Niyə, məhz Lentsov? – Şoyqunun dostunun Qarabağa göndərilməsinin SƏBƏBLƏRİ

Niyə, məhz Lentsov? – Şoyqunun dostunun Qarabağa göndərilməsinin SƏBƏBLƏRİ

Hazırda oxunan: Niyə, məhz Lentsov? – Şoyqunun dostunun Qarabağa göndərilməsinin SƏBƏBLƏRİ

133056

Xəbər verdiyimiz kimi, aprelin 25-də Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Komandanının müavini, general-polkovnik Aleksandr Lentsov bu ölkənin Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edilib.

O, bu postda general Andrey Volkovu əvəzləyib. Lentsov Rusiya müdafiə naziri Sergey Şoyqunun yaxın adamı hesab olunur. 

Digər tərəfdən, hazırda Ukraynaya başı qarışan Rusiya ordusunun vəziyyəti elə də yaxşı deyil. Rus qoşunları müharibənin əvvəlində olduğundan fərqli olaraq indi artıq əsasən müdafiə mövqeyi tutub.   

Bu fonda maraqlıdır, Ukraynada çətinliyə düşən Rusiyanın Qarabağa Lentsov kimi nüfuzlu generalı göndərməkdə məqsədi nədir?

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Mirinin fikrincə, Qarabağdakı rus qoşunlarına rəhbərlik edən komandanın dəyişdirilməsi yeni situasiya və yeni reallıqla əlaqədardır:

“Sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi anlamına gəlir. Bundan sonra isə prosesin sürətlənməsi gözlənilir ki, Moskva da ona adekvat reaksiya vermək məcburiyyətində qalıb. Volkovun adı rüşvətxor, bazar adamı kimi hallanırdı. Bu isə Rusiyanın imicinə heç də xoş təəssürat yaratmırdı”. 

Həmsöhbətimiz bildirir ki, Azərbaycan müstəqil qaydada sərhəd-keçid məntəqəsi yaradıbsa, deməli bundan sonrakı addımları da heç kimdən sormadan atacaq: 

“Bakı bundan sonra 10 noyabr sənədinin 4-cü bəndini yerinə yetirməyə hazırlaşır. Çünki sərhəd tamamilə Azərbaycanın nəzarətinə keçəndən sonra Qarabağdakı problemləri həll etməyin yeganə yolu ərazidə qalan Ermənistan silahlı birləşmələri və erməni terrorçularını tərksilah edərək, ərazidən çıxarmaqdan ibarətdir.
Rusiya da bunu bildiyindən Lentsovu yeni reallıqlara uyğun olaraq göndərib ki, Azərbaycanla prosesin tənzimləməsini normal münasibətlər sistemində həyata keçirə bilsin. 

Bunun üçün Moskvaya növbəti bir şans verilir. Rusiya 4-cü bəndi yerinə yetirməyəcəksə, bunu Azərbaycan özü təkbaşına edəcək. Belə olan təqdirdə isə artıq Rus qoşunlarının Qarabağda mövcudluğuna ehtiyac qalmayacaq”. 

N. Mirinin fikrincə, Lentsov Azərbaycanla danışıqlarla bərabər, həm Ermənistan, həm də Qarabağdakı ermənilərlə danışıq məsələsində də cəlbedici şəxs ola bilər: 

“Ona görə ki, Lentsovun arvadının erməni olduğu barədə konkret informasiyalar var”. 

Politoloq qeyd edir ki, Lentsovun Azərbaycanın sərhəddə yaratdığı nəzarət-keçid məntəqəsinin ləğvi ilə bağlı praktiki olaraq hansısa addımlar ata biləcəyini düşünmək isə yanlışlıqdır: 

“Çünki artıq keçid məntəqəsi yaradılıb. Bu artıq geriyə dönüşü olmayan bir hadisədir. Ona görə bir deyil yüz Lentsov olsa da belə, həmin keçid məntəqəsinin ləğvilə bağlı hər hansı bir hadisənin baş verməsindən söhbət gedə bilməz. Güc yolu ilə onun həyata keçirilməsi nəinki Lentsova, heç kimə müəssər olacaq hadisə deyil. Ona görə də ermənilər bu cür xəyallara qapılmasalar, daha doğru olar”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO