Qərb və Rusiyanın Gürcüstanda TOQQUŞAN MARAQLARI – Cənubi Qafqazı nə gözləyir?

Qərb və Rusiyanın Gürcüstanda TOQQUŞAN MARAQLARI – Cənubi Qafqazı nə gözləyir?

Hazırda oxunan: Qərb və Rusiyanın Gürcüstanda TOQQUŞAN MARAQLARI – Cənubi Qafqazı nə gözləyir?

124574

Son günlərdə siyasi gündəmdə əsas müzakirə mövzularından biri qonşu Gürcüstanda başlayan etiraz aksiyalarıdır. Belə ki, Gürcüstan parlamentinin “Xarici agentlər haqqında” qanun layihəsini I oxunuşda qəbul etməsindən sonra müxalifət və vətəndaş cəmiyyəti fəalları küçələrə axışıb. 

Martın 7-də baş verən aksiyalar artıq ilk nəticələrini də verib. Martın 9-da hökumət sözügedən qanunun geri qaytarıldığını elan edib. Lakin bu, etirazların sonunun gəldiyini deməyə əsas vermir. Çünki Gürcüstanın vətəndaş cəmiyyəti fəalları bu gün axşam saat 19:00-da parlament binası qarşısında növbəti etiraz aksiyası elan ediblər.

Gürcüstan Qərb-Rusiya qısqacında...

Gürcüstandakı etiraz dalğası hər nə qədər daxili siyasi problem kimi görünsə də, baş verənlərin pərdəarxası daha çox diqqət çəkir. Ən azı Qərb ölkələrinin olaylarla bağlı rəsmi açıqlamaları etiraz dalğasının arxasında xarici təsirlərin olduğunu deməyə əsas verir:

Helsinki Komissiyası: “Anti-demokratik, Rusiya tərzindəki "xarici agent" qanununun qüvvəyə minməsi Gürcüstanda demokratiyanın sürətli tənəzzülünü göstərəcək”.

Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel: “Xarici agentlər haqqında qanunun gürcü dilindəki variantının qəbulu Gürcüstan və onun xalqı üçün pis hadisədir və Tbilisinin Avropa İttifaqına daxil olmaq istəklərinə ziddir”.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays: “ABŞ öz universal hüquqlarından dinc şəkildə istifadə edənlərin yanındadır, bu universal hüquqlar sərbəst toplaşmaq, səsini ucaltmaq, azad şəkildə danışmaq, öz hökumətini məsul tutmaqdır”.
NATO: “NATO Tbilisidə 1-ci oxunuşda qəbul edilmiş qanun layihəsindən narahatdır”.

Qeyd olunan açıqlamalardan göründüyü kimi, Qərb müvafiq qanun layihəsinə qarşıdır. Digər tərəfdən, Gürcüstan müxalifətinin Avro-Atlantik Alyansa inteqrasiya tərəfdarı olmasını da diqqətdən kənar saxlamaq olmaz. Bunun əksinə, Gürcüstanın hazırki hökuməti əksəriyyət tərəfindən Rusiyayönümlü kimi dəyərləndirilir. 

Sırf bu amillər Gürcüstanda baş verənlərin Rusiya-Qərb toqquşmasının Cənubi Qafqazdakı təzahürü kimi də qiymətləndirilə bilər. Təbiidir ki, Moskvanın başının Ukraynaya qarışdığı bir vaxtda Qərbin gözündə Rusiyayönümlü olan Gürcüstan iqtidarı da hədəfdən kənarda qala bilməzdi.

Gürcüstan üçün yeni dönəm

Gürcüstanda baş verən olayların bütövlükdə Cənubi Qafqaza təsirsiz ötüşməyəcəyi ilə bağlı əksər ekspertlər həmfikirdir. Xüsusilə də, Gürcüstanda siyasi böhran və dəyişikliklər dalğasının başlayacağı ehtimalı daha çox səsləndirilir. Son olaraq hökumətin etirazçıların tələblərini yerinə yetirməsi də bu ehtimalı gücləndirib.

Belə ki, “qaçanı qovarlar” prinsipinin işə düşməsi və geri addım atan hökumətə qarşı təzyiqlərin daha da artacağı proqnozlaşdırılır. Vətəndaş cəmiyyətinin növbəti aksiyanı təyin etməsi də buna sübutdur.
Digər tərəfdən, Gürcüstanda hakimiyyətdaxili fikir ayrılıqları da diqqətdən yayınmır. Prezident Salome Zurabişvilinin etirazçılara dəstəyi hakim elita daxilində maraq toqquşmalarının olduğuna işarə edir: 

“Öz gələcəyini Avropada görən Gürcüstan heç kimə bu gələcəyi oğurlamağa icazə verməyəcək. Heç kimin tələ qurmağa haqqı yoxdur. Bu gələcək bizim gələcək nəsillərimizə aiddir. Moskvanın diktə etdiyi bu qanuna heç kimin ehtiyacı yoxdur”.

Regionu nə gözləyir?

Böyük güclərin regionumuzla bağlı siyasəti adətən vahid Cənubi Qafqaz kontekstində dəyərləndirilir. Bu isə o deməkdir ki, Gürcüstanda baş verən proseslər təkcə bu ölkə üçün hesablanmayıb. Son dönəmlərdə Paşinyan iqtidarının Rusiyaya qarşı açıq baş qaldırmasını da nəzərə alsaq, hadisələr arasında bağın olduğunu görə bilərik.

Baş verənlərin Azərbaycana mümkün təsirlərinə gəlincə isə, Gürcüstanın ölkəmiz üçün nə qədər böyük önəm kəsb etdiyini unutmamalıyıq. Gürcüstan faktiki olaraq Azərbaycanın Avropaya açılan nəfəsliyidir. Bu ölkədə qarışıqlıq rəsmi Bakı üçün arzuolunan deyil.
Lakin Gürcüstanda hakimiyyətin Qərb və Rusiyayönümlü siyasət yürütməsindən asılı olmayaraq, Azərbaycanla münasibətlərdə ciddi dəyişikliyin olması gözlənilmir. Saakaşvili və İvanişvili iqtidarları dönəmində Azərbaycan-Gürcüstan münasibətlərinin gedişatına baxmaq bunu görmək üçün yetərlidir...

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO