“Mən inanıram ki, Bakının azad olunmuş ərazilərlə bağlı öz planları var. Bura iqtisadiyyatın tamamilə inkşafı, tikinti işlərinin aparılması və s. aiddir. Təbii ki, burada bir çox iş yerləri açılacaq ki, bu iş yerlərində Qarabağ erməniləri də çalışa biləcək”.
Bu fikirləri Bizim.Media-ya müsahibəsində Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko deyib. Azərbaycanın Qarabağla bağlı xüsusi planlarının olduğuna diqqət çəkən politoloq ərazini tərk edən ermənilərin buna peşman olacağını da bildirib.
MÖVZU İLƏ BAĞLI:
Korotçenko: “Yevlax görüşündə Qarabağ üçün yeni dönəmin əsası QOYULACAQ” – ÖZƏL
Sözügedən müsahibəni təqdim edirik:
- Cənab Korotçenko, siz Qarabağdakı prosesləri yaxından izləyirsiniz. Və artıq reallıqlar dəyişdi. Azərbaycan Qarabağa tam nəzarəti bərpa etdi. Bir çox erməni isə ərazini tərk edir və ya ərazini tərk etməyə revanşistlər tərəfindən məcbur edilir. Qarabağdakı hazırki mənzərəni necə dəyərləndirirsiz?
- Burada ilk növbədə Qarabağ ermənilərinin reinteqrasiyası və qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi vacib məsələlərdir. Həmçinin əsas məsələlərdən biri hərbi hissələrin, hərbçilərin Ermənistana getməsidir. Burada diqqət çəkən mövzulardan biri də Qarabağda yaşayan ermənilərin oranı tərk etməsidir. Çünki onların bəziləri öz gələcəklərini Azərbaycanla birlikdə görmürlər.
Buna görə də, onlar Ermənistana gedirlər. Təbii ki, onları heçkim məcbur etmir, könüllü olaraq ərazini tərk edirlər. Buradan belə görünür ki, Qarabağda ancaq reallığı qəbul edən ermənilər qalacaq və onlar bütün məsuliyyəti ilə, hüquqları ilə Azərbaycan vətəndaşlığını qəbul edəcəklər. Buna görə də, düşünürəm ki, bu addım regionda sabitliyin bərpasında vacib addımlardandır.
- Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad etdiyi bölgələrdə gördüyü işlər göz önündədir. Təbii ki, Xankəndi, Xocalı, Xocavəndə də yeni həyat gələcək. İqtisadi mənzərəyə nəzər yetirsək, nə görərik?
- Burada Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə sıx əlaqədə öz fəaliyyətlərini davam etdirirlər. Gələcəkdə isə əsas məqsəd regionda Azərbaycan tərəfinin hüquq mühafizə və digər orqanların fəaliyyətini tamamilə bərpa etməsidir.
Həmçini bura əhalinin normal yaşaması, nəqliyyat və digər infrastrukturun bərpası daxildir. Qeyd etdiklərimə iqtisadi inkşafın da təmin edilməsi aiddir, çünki gələcəkdə, təbii ki, Qarabağ erməniləri artıq Azərbaycan manatından istifadə etməyə başlayacaqlar.
Yaddan çıxarmayaq ki, iqtisadiyyat hər bir dövlətin əsas sütunlarındandır. Mən inanıram ki, rəsmi Bakının azad olunmuş ərazilərlə bağlı öz planları var. Bura iqtisadiyyatın inkşafı, tikinti işlərinin aparılması və s. aiddir. Təbii ki, burada bir çox iş yerləri açılacaq ki, həmin iş yerlərində Qarabağ erməniləri də çalışa biləcək.
- Qarabağ həm də iqtisadi komunikasiyalar baxımından önəmlidir. Söhbət Qafqazın megalayihəsi olan Zəngəzur dəhlizinin reallaşmasından gedir. Bu mega layihəyə qarşı olanlar da var. Məsələn İran və Ermənistanın tərəddüdləri var. Niyə Ermənistan və İran bu layihəyə qarşıdır?
