Bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən “Jotform” beynəlxalq platformasında başladılan “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlı beynəlxalq kampaniya davam edir.
Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.
Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır.
Bizim.Media xəbər verir ki, artıq dünyanın müxtəlif ölkələrindən müraciəti imzalayan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 1000 nəfərə yaxınlaşıb. Onlar 42 ölkəni təmsil edirlər. Bir neçə gün əvvəl bu ölkələrin sayı 27 idi.
Müraciətə qoşulanlar hesab edirlər ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə verdiyi müsbət mesajları düzgün qiymətləndirməyi bacarmalıdırlar.
UAid Fondunun (Qambiya) sədri Alhagi Manneh sülhə nail olmaq üçün əməkdaşlığın vacibliyini vurğulayaraq bu təşəbbüsü dəstəklədiyini bildirib.
"Mən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsini dəstəkləyirəm və şübhəsiz ki, hökumətin davamlı inkişaf problemlərinin həlli istiqamətində səylərinə töhfə verəcəyəm. Bu gün mən sülh haqqında danışmaq üçün buradayam. Çox təəssüf ki, bu gün dünyanın bir çox yerlərində zorakılıq və müharibə hökm sürür. Ona görə də biz əməkdaşlıq edib nəticə əldə etməliyik və daha faydalı olmalıyıq”, - deyə o qeyd edib.
Rumıniyalı Yekaterina Bordeianu bildirib ki, gərginliyi süni şəkildə qızışdırmağa, “blokada” və “humanitar böhran” yaratmağa ehtiyac yoxdur.
"Azərbaycanda çoxlu dostlarım var, ona görə də uzun illərdir ki, regionda baş verənləri yaxından izləyirəm. “Bloklama” deyilən iddialar həqiqətə uyğun deyil. Laçın yolu qeyri-qanuni hərbi fəaliyyət və ya təbii sərvətlərin bu ərazidən daşınması üçün deyil, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulub”, - deyə o bildirib.
Bordeyanu xatırladıb ki, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Laçın sərhəd keçid məntəqəsi-nin guya “qanunsuzluğu” və “bütün Azərbaycan silahlı qüvvələrinin Laçın yolundan çıxarılması” tələbi ilə bağlı Ermənistanın 12 may 2023-cü il tarixli vəsatətini rədd edib.
“Ermənistanın dəfələrlə Qarabağı Azərbaycan ərazisi kimi tanıması faktını qeyd etməmək mümkün deyil”.
İqtisadi Sülh Mərkəzinin (İsrail) təsisçisi və prezidenti Ayub Kara Qarabağın erməni əhalisinin ehtiyacları üçün ərzaq məhsulları göndərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dəstəyini ifadə edib.
"İsrailin keçmiş rabitə naziri kimi mən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qarabağa ərzaq çatdırmaq səylərini dəstəkləyirəm və buna mane olmağa çalışanları pisləyirəm. Cənubi Qafqazda sülhün qorunması üçün hər şeyi edirəm", - deyə o qeyd edib.
“Afrikada Davamlı Biznesin İnkişafı və İnnovasiya” təşkilatının prezidenti Zambiyadan olan Edvard Mvaba Ndalama qeyd edib ki, Cənubi Qafqaz regionunda yaşayan insanlar sülhə layiqdirlər.
"Mən Qafqazda sülhün tərəfdarıyam. Bizə sülh lazımdır ki, onlar harada olurlarsa olsunlar, azad olsunlar. Sülh olmadan iqtisadi azadlığı təmin etmək mümkün deyil", - deyə o əlavə edib.
Bizim.Media