Xəbər verdiyimiz kimi ötən Azərbaycan Xarici İşlər Nazirliyi İranın ölkəmizdəki səfirliyinin 4 əməkdaşını “persona-non-grata” elan edib. Bu da onu göstərir ki, molla-fars rejimi bütün qonşuluq prinsiplərini və Beynəlxalq hüquq normalarını ayaqlar altına atıb. Təbii ki, rəsmi Tehranın qeyri-sivil və cahil addımları cəmiyyətimizdə də hiddət doğurub.
Məsələ ilə bağlı Bizim.Media-ya danışan politoloq Amid Əliyevin sözlərinə görə, dövlətlərarası diplomatik münasibətlərdə bu hal o zaman tətbiq olunur ki, səfirlik və konsulluğun əməkdaşları öz üzərlərinə düşən vəzifələrdən başqa kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə məşğul olurlar:
MÖVZU İLƏ BAĞLI:
“Persona-non-grata” elan edilən İran diplomatlarının ADLARI
“Bu zaman həmin şəxslərə "arzuolunmayan" elan edilərək ölkə ərazisini tərk etmələri qəti şəkildə bildirilir. İran səfirliyi əməkdaşlarının “persona-non-grata” elan olunması Azərbaycan xüsusi xidmət orqanlarının son günlər İranın casus şəbəkəsinə qarşı keçirdiyi uğurlu əməliyyatın davamı kimi qiymətləndirilməlidir.
Yəni, İrana özünün danışdığı dildə cavab verilib. Terror, təxribat və riyakarlıq siyasətini təşviq edən İrana qarşı Azərbaycanın sərgilədiyi mövqe tam hüquqi və məntiqlidir. İran artıq 30 ildir ki, bütün müstəvilərdə Azərbaycanın daxili işlərinə birbaşa qarışır, ictimai-siyasi sabitliyin pozulmasını dəstəkləyir və Azərbaycanda dini hakimiyyəyin qurulması siyasətini həyat keçirir”.
Politoloq onu da qeyd etdi ki, İran səfirliyinin əməkdaşlarını Azərbaycandan çıxarılması heç də İranın siyasi və dini hakimiyyətinə yad olan akt deyil:
“1979-cu il inqilabından bir qədər sonra İran özü bir sıra qərb dövlətlərinin diplomatlarını əsassız olaraq ölkə ərazisindən çıxarıb. Son casus şəbəkəsinin aşkarlanması, İranın yersiz notasına cavabın verilməsi və nəhayət səfirlik əməkdaşlarının ölkədən çıxarılması kimi hallar İranın Azərbaycana olan riyakar mövqeyini dəyişməyəcək.
Əgər İranın siyasi hakimiyyəti səfirliyimizə qarşı olan qanlı terror aktının təfərrüatını və bir nəfər vətəndaşımızın taleyi haqqında məlumatı bu günə qədər verməyibsə, deməli İran bu qisim hadisələrdən lazımi dərs çıxarmaq təcrübəsinə malik deyil. Azərbaycan bölgədə sülhün bərqərar olması, təhlükəsizliyin təmini və qarşılıqlı şəkildə əməkdaşlığın təşviq olunması siyasətini təbliğ edir. İranın siyasi və dini hakimiyyəti bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Əks halda bu siyasət İranın özünə qarşı kəskin bir silaha çevriləcək”.
Siyasi şərçi Tural İsmayılovunsa məsələyə münasibəti bu cür oldu:
“Daha əvvəl İranın casus şəbəkəsinə qarşı aparılan əməliyyatda məlum olmuşdu ki, İran səfirliyinin bəzi əməkdaşları Azərbaycanda daxili vəziyyətin qarışdırılmasına çalışır. Təəssüflə deməliyik ki, İranın ölkəmizdəki səfirliyinin bəzi əməkdaşları öz mandatlarından kənar işlərlə məşğuldur. Bu isə təkcə Vyana Konvensiyasının və diplomatik xidmət keçmə ilə bağlı beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deyil, həm də İranın Azərbaycandakı səfirliyinin terror-casus şəbəkəsini dəstəkləyən bir dəstə halına gəldiyini göstərir.
Bu baxımdan 4 diplomatın “arzuolunmaz şəxs” elan olunması zənn edirəm ki, son dövrlərdə İranın casus şəbəkəsinin fəallaşması ilə bağlı ortaya çıxmış bir məqamı özündə ehtiva edir. Yəqin ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının apardığı istintaq əməliyyat prosesində həmin 4 nəfərin adı verilib”.
Tural İsmayılov onu da əlavə etdi ki, inanmıram ki, İran bundan bir dərs çıxarsın:
“Çünki, İranın tarixi missiyası və hadisələrə yanaşma tərzi onu göstərir ki, indiki mollakratik rejimin hadisələrə rasional yanaşma meyili tamamilə tükənib. Bu baxımdan son təxribatlarda itirən İran tərəfi olub və olacaq. Düşünürəm ki, Azərbaycan kimi bir qonşunu və tərəfdaşı itirmək İranın gələcək iqtisadi-siyasi mövcudluğu üçün də ciddi problemlər yaradacaq”.
Surxay Atakişiyev, Bizim.Media