Xəbər verildiyi kimi, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb və igəncə veriblər. İşgəncə ilə bağlı fotonu isə “Baqramyan26” teleqram kanalı (Ermənistan hökumətinə aiddir) yayıb.
Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Xarici İşlər Nazirliyi və İnsan Hüquqları Müvəkkili (Ombudsman) də münasibət bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat katibi İlahə Hüseynova Bizim.Media-ya bildirib ki, iki azərbaycanlının məsələsi barədə məlumatlıdırlar:
MÖVZU İLƏ BAĞLI:
Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU
“Biz ailələr və müvafiq qurumlarla əlaqədəyik. Məqsədimiz saxlanılan şəxslərə mümkün qədər tez baş çəkməkdir.
Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır".
Xatırladaq ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və digər aidiyyəti dövlət qurumları tərəfindən Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu ilə bağlı zəruri axtarış və araşdırma işləri davam etdirilir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, əsgərlərin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunub.
Alçina Amilqızı, Bizim.Media