Zəngəzur dəhlizi İranı Ermənistandan həmişəlik ayıra bilər - Səudiyyə Ərəbistanının nəşri

Zəngəzur dəhlizi İranı Ermənistandan həmişəlik ayıra bilər - Səudiyyə Ərəbistanının nəşri

Hazırda oxunan: Zəngəzur dəhlizi İranı Ermənistandan həmişəlik ayıra bilər - Səudiyyə Ərəbistanının nəşri

157424

Səudiyyə Ərəbistanı Krallığının Londonda çap olunan nüfuzlu “Əş-Şərq əl-Avsət” qəzetində siyasi şərhçi Raid Cibrin “Azərbaycanın Qarabağ əməliyyatından sonra qazananlar və uduzanlar” sərlövhəli məqaləsi dərc olunub.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyindən Bizim.Media-ya bildiriblər ki, məqalədə İranın Cənubi Qafqazda ciddi fəsadlarla üzləşə biləcəyindən danışılır.

Yazıda qeyd olunur ki, Azərbaycanın Qarabağ bölgəsində “ildırımsürətli” hərbi tədbirləri regionda yeni geosiyasi reallığın bərqərar olmasına gətirib çıxarıb. Bakı ilə Qarabağ erməniləri arasında mümkün danışıqların nəticələri nə olursa olsun, Azərbaycanın Qarabağ üzərində nəzarətinin yaradılması genişmiqyaslı əks-səda doğurub.
Məqalədə Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin hazırda mənsub olduğu təhlükəsizlik strukturları və təşkilatlarının “effektiv olmadığı”, habelə yeni müttəfiqlik mexanizmlərinə keçidin zəruriliyinə inandığı və nəticə etibarı ilə İrəvanın mövqelərini dəyişməyə doğru getməsi ilə bağlı məlumatlar da öz əksini tapıb.

Müəllif yazır ki, ekspertlərin sözlərinə görə, Qarabağ müharibəsinin nəticələri Ankara ilə Bakı arasında çox sıx və möhkəm müttəfiqlik münasibətləri yaradıb. Digər tərəfdən, Rusiya Cənubi Qafqaz regionunda sülhməramlı rolunu itirməkdə davam edir.

Hətta Azərbaycandan separatçı qüvvələr çıxarılandan sonra Rusiya sülhməramlı qüvvələrinin bölgəni tərk etməsinin gündəmə gələcəyi də istisna edilmir.

Qəzetdə həmçinin qeyd olunur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra İran da bundan “öz payını” alıb. 2020-ci il müharibəsinə qədər Ermənistan və İran arasında kommersiya hərəkətində fəal şəkildə istifadə edilən sərhəd zolağının böyük hissəsi 44 günlük müharibədən sonra Azərbaycanın nəzarətinə keçib və İran-Ermənistan ticarətində ciddi itkilər olub.

Daha sonra Zəngəzur dəhlizi layihəsinə toxunulub. Belə ki, Azərbaycan Naxçıvan vasitəsilə Türkiyəyə birbaşa yolun uzadılması üzərində işləyir və bu marşrut Ermənistanın Sünik rayonundan keçməlidir. Sözügedən layihənin həyata keçirilməsi isə İranı Ermənistandan həmişəlik ayıra bilər. Bundan əlavə, dəhlizin tikintisi Ankaranın bölgədəki təsirini daha da gücləndirəcək.

Müəllif qeyd edir ki, Tehran Bakı və Ankaranın birgə fəaliyyətini əngəlləmək iqtidarında görünmür.

Məqalədə, həmçinin Azərbaycanın xarici siyasəti, xüsusilə də Azərbaycanla İsrail arasında münasibətlərin inkişafı ilə bağlı mövzuya toxunulub.

Qeyd olunur ki, Bakı son dövrlərdə İsraillə münasibətləri gücləndirir. 2022-ci ilin cəmi 10 ayı ərzində iki tərəf arasında ticarət mübadiləsinin həcmi 1,2 milyard dollara çatıb. Bakı İsraili neft və neft emalı məhsulları ilə təmin edir, əvəzində isə yüksək texnologiyalı silahlar, hücum və kəşfiyyat pilotsuz təyyarələri, naviqasiya və optika sistemləri, dəqiq idarə olunan hərbi sursatlar alır.
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO