Nikol Paşinyanın son müsahibəsində Rusiya sülhməramlıları ilə bağlı səsləndirdiyi fikirlər artıq neçə gündür ki, siyasi gündəmi məşğul edib. Ermənistanın baş naziri öz müsahibəsində rus sülhməramlılarını fəaliyyətsizlikdə ittiham edib və bu gedişlə yaxın gələcəkdə bu kontingentə bölgədə ehtiyac qalmayacağını bildirib.
Bu fikirləri səsləndirməklə Paşinyan iki məsələni hədəfləyib. Birincisi, bu fikirləri ilə Paşinyan yenidən Qərbin qarşısında quyruq bulayıb, Qərbə sədaqətini sübut etməyə çalışıb. Və Paşinyan bununla Qərbə mesaj verib ki, Qarabağda rus sülhməramlılarını Qərbin sülhməramlıları ilə əvəzlənməsinin vaxtı çatıb.
İkinci hədəf isə rəsmi Moskvaya təzyiqdir. Çünki, Ukraynadakı müharibə səbəbi ilə Moskva daha əvvəlki kimi Ermənistana iqtisadi dəstəyi verə bilmir.
Üstəlik, Kreml indiki vəziyyətdə rəsmi İrəvanın maraqlarına görə rəsmi Bakı ilə münasibətlərini korlamaq istəmir. Bu isə Paşinyanı ciddi narahat edir. Ona görə də sülhməramlılar barədə ikibaşlı fikirlər səsləndirir.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Nikol Paşinyanın son açıqlaması əslində bir demoqogiyadır:
MÖVZU İLƏ BAĞLI:
Elmar Məmmədyarov: “Azərbaycan-Ermənistan sülhü Rusiya üçün daha vacibdir” – ÖZƏL
“Bir bəyanatla heç nə dəyişmir. Erməni baş nazir bu bəyanatı ilə öz aləmində Rusiyaya təzyiq göstərmək istəyir. Təzyiqin məramı da odur ki, indiki məqamda rəsmi Moskvadan daha çox dəstək almaq istəyir. Məsələnin mahiyyəti sadəcə budur. Bu bəyanatın arxasında daha ciddi şeylər axtarmaq yersizdir. Bu siyasi oyundur. Paşinyan bu cür bəyanatları ilə həm Rusiyaya təzyiq etmək istəyir, həm də Qərbə özünün xoş niyyətini göstərir”.
Surxay Atakişiyev, Bizim.Media