Mart ayının 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayının keçiriləcəyi bildirilir.
YAP tərəfindən qurultayın çağırılması hələki rəsmi təsdiqlənməyib. Amma özəl mənbələr partiyanın tərkibinin yenilənəcəyini və bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılacağını istisna etmirlər.
Partiyada uzun zamandır təmsil olunan yaşlı kadrların gənclərlə əvəzlənəcəyi də iddia olunur.
Azərbaycanın siyasi elitasında xüsusi çəkiyə malik partiya liderləri YAP-ın qurultayına münasibət bildiriblər. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədov Bizim.Media-ya açıqlamasında başqa partiyaların fəaliyyətinə qiymət vermək istəmədiyini deyib:
MÖVZU İLƏ BAĞLI:
YAP-ın qurultayında Gənclər Təşkilatına yeni sədr seçiləcəkmi? - FOTO
YAP-da İKİTİRƏLİK – Biri qurultaya “HƏ” deyir, digəri isə “YOX”
YAP qurultaya gedir – BU HƏFTƏ!
“Mən YAP-ın fəaliyyətini niyə qiymətləndirməliyəm ki? Hərə öz işi ilə məşğul olmalıdır.
Yeni Azərbaycan Partiyasının üzvləri hansısa dəyişikliyə ehtiyac görürlərsə, bu baş verəcək. Partiyalar hərə özü üçün işləyir və hansısa islahat lazımdırsa qərar verib icra edilər. Bir sözlə bir-birinin işinə qarışmaq yaxşı şey deyil”.
Etibar Məmmədovun qurultaya dəvət olunması məsələsinə gəlincə, AMİP rəsmisi məsələni belə şərh edib:
“İndiyədək dəvət almamışam, bundan sonra da inanmıram. Ümumiyyətlə partiyamızın öz rəhbərliyi və idarə edənləri var. Partiyalararsı fəaliyyətlə də onlar məşğul olurlar”.
Müsavat Partiyasının başqanı Arif Hacılının sözlərinə görə Yeni Azərbaycan Partiyası klassik olaraq siyasi fəaliyyətlə məşğul olan bir təşkilat deyil:
“YAP-ın qurultayında nə mən, nə də cəmiyyət heç bir yenilik və siyasi qərar gözləmir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə YAP-ın növbədənkənar qurultayına uğurlar arzulayıb:
“Qurultayı Yeni Azərbaycan Partiyasının üzvləri və təssübkeşləri qiymətləndirə bilər. Mən bütün siyasi partiyaların Azərbaycan naminə fəaliyyətində uğurlar arzulayıram.
YAP-ın ən böyük siyasi dəyişikliyi könüllü surətdə hakimiyyətdən getməsi olacaq. Dəyişiklik olsa, nə xoşbəxt bu millətə...O zaman ən böyük məsuliyyət bizə düşür”.
İqbal Ağazadə qurultayda iştirak etmək istəyində olduğunu da gizlətməyib:
“Dəvət alsam, mütləq iştirak edəcəyəm. Orada da sözümü deyəcəyəm ki, özünüzü buraxın və ya könüllü istefa verin. Qoyun yeni partiya gəlsin və cəmiyyətin problemlərini həll etsin”.
Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.
Alçina Amilqızı, Bizim.Media