Ermənistan müxalifəti 20 fevralda baş nazir Nikol Paşinyanı devirmək üçün növbəti dəfə şansını sınmağa qərar verdi.
Birləşmiş müxalifətin “Vətənin Qurtuluşu Hərəkatı” Yerevanın Respublika meydanında və paytaxtın küçələrində bir sıra yürüşlər keçirdi.
Əsas aparıcı qüvvə kimi “Daşnaksütyun” partiyasının çıxış etdiyi mitinqdə nəzərə çarpan ilk məqam iştirakçı sayının əvvəlki aksiyalardan elə də çox olmadığı idi.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan beynəlxalq sərgidə Ermənistanı qabaqladı - FOTO
Aksiyada iştirak edən müxalif partiya rəhbərlərinin çıxışları da bir-birini tamamalmaq əvəzinə fərqli problemlərə işıq tuturdu.
“Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Edmond Tsarukyan sosial problemləri qabardarkən, müxalifətin vahid namizədi Vazgen Manukyan Paşinyana qarşı polis və güc strukturlarından istifadə olunmasını lazımlı hesab edirdi.
10 noyabrdan bəri davam edən aktiv fəaliyyətinə baxmayaraq Ermənistan müxalifəti hələ də ideoloji əsasını tam olaraq müəyyən edə bilməyib. Müxalifət nə istədiyini və hakimiyyətə gəldiyi təqdirdə nə edəcəyi ilə bağlı konkret plana malik deyil.
Sülh razılaşmasının ilk günlərində Paşinyanı satqın adlandıran müxalifət 10 noyabr razılaşmasından çıxmağın lazım olduğunu şüar etmişdi.
3 ay sonra isə artıq Ermənistan müxalifəti 10 noyabr razılaşmasını müzakirə etmir, əksinə 11 yanvar razılaşmasına qarşı olduğunu bildirir.
Bu dəfəki mitinqlərin əsas qüvvəsi də “Daşnaksütyun” partiyasıdır. Ermənistan parlamentində təmsil olunmayan partiyanın Ermənistandakı nüfuzunun da o qədər yüksək olmadığı məlumdur.
Digər tərəfdən 10 noyabrdan etibarən keçən zaman Paşinyana rahat nəfəs almaq üçün imkan yaradıb. Əgər Ermənistan müxalifəti həqiqətən güclü mövqeyə malik idisə, elə 10 noyabrdan sonrakı bir neçə gün ərzində dəyişikliyə nail olmalı idi.
Hadisələrin ən pik olduğu dövrdən 3 ay sonra hər hansı dəyişikliyin olacağı isə ciddi ehtimal kimi görünmür.
Hazırkı siyasi proses erməni xalqının siyasi prosesə biganə yanaşdığını göstərir. Ermənistan hələ nə baş verdiyinin şokunu tədricən üzərindən atmağa çalışır.
Verilən itkilərin yası davam edir. Yaxınlarını itirmiş minlərlə insan üçün hakimiyyətdə kimin olmasının elə də bir önəmi yoxdur. Bu amil özünü həm Paşinyanın. Həm də müxlifətin təşkil etdiyi mitinqlərdəki iştirak saylarında göstərir.
Rusiyanın Ermənistandakı siyasi proseslərə baxışı da bu məsələdə ciddi önəmə malikdir. Müxalifətin radikal çıxışlarının fonunda Rusiya üçün Paşinyan hökümətinin qalmasını ən arzuolunan nəticə hesab etmək olar. Çünki imzalanmış razılaşmaların əsas məsuliyyəti məhz Rusiyanın boynundadır.
20 fevral mitinqində də müxalifət Paşinyanı devirməyə müəssər ola bilmədi. Ancaq bu mitinq müxalifətin yeni strategiyası ilə bağlı bir sıra ip ucları da vemiş oldu.
Belə ki, Vazgen Manukyanın güc strukturları ilə bağlı açıqlamaları müxalifətin daxildən baş verəcək hər hansı fəaliyyətə ümidli olduğunu və gələcəkdə də buna çalışacağının xəbərçisidir.
Son anketlərə görə Paşinyanın Ermənistandakı nüfuzu düşünüldüyü qədər zəif deyil. Ən azından əhalinin 30%-ə yaxını Paşinyanı mövcud durumda hakimiyytədə qalmasına tərəfdardır.
Lakin digər partiyaların və müxalif liderlərin faiz nisbəti də Paşinyanla müqayisədə olduqca aşağıdır.
Bu məlumatlar “Gallup İnternational Association”-un Yerevan ofisinin son yayımladığı nəticələrə əsasən belədir.
Ermənistan müxalifəti üçün ciddi xalq üsyanı və yeni inqilabın baş verməyəcəyi aydındır. Yalnız güc strukturalırnın əli ilə zorakı yolla hakimiyyətin ələ keçirilməsi qalır.
Lakin bu ehtimal da o qədər ağlabatan deyil. Xüsusilə son iki ildə güc strurukturlarındakı dəyişiklikləri və qərbmeylli kadrların irəli çəkilməsini düşünsək, müxalifətin gümanları yenə də özünü doğrultmayacaq.
İstənilən halda regional güclər və erməni xalqı seçki prosesində nələrisə dəyişməyə nail ola bilər.
Bu ehtimal da yay aylarından əvvəl mümkün görünmür. O vaxta qədər də Paşinyanın “xoş nağıllarla” erməni xalqının könlünü almaq üçün imkanı var.
Rəvan Əliyev, Bizim.Media