Azərbaycanın Qoşulmama Hərəkatında fəaliyyəti günü-gündən güclənir. Ölkəmizdə tez-tez bu qurumun müxtəlif tədbirləri keçirilir. İyulun 5-də isə Bakıda Qoşulmama Hərəkatı Koordinasiya Bürosunun iclası başlayıb. Tədbir iyulun 6-dək davam edəcək. Onu da qeyd edək ki, Azərbaycan 2019-cu ildən quruma sədrliyi həyata keçirir.
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəndən sonra qurumun dünya miqyasında nüfuzu xeyli dərəcədə artıb:
MÖVZU İLƏ BAĞLI:
Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun iclası keçirilir - FOTO/VİDEO
“Təşkilatda Güney Amerika ölkələrindən tutmuş Mərkəzi Asiyaya qədər uzanan mühüm ölkələr təmsil olunur. Həmçinin, Qoşulmama Hərəkatına üzv olan ölkələr dünyada önəmli siyasi və iqtisadi qərarların qəbulunda aktiv iştirak edirlər.
Azərbaycan Qoşulmama Hərəkatına çox həssas və gərgin bir dövrdə rəhbərlik edib. Pandemiyanın dünyanı sarsıtdığı bir dövrdə Azərbaycan hərəkat nəzdində beynəlxalq proqlemlərə adekvat reaksiyaların formalaşdırılmasına nail oldu. Məhz Azərbaycanın uğurlu sədrliyinin nəticəsidir ki, ölkəmizin quruma rəhbərliyi növbəti dəfə yekdilliklə uzadılıb”.
Ekspertin fikrincə, Azərbaycanın dünyadakı nüfuzu baxımından hərəkatın Bakı toplantısının mühüm əhəmiyyəti var:
“Bakı Qoşulmama Hərəkatının bir çox tədbirlərinə dəfələrlə ev sahibliyi edib. İndi də paytaxtımızda dünyanın önəmli ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən tədbir, Azərbaycan Prezidentinin tədbirdən dünyaya verdiyi mesajlar ölkəmiz üçün vacib əhəmiyyətə malikdir. Özəlliklə Azərbaycanın postmüharibə dövründə dünyanın yeni siyasi-iqtisadi konfiqurasiyasında oynadığı mühüm rol baxımından hərəkatın Bakı toplantısının vacib əhəmiyyəti vardır”.
Rüfət Sultan, Bizim.Media