVUŞDU

Ermənistana Arazdəyəndə DƏYƏN ZƏRBƏ – Bayraqlarla pərdələnən zavod TARİXƏ QOVUŞDU

Hazırda oxunan: Ermənistana Arazdəyəndə DƏYƏN ZƏRBƏ – Bayraqlarla pərdələnən zavod TARİXƏ QOVUŞDU

162420

Azərbaycan növbəti diplomatik uğura imza atıb. Beləki, Arazdəyəndə iyunun 14-də inşasına başlanılan Metallurgiya zavodunun tikintisi yarımçıq dayandırılıb. Bunu ötən gün Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan yerli jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, tikilməkdə olan Metallurgiya müəssisəsi başqa yerə köçürüləcək:

“Hazırda köçürülmə prosesi davam edir. Biz coğrafi mövqeyi və regional mühiti nəzərə alaraq bu qərarı verdik”.

Yerli jurnalistlərdən biri nazirə sual verib ki, bu yerdəyişmə  Azərbaycana güzəşt deməkdirmi?
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Arazdəyəndəki zavodun başqa yerə köçürüldüyünü TƏSDİQLƏDİ 


Vaan Kerobyansa cavabında bunu deyib: 

“Ermənistan hökuməti regionda sülhə investisiya qoyuluşu üçün əsas şərt kimi baxmaqda davam edir. Biz çalışmalıyıq ki, regiona uzunmüddətli sülh gəlsin və “heç kim heç kimə atəş açmasın”.

Beləliklə, erməni nazir Azərbaycanın təzyiqi hesabına belə bir qərarın verildiyini təsdiqləyib. 

Qeyd edək ki, bu zavodun inşası ətrafında Ermənistan rəsmiləri xeyli müddət manipulyasiyalar apardı. Hətta inşaat meydançasına ABŞ-ın dövlət bayrağını asdılar. İddia etdilər ki, layihənin sifarişçisi Hindistan, maliyyəçisi ABŞ, podaratçısı isə İran hökümətidir. Bununla da erməni siyasilər əsassız və yersiz iddiaları ilə Azərbaycan və Türkiyəyə meydan oxumaq istədilər. 

Lakin hələ iyun ayında biz yazmışdıq ki, ABŞ dövləti İran dövləti ilə açıq şəkildə heç bir layihədə iştirak etməz. Üstəlik, ABŞ dövlət olaraq heç bir investisiya layihəsində iştirak etmir. Ən yaxşı halda hansısa ABŞ vətəndaşı Ermənistandakı bu layihədə tərəf kimi iştirak edə bilər.

Bizim 4 ay əvvəl yazdıqlarımız öz təsdiqini tapıb. 

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan ötən gün bəyan edib ki, faktiki olaraq özəl investisiyalarla məşğuldurlar:

“Tikinti şəxsi vəsait hesabına aparılır və investorlar gələcək addımlarını özləri müəyyən edirlər”.

Beləcə, ABŞ-ın Ermənistan iqtisadiyyatına sahib çıxması və Azərbaycanla Türkiyəyə Vaşinqtonun dirsək göstərəcəyi barədə erməni iddiaları yalanla nəticələndi. Sübut olundu ki, ABŞ, Hindistan və İranın müştərək zavod tikmək fikri ancaq dezinformasiya imiş.

İki maraqlı məqam

Məsələnin maraqlı tərəfi təkcə erməni yalanının ifşası deyil, həm də Azərbaycanın təzyiqi ilə zavodun yerinin dəyişdirilməsidir. Zavodun inşası söhbəti ortaya atılanda Azərbaycanın müvafiq dövlət qurumları və QHT-ləri buna qəti şəkildə etiraz etdilər və Beynəlxalq təşkilatlara layihənin ekoloji cəhətdən çox təhlükəli olması barədə çağırış etdilər. Bildirildi ki, Ermənistan Araz çayının qolu olan Oxçuçayı dəhşətli dərəcədə çirkləndirib. 

Ermənistandakı Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının ağır istehsal tullantıları Oxçuçaya axıdılır. Otuz ildir bununla bağlı həyəcan təbili çalınıb beynəlxalq təşkilatlara müraciətlər olunsa da, Ermənistan buna əməl etmir. Araz çayı onsuz da həddən artıq çirkləndirilib. Çayın fauna və florası məhv edilib. 

Ermənistan ənənəsinə sadiq qalaraq beynəlxalq konvensiyaları pozur. 

BMT-nin “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyası var. Azərbaycan da, Ermənistan da həmin Konvensiyanın tərəfləridir. Həmin Konvensiyaya görə bir dövlət hansısa transsərhəd çayın üzərində metallurgiya zavodu və ya sənaye müəssisəsi inşa edirsə, transsərhəd çayın axıb töküldüyü digər ölkənin razılığını almalı, öz ölkəsində də, digər ölkədə də çayın monitorinqinə icazə verməlidir. 

Ermənistan isə nə Oxçuçayda, nə də Araz çayında buna imkan verir. 

Bizi narahat edən odur ki, Araz çayı yenidən ağır tullantılarla çirkləndiriləcək.

Məhz bu cür çağırışlardan və Azərbaycanın diplomatik səylərindən sonran əvvəlcə Arazdəyəndəki inşaat işləri dayandırıldı. Daha sonra isə aparılan tikinti söküldü. Bu isə birmənalı şəkildə Azərbaycanın diplomatik uğurunun göstəricisidir, təntənəsidir. Bu fakt bir daha sübut etdi ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda heç bir layihə reallaşdırıla bilməz. Bu isə Azərbaycanın regional güc olmasının bariz göstəricisidir.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO