"İrandan terrorçunun və sifarişçilərin cəzalandırılmasını, xalqımızdan üzr istənilməsini tələb edirik" - YAP

Hazırda oxunan: "İrandan terrorçunun və sifarişçilərin cəzalandırılmasını, xalqımızdan üzr istənilməsini tələb edirik" - YAP

116976

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumla əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı bəyanat yayıb.

Partiyadan Bizim.Media-ya verilən xəbərə görə, bəyanatda deyilir:

"Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub.
Dünyada tolerantlıq nümunəsi, multikulturalizm diyarı, sülh və sabitlik tərəfdarı kimi tanınan, dinc birgəyaşayışa, sivil inkişafa və ümumbəşəri dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan Respublikası terrorun bütün forma və təzahürlərini rədd edərək qətiyyətlə pisləyir.

Dövlətimizi və xalqımızı hədəfə almış bu vandalizm aktının arxasında dayanan mənfur qüvvələr bilməlidirlər ki, insanlığa sığmayan, milli və dini dəyərlərə, sivil münasibətlərə və beynəlxalq hüquq normalarına zidd olan bu cür çirkin metodlarla Azərbaycana təsir və təzyiq göstərmək, onu hər hansı bir güzəştə məcbur etmək və müstəqil siyasətindən döndərmək mümkün deyil.

44 günlük Vətən müharibəsinin nəticələri və sonrakı proseslər göstərdi ki, Azərbaycan istənilən təhdidin qarşısını almağa, illərdir regionda kök salmış terrorizmin başını əzməyə və bütün strateji hədəflərini gerçəkləşdirməyə qadirdir.

Regionda yeni reallıqlar yaradan, Cənubi Qafqazın lider dövləti kimi güc mərkəzinə çevrilən, dünyada etibarlı tərəfdaş kimi tanınan qalib Azərbaycanın qüdrətinin artmasından narahat olan qüvvələrin istənilən təxribat cəhdi iflasa məhkumdur və bundan sonra da heç bir nəticə verməyəcək!
Yeni Azərbaycan Partiyası olaraq bu xain terror aktını qətiyyətlə pisləyir, şəhid olmuş Orxan Əsgərovun ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralı qardaşlarımıza şəfa diləyir və İran İslam Respublikasından hadisənin hərtərəfli araşdırılaraq hüquqi qiymət verilməsini, qanlı təxribat törədən terrorçunun və onun arxasında dayanan sifarişçilərin layiqincə cəzalandırılmasını, nəhayət, Azərbaycan xalqından üzr istəyərək ölkəmizə qarşı uzun müddətdir ki, davam edən isterika və təbliğata son qoyulmasını, hadisənin əsl mahiyyəti ilə bağlı dəqiq və düzgün məlumat verilməsini tələb edirik!”

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.  

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO