Son iki gün ərzində Ermənistanda baş verən ölkə daxili çaxnaşmalar onsuzda ölkədə olmayan stabilliyi pozub.
Ermənistan silahlı qüvvələri baş naziri Nikol Paşinyanı istefa tələbi ilə çıxış edərək, onu postunu tərk etməyə çağırıb. Bu isə Ermənistanın Vətəndaş müharibəsinin eşiyində olduğunun xəbərçisidir.
Ermənistanda hökm sürən bu vəziyyətin nə qədər davam edəcəyi barədə müxtəlif proqnazlar var.
Politoloq Fikrət Sadıqov Bizim.Media-ya açıqlamasında hazırda Ermənistanda baş verən hadisələrin çox ziddiyyətli olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Biz “İsgəndər” raketlərini atdıq, niyə partlamadı?” – Paşinyandan Sarksiyana SUAL
Onun sözlərinə görə, hərbçilərin siyasi prosesə qarışmağa hüquqları yoxdur.
“Ermənistanda hər iki tərəf bəyanatlar verir. Digər tərəfdən isə görünür ki, ölkədə baş nazir idarəçiliyi tam nəzarəti altına götürə bilmir.
Hazırda Ermənistanda idarəçilik sistemi pozulub. Lakin proseslərdən də görünür ki, müxalifət Paşinyanı devirmək üçün yetərli dərəcədə güclü deyil. Ancaq etirazlar kütləvi xarakter daşısa, aksiya iştirakçılarının sayı çoxalsa, Paşinyan buna tab gətirə bilməyəcək. Ancaq Paşinyanın istefasının yaxın gələcəkdə baş verəcəyinə inanmıram”.
F.Sadıqov həmçinin qarşıdurmaların uzun müddət davam edəcəyi təqdirdə, ölkədə Vətəndaş müharibəsinin baş verəcəyi qaçılmaz olacağını da qeyd edib.
“Çünki hərbçilər və hüquq mühafizə orqanları baş nazirə qarşı çıxış edir. Bundan başqa biz hazırda erməni müxalifətinin də sərt çıxışlarını görürük. Bu da orada qan tökülmə ehtimalının olduğunun göstəricisidir”.
Politoloqun fikrincə, Paşinyanın “İsgəndər” raket kompleksi haqqında verdiyi açıqlamaları hərbçilər üçün bir bəhanə olub.
O, qeyd edib ki, onlar Paşinyana qarşı çıxış etmək üçün xüsusi bir səbəb axtarıblar:
“Məndə olan məlumatlara görə, ermənilər müharibə zamanı “İsgəndərdən” deyil, “Toçka-U” raketlərindən istifadə ediblər. Bunu hərbi ekspertlər də təsdiq edib”.
Sonda siyasi ekspert Paşinyanın hakimiyyətdən getməsinin noyabrın 10-da imzalanan sülh bəyanatına təsirindən də danışıb.
F.Sadıqov bildirib ki, yeni siyasi qüvvələr hakimiyyətə gəlsə, sülh bəyanatına dəyişiklik etmək cəhdləri ola bilər:
“Yeni siyasi qüvvələr hakimiyyətə gəlsə, guya bir sıra maddələrə reviziya edə biləcəklərinə inanırlar. Bu zaman onların hansısa bir maddəni yerinə yetirməmək arzusu gündəmə gələcək. Ancaq onlar öz revanşist iddialarında gücsüzdürlər.
Ermənilər axı nə edə bilərlər? Ermənilərin bu absurd iddialarını həyata keçirməyə gücləri yetməz. Onlar bəyanatda hərbi siyasi müttəfiqləri olan Rusiyanın da imzası olduğunu unutmamalıdırlar”.
Vüsalə Balayeva, Bizim.Media