- Onların dərhal razılığa gələcəklərinə inanmıram. Hərçənd ki, Paşinyanın imzaladığı sənədə əsasən Zəngəzur dəhlizi dərhal öz fəaliyyətinə başlamalıdır. Bu üçtərəfli bəyanatda da öz əksini tapıb. Ancaq Ermənistan hakimiyyətinin davranışından görünür ki, onlar Zəngəzur dəhlizinə qarşıdırlar.
İmzalanmış sənədlərə əsasən, məncə, yəni dəhlizdə bütün təhlükəsizliyi Rusiya tərəfi təmin etməlidir. Ötən il hansısa samitlərdən birində Paşinyan bildirmişdi ki, Zəngəzur dəhlizi açılmayacaq və erməni xalqı buna qarşıdır. Bura İran tərəfinin fikri də təbii ki, təsir edir.
Onlar da bu layihəyə narahatlıqla yanaşırlar. Məncə İran, Rusiya, Ermənistan, Azərbaycan 4 tərəfli şəkildə oturaraq bu məsələnin həlli istiqamətində addımlar atmalıdırlar. Ancaq Ermənistan tərəfi bundan tamamilə narazıdır.
- Ermənistandakı mitinqlər haqqında fikirlərinizi bilmək istərdik. Uzun illər erməni xalqının mülkünü dağıdan müxalifət və arada qalan Paşinyan. Müxalifət Paşinyanı devirə biləcəkmi?
- Məncə Ermənistanda heç bir dəyişiklik olmayacaq. Çünki oranı uzun illər “Qarabağ klanı” idarə edib. Onlarınsa bir sıra korrupsiya əməllərində əlləri var. Rusiyada onların adı bir çox maxinasiyalarda hallanır. Buna görə də, zənnimcə, Ermənistanda keçirilən mitinqlər uzun çəkməyəcək.
Düşünmürəm ki, mitinqlər Paşinyanı devirə biləcək kritik bir hal alacaq. Paşinyanı devirəcək silahlı insidentlər baş verməyəcək. Burada görünür ki, daxili işlər nazirliyi tamamilə Paşinyanı dəstəkləyir. Erməni hərbi dairələri isə düzgün mövqedə deyillər.
Onlar hələ ki, Qərbin təsiri altındadırlar. Çünki burada ABŞ-ın, Fransanın aktivliyi müşahidə olunur. Buna görə də, mən düşünürəm ki, Paşinyan hakimiyyətdə qalacaq.
- Bir erməni mifi vardı. Hansı ki, 2020-ci ildə məhv edildi. Necə düşünürsüz, bundan sonra Ermənistan Qarabağla bağlı hansısa revanşist addımlar atmağa davam edəcəkmi?
- Düşünürəm ki, Ermənistan 2020-ci ildən öncə özünü göstərirdi, hədə-qorxu gəlirdi. Ancaq bütün bunlar hamısı boşa çıxdı. Ancaq İkinci Qarabağ müharibəsindən sonra erməni mifi Azərbaycan ordusu tərəfindən tamamilə yox edildi.
Sonradan olanlar isə tamamilə boş şeylər idi. Paşinyanın bir çox beynəlxalq çıxışlarda Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından sonra isə hansısa bir hərbi addım atması, təbii ki, qəbuledilməz olardı.
Buna görə də, Ermənistan Cənubi Qafqazda hərbi güc baxımından tamamilə mövqeyini itirmiş oldu. Buna görə də, düşünürəm ki, ermənilərin bundan sonra atacağı addımlar, yəni Qarabağla bağlı atacağı addımlar heç bir nəticə verməyəcək. Bunun üçün də, Ermənistan qonşu dövlətlərlə öz əlaqələrini gücləndirməlidir.
Tehran Orucoğlu, Bizim.Media