"Biz Qarabağ ermənilərinə Azərbaycan ərazilərində yaradılmış hərbi xuntanın hakimiyyəti altında olduqları dövrdən fərqli və daha yaxşı həyat şəraiti vəd edirik".
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Əl-Cəzirə” telekanalının müxbiri Usamə Bin Cavidə verdiyi müsahibəsində səsləndirib.
"Biz bölgədən bir sıra ermənilərin köçürülməsinin şahidi olduq, lakin qeyd etmək istərdim ki, təxminən 30 il əvvəl azərbaycanlılar təcavüzə məruz qalaraq bu bölgəni tərk etmişdilər. Onlara qarşı qətllər, vəhşiliklər törədilmişdi", deyə o, qeyd edib.
Sözçü erməniləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq Azərbaycan cəmiyyətinə reinteqrasiya etməyə çağırıb:
"Azərbaycan idarəetmə, iqtisadi və sosial sahələri əhatə edən reinteqrasiya proqramına start verib. Biz hesab edirik ki, ermənilər bu reinteqrasiya prosesinin bir hissəsi olmalıdır. Azərbaycan yerli ermənilərə kreditlər və sosial müavinətlər verəcək.
Biz inanırıq ki, regionda sülh hər iki ölkənin - Ermənistan və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətin real dəstəyi ilə mümkündür".
Bizim.Media