Ukraynanın böyük səhvi – “Rəsmi Kiyev Krımda tatarlardan qorxurdu” - POLİTOLOQ

Ukraynanın böyük səhvi – “Rəsmi Kiyev Krımda tatarlardan qorxurdu” - POLİTOLOQ

Hazırda oxunan: Ukraynanın böyük səhvi – “Rəsmi Kiyev Krımda tatarlardan qorxurdu” - POLİTOLOQ

15033

“Krımın ilhaqının «rəsmiləşdirilməsindən” 7 il keçdi. Kreml 2013-2014-cü illərin əvvəllərində Kiyevdəki hakimiyyət-müxalifət qarşıdurmasından istifadə edərək Krıma hərbçilərini göndərdi, sonra isə “referendum” keçirib yarımadanı rəsmən ilhaq etdi.

Ukrayna heç nə edə və Krım uğrunda döyüşə bilmədi. Çünki ruspərəst prezident Viktor Yanukoviçin ölkədən qaçmasıyla kağız üzərində olan ordu da dağıldı”. 

Bizim.Media xəbər verir ki, bu şərhi “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Facebook” hesabında yazıb.

O, qeyd edib ki, Ukrayna yaşadığı xaosa rəğmən, Krım uğrunda əlindəki imkanlar daxilində döyüşsə və müqavimət göstərsəydi, Rusiya yarımadanı asanlıqla ram etməzdi:

“Ancaq onda da Kreml sahibi Ukraynanın ikiyə parçalamağı əmr edər və “Novorossiya” (Donetsk və Luqanskla yanaşı, Maripol, Dnepr, Odessa, Nikolayev, Xerson, Xarkov şəhərlərinin ələ keçirilməsi) planını işə salardı. 
 

Ukraynada bir-birini dəyişən hakimiyyətlərinin başqa bir səhvi Krım tatarlarına güvənməyərək 1990-ci illərin başından Krımda onların sayının artırılmasına yaratdığı maneələrdir.


Mənə Kiyevdə rəsmilərdən biri etiraf etmişdi ki, onlar Krımda nə vaxtsa separatçılığa məhz tatarların başlayacağını zənn edirmişlər.

Tam əksi oldu, tatarlar Krımda Ukraynanın bütövlüyünə və bayrağına sadiq qaldılar, yarımadakı ruslar isə Moskvaya sığındılar. Kiyevdəki siyasətçilər yanıldıqlarını Krımın ilhaqından sonra anladılar, ancaq artıq gec idi. Əlbəttə, Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ukraynalı siyasətçilər tərəfindən hörmət edilən şəxsdir, hər prezident onu yanında görmək istəyir, ancaq Mustafa bəyin məsləhətlərini daha əvvəl eşitmək lazım idi. Mustafa bəylə Kiyevdə bu mövzuda çox söhbətlərimiz olub, o vaxtında atılmalı olan addımların gecikdirildiyini deyirdi”.  

Politoloq hesab edir ki, Ukrayna üçün Krımı geri qaytarmaq çətin olacaq:
 

“Rusiyada prezident nə vaxtsa dəyişsə, hətta Navalnı kimi siyasətçinin Kreml sahibi olacağını ehtimal etsək belə, şimal qonşumuzun Krıımı Ukraynaya qaytaracağını zənn etmək çətindir.


Buna baxmayaraq, Kiyev müqavimət göstərir və Donbasla yanaşı Krımı da unutmadığını göstərir. Misal üçün Ukrayna xarici işlər naziri Dmitri Kuleba ölkə-ölkə gəzərək dünya liderlərini avqust ayında Kiyevdə keçiriləcək “Krım platforması”na dəvət etmək istəyir. ABŞ, Türkiyə və Avropa dövlətlərin toplantıda iştirak edəcəklərini bəyan ediblər.

Əlbəttə, bu təşəbbüs Krımın ilhaqına son qoymayacaq, ancaq ən azı dünyanın diqqətini yarımadaya yönəldəcək, Qərbin Rusiyaya qarşı sanskiyalarını sərtləşdirəcək.

Kiyevdə ümid edirlər ki, nə vaxtsa Rusiya zəifləməyə və bu ölkədə mərkəzdənqaçma proseslər başlasa, Krımı geri qaytarmaq mümkün olacaq”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO