Bizim.Media AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, müharibə reportyoru, Birinci Qarabağ müharibəsinin dəhşətlərini lentə alan Ədil Arifoğlu ilə müsahibəni təqdim edir:
- Ədil bəy, 31 il əvvəl, Xocalıda xalqımıza qarşı soyqırım törədildi. Bundan əvvəl də, artıq müharibə aktiv fazaya qədəm qoymuşdu və siz də ön cəbhədə baş verənləri lentə alırdınız. Xocalı soyqırımına gedən yolu, daha əvvəl baş verən qətliamları, bölgədəki durumu necə xatırlayırsız?
- 1991-ci ilin dekabrından etibarən, mən cəbhə bölgələrinə getməyə başladım. İxtisaca teatr rejissoruyam və həm də müəllim kimi fəaliyyət göstərirdim. Lakin cəbhə bölgəsinə getməyə başladıqdan sonra, universitetdə işimi dayandırmalı oldum.
Xocalıdan əvvəl də hadisələrə şahid olmuş biri kimi deyə bilərəm ki, ilk əvvəl əhalidən silahları toplamağa başladılar. Lakin ayrı-seçkilik var idi. Rus qoşunları yalnız Azərbaycan kəndlərindən silahları yığır, ermənilərinkinə isə toxunmurdu. Bu hadisələr 20 noyabr 1991-ci ilədək davam etdi. Həmin gün dövlət adamlarının Qarakənddə vertolyotda vurulması, düşünürəm ki, Azərbaycan üçün uğursuzluqların başlanğıcı oldu.
Ermənilər planlı şəkildə bunları edirdilər. Və 1992-ci ilin 26 yanvarında Daşaltı əməliyyatı təşkil olundu. Bu isə cəbhədəki ilk hərbi uğursuzluq idi. Bütün bunlara baxmayaraq, azərbaycanlılar düşünmürdülər ki, insanlara qarşı Xocalıda olduğu kimi, qəddarlıqlar törədilə bilər.
Xocalının işğalından əvvəl bölgədə tam sakitlik idi. Lakin 366-cı alayın köməyi ilə bu soyqırımı törədildi. Sonradan öyrəndik ki, həmin gün Xocalıdan Əsgərana guya dinc əhalinin çıxması üçün koridor açıblarmış. Əslində isə, Xocalı sakinlərinin çoxu həmin koridorda qətlə yetirilib.
- Yanılmıramsa, Xocalıya hücumdan iki gün sonra siz artıq Ağdamda idiniz. Ağdama getməzdən əvvəl, Xocalıda törədilən qətliamın miqyası ilə bağlı məlumatınız var idimi?
- O zaman bizə məlumat verdilər ki, Xocalıda iki nəfər ölüb. Ancaq biz buna inanmırdıq. Çünki bölgədən gələn məlumatlardan itkilərin miqyasının daha böyük olduğu aydın olurdu.
“72 meyitdən 9-nun gözləri yerində idi”
- Həmin vaxt Xocalıda qətlə yetirilənlərin əksəriyyətinin cəsədi məhz Ağdam məscidinə gətirilmişdi. Siz, Ağdamda gördüyünüz mənzərəni, həmin dəhşətin izlərini necə xatırlayırsız?
- Biz 28 fevral 1992-ci ildə Ağdamda idik. O zamanlar cəbhə bölgəsinə gedən bütün jurnalistlər ilk növbədə Ağdama gəlir, daha sonra oradan başqa ərazilərə paylanırdılar. Xocalıya getmək fikrimiz var idi. Bizə məlumat verildi ki, Çingiz Mustafayev artıq orada olub və vertolyotla çəkiliş edib. Çingiz çəkilişdən sonra Bakıya gəldi və baş verənlərə dünyaya çatdırmaq məqsədilə Moskvaya uçdu.
Biz Ağdama gələndə öyrəndik ki, meyitlərin hamısını şəhər məscidinə gətirirlər. Orada vəziyyətə canlı şahid olduq, yaralıları, şəhidləri lentə aldıq. Biz oxuduğumuz kitablardan faşistlərin əməllərini bilirdik. Ancaq Xocalıda baş verənləri faşistlər belə etməzdilər. Təsəvvür edin, ilk olaraq 72 meyit gətirilmişdi. Onlardan cəmi 9-nun gözləri yerində idi. Uşaqların əlləri kəsilmişdi, qadınların üzüklərini çıxarmaq üçün barmaqlarını kəsmişdilər. İnsanlar nə edəcəklərini bilmirdilər, hər kəs öz yaxınlarını axtarırdı. Yük maşınları meyitləri gətirir, sağ qalanlar onun yanına qaçıb öz yaxının cəsədini tapmağa çalışırdı. Tapa bilməyənlər, növbəti yük maşınlarını gözləyirdilər.
Bir faktı da qeyd edim ki, 28 fevralda Ağdam məscidindən çəkdiyimiz kadrları ermənilər oğurlayıb, öz adlarına çıxmışdılar. Onları guya azərbaycanlıların erməniləri Ağdərədə öldürmə kadrları kimi təqdim edirdilər.
- Çəkdiyiniz kadrlar içərisində ən məşhurlardan biri Milli Qəhrəman Allahverdi Bağırovun iştirakı ilə erməni əsirlərin azərbaycanlılarla dəyişdirilməsidir. Həmin çəkilişin pərdəarxasında nələr baş vermişdi?
- Bəzi faktlar var ki, onunla bağlı heç kim danışmır. Məsələn, Xocalıdan 1275 nəfər girov götürülmüşdü. Onlardan 1003 nəfərin qaytarılmasını Allahverdi Bağırov təşkil etmişdi. Həmin vaxtlar Allahverdi Bağırov Vitali Balasanyanla çox yaxın idi. Elə Xocalı hadisələri baş verəndən sonra Allahverdi Bağırov Balasanyala əlaqə yaratdı və girovların qaytarılmasına başlanıldı.Tahir Qarayev, Seyidağa Mövsümlü, Zahid Bağırov da həmin kadrları lentə alıblar. Adətən, erməni tərəfi çəkilişlərə imkan vermirdi. Ancaq biz Allahverdi Bağırovun nüfuzundan istifadə edib, həmin anları çəkə bilirdik.
Məsələn, Çingiz Mustafayev ayrılan vertolyotlar fevralın 27-də gedib, Xocalıdakı qətliamı lentə almışdı. Lakin meşələrdə hələ də meyitlər var idi. Onların çəkilişini Seyidağa Mövsümlü Allahverdi Bağırovun köməyilə martın 2-də etdi.
Allahverdi Bağırovun təkcə Xocalı hadisələrində yox, Ağdamda da böyük fəaliyyətləri olub. Onunla bağlı dəfələrlə verilişlər hazırlamışam. Repartyor olaraq Ağdama gedəndə ilk olaraq Allahverdi Bağırovun, Şirin Mizəyevin, Fred Asifin, Qatır Məmmədin yanına gedirdik. Onlar bizə çəkiliş üçün hər cür şərait yaradırdılar. Allahverdi Bağırovun müəmmalı şəkildə minaya düşməsi, Şirin Mirzəyevin oxşar aqibəti yaşaması, Qatır Məmmədin həbs olunub, Bakıya gətirilməsi artıq Ağdamın gələcək taleyi ilə bağlı da çox şey deyirdi...
“İnsanlar düşünürdülər ki, Xocalıda baş verənləri, Kəlbəcərdə də törədəcəklər”.
- Lentə aldığınız hadisələr içərisində sizi ən çox dəhşətə gətirən mənzərə hansı olub?
- Zəngilan şəhəri və Şuşa istisna olmaqla, Qarabağ bölgəsində bütün rayonlarda çəkilişdə olmuşam. Müharibədə baş verən 10 dəhşətli hadisə varsa, 8-ni lentə almışam. Xocalı dəhşətlərini, başı kəsilmiş əsgərlərimizi, gözü çıxarılmış uşaqlarımızı, yandırılmış qadınları görmüşəm. Amma mənim üçün ən dəhşətlisi Kəlbəcərdə baş verənlər, insanların vertolyotla təxliyyəsi idi.
Biz 1993-cü il aprelin 1-i saat 13.00-da Kəlbəcərə çatdıq. Vertolyot meydanında çəkilişlərə başladıq. Sonradan bizə məlumat verdilər ki, ermənilər insanların təxliyyəsi üçün saat 19.00-a qədər vaxt veriblər. Ondan sonra bir vertolyot da uça bilməz. Bizdən gəlməmişdən əvvəl isə bir vertolyotu vurmuşdular. Murovdağ yolu isə bağlanmışdı. Təsəvvür edin, ondan bir il əvvəl Xocalı hadisələri olmuşdu. İnsanlar düşünürdülər ki, Xocalıda baş verənləri, Kəlbəcərdə də törədəcəklər. Ona görə də, hamı vertolyota minməyə çalışırdı. 25 nəfərlik vertolyota 60 nəfər minirdi. Mən Kəlbəcərdən sonuncu vertolyotla çıxdım. Ümumilikdə, həmin gün Kəlbəcərdən 360 nəfər itkin düşdü. Bir çoxları isə piyada Murovdağı aşmaq istəyərkən yolda öldülər.
- Qeyd etdiyiniz kimi, Milli Qəhrəmanlarımızın bir çoxu ilə birgə cəbhədə çiyin-çiyinə olub, şücaətlərini lentə almısınız. Onların əksəriyyəti şəhid olublar. Bəs, sağ qalan döyüşçülərlə münasibətiniz hələ də qalırmı?
- Əksəriyyəti dünyasını dəyişib. Sağ qalanlardan hələ görüşdüklərim var. Amma müharibə illərində yaxın münasibətdə olduqlarımdan həyatda olanlar çox azdır. Bir çoxu da müharibədən sonrakı illərdə dünyasını dəyişib. Məsələn, Goranboydan Maşallah adında biri var idi, bu yaxınlarda avtomobil qəzasında dünyasını dəyişəndək, onunla münasibətimiz qalırdı. Siz dedikdən sonra düşündükcə ağlıma gəlir ki, nə qədər çox tanıdıqlarımı müharibədə itirmişəm.
“Həmin gülləni hələ də özümdə saxlayıram”
- Əksəriyyət sizi vurulma kadrınızla xatırlayır, “öz ölümünü lentə almış reportyor” kimi tanıyırlar. Hətta, “youtube” kanalınızda da həmin videoya yazılan şərhlərin əksəriyyətində “Allah rəhmət eləsin” deyirlər. Həmin hadisə necə baş vermişdi?
- 1994-cü il fevralın 11-də Bakıdan Füzuliyə çəkilişə yollandıq. Komandir dostlarımız demişdi ki, hücuma keçib, Qorqan kəndini azad edəcəyik, həmin kadrları lentə almaq yaxşı olar. Bir faktı deyim ki, 1991-ci ildən bəri ilk dəfə idi ki, həmin gün döyüşləri iki kamera ilə lentə alırdıq. Kameraların biri rəhmətlik Fikrət Qafarovda, digəri məndə idi. Elə həmin döyüş ərəfəsində, mənim yaralanıb geriyə qayıtdığım planı da Fikrət Qafarov lentə almışdı.
Fevralın 12-də Füzulinin Seyidəhmədli kəndində Qorqan istiqamətində döyüşlər başladı. İrəlidə çəkiliş aparıram, başımızın üstündə isə 3 erməni snayperi var. İlk dəfə idi ki, səhvə yol verdim. Həmişə ön cəbhədə döyüşləri sürünə-sürünə çəkirdim. Mənim yanımdakı əsgərin qulağından güllə dəydi və yerdə çapalamağa başladı. Özümdən asılı olmayaraq, qalxıb onu çəkməyə başladım. Həmin vaxtda snayper məni vurdu. Həmin vaxt heç bilmirdim ki, məni snayper vurub, elə bilirdim qəlpədir. Müharibədə olanlar yaxşı bilir ki, snayper gülləsi boğazdan girib, beyinin arxasında qalırsa, həmin insan sağ qala bilməz. Həm də öyrəndim ki, güllə 200 metr məsafədən atılıb. Sağ qalmağım Allahın işidir.
Həkimlər də elə bilirdilər ki, qəlpədir, güllə ola bilməz. Çünki snayper gülləsi, adətən boğazı yarıb, çıxır. Yuxarı nayihədən snayper gülləsi dəyib, sağ çıxan bir nəfər tanıyıram, o da İlham Zəkiyevdir. Güllə bir gicgahında girib, digərindən çıxmışdı.
İki əməliyyat keçirdim. Həkimin birinci müdaxiləsindən sonra ayağa qalxdım, amma başım gicəlləndi. Elə bildilər, çox qan itirdiyim üçün belə olub. Sonradan gördülər ki, snayper gülləsi hələ də beynimin arxasındadır. Həmin gülləni hələ də özümdə saxlayıram.
- Hazırda Azərbaycanda hərbi jurnalistikanın vəziyyətini necə dəyərləndirirsiz?
- Hərbi müxbirlərimiz çox azdır. Peşəkar hərbi müxbir kimi ən çox tanınan Rahib Qəribdir. Amma Rahib Qəribdən hərbi müxbir kimi istifadə olunmur. Çünki silahları, hərbi sirrin nə olduğunu bilir. “AzTV”də gənclərdən Turqut Bayramov var, o da yaxşıdır. Gərəkdir ki, hərbi müxbirlərimiz olsun.
Təklif etmişdim ki, Jurnalistika fakültəsində hərbi jurnalistika üçün 10 nəfərlik yer ayrılsın. Bizim hələ də azad edəcəyimiz torpaqlarımız var. Cənab Prezident də qeyd edib ki, ermənilər öz öhdəliklərini yerinə yetirməsələr, biz lazımi addımları atacağıq. Amma onları lentə almaq üçün hərbi jurnalistlər yox dərəcəsindədir. Hərbi jurnalistlər yetişdirmək lazımdır. Əyninə “press” yazılan gödəkcə geyinməklə hərbi jurnalist olmur. Hərbi müxbir olmaq hərbinin sirrlərini bilməkdən əlavə, böyük cəsarət tələb edir. Müharibə olmasa belə, minaya düşmək qorxusu var. Məsələn, müharibədən bir il sonra jurnalist həmkarımız minaya düşdü.
Bir faktı açıqlayım. Birinci Qarabağ Müharibəsində 7-8 hərbi reportyor döyüşləri lentə alıb. Həmin dövrdə biz dağılmış evləri lentə alanda xəcalət çəkərdik. Bir-birimizə deyirdik ki, “döyüş bölgəsindən 30 km geridə mərmi düşüb, ev dağılıb onu çəkmisən, niyə ön cəbhəyə getmirsən?”. Nə var idi ön cəbhədə çəkərdik. Allah saxladı ölmədim. Çingizdən sonra mən gəlməli idim.
Kəlbəcərdən vertolyotla çıxanda düşünürdük ki, vertolyotu vursalar necə olacaq. O baxımdan ki, vertolyotda ölməyi qəbul etmək istəmirdik. Fikirləşirdik ki, heç olması döyüşdə ölərdik.
“Bu qədər rayonlarımız azad edildi, sabah biz tarixi kadrlar kimi nəyi göstərəcəyik?”
- Birinci Qarabağ müharibəsindən fərqli olaraq, Vətən müharibəsində döyüş bölgələrindən peşəkar çəkilişlər olmadı...
- Bəli, döyüşlərin içərisindən çəkilişlər olmadı, yalnız arxa planda görüntülər var. Əslində olmalı idi. Bu gün biri deyir Şuşaya bayrağı filankəs taxıb, o biri deyir başqası. Amma müharibə gedə-gedə, həmin bayrağı sancan döyüşçülərin çəkilişləri olsa, belə olmazdı. 44 günlük müharibədə iştirak edən döyüşçülərlə verilişlərim olub. Onlar da çəkilişlərin olmamasından şikayətləniblər. Təəssüf ki, mən özüm də Vətən müharibəsində iştirak edə bilmədim. Çoxu deyir ki, “icazə vermədilər deyə, gedə bilmədim”. Yaxşı, Gəncəyə kim icazə vermədi ki, bomba düşəndə jurnalistlərimizdən heç kim çəkiliş etmədi?
Bizə də müharibədə çəkilişə icazə vermirdilər. Gizlincə gedib, çəkiliş edirdik. Bir dəfə Qubadlıda komandir məni çəkiliş etməyə qoymadı. Döyüşçülər yolu kəsmişdi. Komandirə dedim ki, bəs dərə ilə gedib, rayonun içərisindən çəkiliş edə bilərəm? Dedi ki, qaçaq yoldur, olar. Mən də o yolla gedib Qubadlını çəkmişdim. Yaxud, Füzuliyə gedəndə kameranı əlimdən almışdılar. Həmin kadrlar da var. Bütün rayonlarda oxşar maneələr olurdu.
90-cı illərdə bir kənd belə azad olunanda bayram olardı. Bu qədər rayonlarımız azad edildi, sabah biz tarixi kadrlar kimi nə göstərəcəyik? Qəhrəmanlarımızı necə xatırladacağıq? Fikir verin, Birinci Qarabağ Müharibəsində baş verən bütün döyüşlər lentə alınıb. Amma 200 ildə ilk dəfə qələbə qazanmışıq, qəhrəmanlarımızı tanıtmaq üçün bir dənə də görüntü yoxdur.
Biz çəkdiklərimiz əsasən qan-qada, məğlubiyyətlər idi. Demirəm ki, 44 günlük savaşdan çəkilən kadrlar həmin anda efirə verilərdi. Amma savaşdan sonra həmin görüntülər əsasında çox gözəl filmlər çəkilə bilərdi.
“İstəmirəm ki, əlimdəki arxivləri verim, sonra da məhv olsun”
- Ümumilikdə, Birinci Qarabağ Müharibəsi ilə bağlı lentə aldığınız kadrların həcmi 600 saata yaxındır. Yalnız kiçik bir hissəsini “Youtube” kanalında paylaşmısınız. Həmin kadrların saxlanılması ya da onlardan istifadə etmək üçün sizə müraciət edən olubmu?
- Həmin kadrlardan 60 faizini “Youtube” kanalımda paylaşmışam. Yerdə qalanlar içərisində isə çox dəhşətli kadrlar var. Onları da nə vaxtsa paylaşacam. 1993-cü ilin oktyabrında Babək Hüseynov tərəfindən studiyamız “215KL” dağıdıldı və bütün arxivlər məhv oldu. Müharibədən çəkdiyim kadrları studiyada bir şkafa yığmışdım. Onları kisəyə yığıb gətirmişəm. 1995-ci ildə AzTV-də enerji blok deyilən yerdə nə qədər kaset yandırıldı, videoarxiv dağıldı. Mənim də 15 saatlıq Qarabağ materialım yoxa çıxdı. Mən istəmirəm ki, əlimdəki arxivləri verim, onlar da məhv olsun.
Bu günə qədər heç kim mənə kadrlarımdan istifadə etmək üçün müraciət etməyib. Yalnız Milli Qəhramanların bir neçə görüntüsünü istəyənlər olub. 600 saatlıq kadrların hər birini xronoloji olaraq sistemləşdirmişəm. Çəkdiklərimin hamısı tariximizdir. Rayonlarımızın işğaldan əvvəlki görüntüləri var, onları dünyaya çatdırmaq lazımdır. Dünya indi dağılmış bölgələrin əvvəlki halını görməlidir. Eyni zamanda qaçqınların çadırlarda, vaqonlarda çəkilişləri arxivlərimdə var. Təəssüf ki, məndən başqa heç kimdə o kadrlar yoxdur. Onlara sahib çıxmaq lazımdır.
- Qeyd etdiniz ki, müharibə reallıqdır. Sabah hərbi əməliyyatların başlayacağından heç kim sığortalanmayıb. Əgər müharibə olsa, yenə də döyüşləri lentə almaq üçün gedərsinizmi?
- Bəli. Birbaşa müharibə bölgəsindən 4 illik təcrübəm var. 55 yaşım olacaq, indi də cəbhə bölgəsindən çəkilişlər edirəm.
- Vaxt ayırdığınız üçün təşəkkür edirəm.
- Buyurun, müsahibə üçün mən təşəkkür edirəm.
QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
Çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.
Murad Əhmədov, Bizim.Media