“İlk növbədə onu qeyd eləmək lazımdır ki, Azərbaycanla Türkiyənin gediş-gəliş məsələsində bütün maneələr aradan götürülüb. Hər iki ölkənin vətəndaşları sərbəst şəkildə (xarici pasport və vizasız) qarşılıqlı səfər edə biləcəklər. Bu isə münasibətlərin növbəti mərhələsidir”
Bu sözləri Bizim.Media-ya açıqlamasında politoloq Fikrət Sadıqov səsləndirdi.
MÖVZU İLƏ BAĞLI:
“Sərhəd mexanizminin qurulması tezləşdirilməlidir” - Politoloqdan açıqlama
Politoloq əlavə etdi ki, 11 sazişin içində bizi (Azərbaycan və Türkiyəni) yaxınlaşdıran məqamlar çoxdur.
“Çünki bizim Türkiyə ilə münasibətlərimiz qardaş əlaqələridir. Bütün sahələrdə inkişaf edən əməkdaşlıq mövcuddur.
İqtisadi, humanitar, siyasi və hərbi-texniki – mən şübhə etmirəm ki, bu məsələlər həmin o 11 sazişin içində mütləq öz əksini tapıb. Hesab edirəm ki, sazişlər hər iki ölkənin maraqlarına tam cavab verir, əlaqələrimizin daha da yaxınlaşmasına töhfə verəcək.”
Fikrət Sadıqov istisna etmir ki, əməkdaşlıq bu templə getsə Azərbaycan-Türkiyə - türk birliyi sərhəd tanımayacaq. Gələcəkdə sərhəddə mərhələli şəkildə yeni yumşalmalar da mümkündür.
O ki qaldı digər türkdilli ölkələrin də Azərbaycan-Türkiyə əməkdaşlıq formatına keçidinə...
“Digər türkdilli dövlətlər barədə bir şey deyə bilmərəm, çünki hər birinin öz siyasi prioritetləri var. Xarici siyasətdə öz xüsusiyyətləri var. Onların da bir sıra digər dövlətlərlə bağlılığı mövcuddur.
Xüsusən Rusiya ilə... Amma bəziləri onlara fayda versə, onlar hiss eləsə ki, belə bir alyansın müsbət nəticələri var və onların maraqlarına cavab verirsə, digər türkdilli məmləkətlər də bu alyansa qoşulmağa cəhd göstərə bilərlər”.
Sonda əməkdaşlıq baxımından hansı dövlətin Türkiyə və Azərbaycanla eyni xətti tuta biləcəyi ətrafında söhbət apardıq.
Qazaxıstan və Türkmənistanın sözügedən formata daxil olmasına elə də inanmayan politoloq Fikrət Sadıqov bildirdi ki, amma Özbəkistan ola bilər.
Anar Rəhimov, Bizim.Media