Azərbaycan-İran münasibətlərində davam edən gərginlik fonunda İslam Şurası Məclisinin sədri Məhəmməd Bağer Qalibafın açıqlaması hər iki ölkədə diqqəti cəlb etdi.
Ötən həftə APA-nın Antalyada keçirilən 13-cü plenar sessiyası çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşən Qalibaf Tehrana qayıdarkən jurnalistlərə verdiyi müsahibədə bildirdi ki, son vaxtlar Azərbaycan Respublikası ilə münasibətlərdə meydana çıxan bəzi anlaşılmazlıqlar aradan qaldırıldı.
Əsassız nikbinlik təsiri bağışlayan bu açıqlama Azərbaycan mediasında qeyri-səmimi mövqe kimi dəyərləndirildi. İran mətbuatında isə kəskin tənqidlərlə üzləşdi.
Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi araşdırma aparıb.
Məsələn, ölkənin diplomatik dairələrinə bağlı saytda dərc olunan “İranın Bakı ilə problemi anlaşılmazlıq deyil” başlıqlı məqalədə Qalibafın sözlərinə etiraz edilməklə yanaşı, son otuz ildə İranın Azərbaycan siyasətinin tamamilə yanlış olduğu vurğulanır və onun islah olunması üçün bir sıra təkliflər irəli sürülür ki, bunların içərisində Azərbaycanda etnik separatizmi dəstəkləmək, Təbrizdə Ermənistan konsulluğunun açılmasını tezləşdirmək kimi təkliflər də yer alır.
Yaxud, yarımrəsmi “Mehr” agentliyinin bu mövzuda dərc olunan geniş yazısında İran parlamenti sədrinin açıqlaması gerçəkliyə uyğun olmayan bəyanat kimi qiymətləndirilir və iddia olunur ki, “hazırda İŞİD üzvlərinin, təkfirçilərin, sionistlərin, pantürkist separatçıların, ingilislərin və NATO qüvvələrinin Azərbaycanda mövcudluğunun şahidiyik və bu qruplar İranın milli təhlükəsizliyi əleyhinə fəaliyyət göstərmişlər və göstərəcəklər”.
Belə bir şəraitdə cənab Qalibaf ilk növbədə öz ölkəsindəki “anlaşılmazlıqları” aradan qaldırmalı, Azərbaycan əleyhinə ara verməyən qondarma ittihamların haradan və nədən qaynaqlandığını aydınlaşdırmalıdır.
Azərbaycana gəldikdə isə, “Sepah”ın sərhəddə keçirdiyi təlimlər, Qafanda İran konsulluğunun açılmasının ardınca otuza yaxın İran vətəndaşının Qarabağa qanunsuz gəlişi, İranın Ermənistana bağışladığı raketlər, İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını qanunsuz silahlı birləşmələrə cəlb etməsi... anlaşılmazlıqlar deyil, real faktlardır və rəsmi Tehran öz şimal qonşusu ilə münasibətləri normallaşdırmaq üçün bu məsələlərə aydınlıq gətirməlidir.
Həqiqət budur ki, iki ölkənin münasibətlərində hansısa anlaşılmazlıqlar deyil, gerçək ziddiyyətlər mövcuddur və onların həlli üçün müvafiq iradə ortaya qoyulmayınca Qalibafın səsləndirdiyi tipli açıqlamalar ciddi qəbul olunmayacaqdır.
Yox, əgər İran hakimiyyəti Qalibafın dili ilə mövcud ziddiyyətlərin, əvvəllər olduğu kimi, üzərindən adlayıb gəlişigözəl sözlərlə konkret taktiki hədəflərinə çatmaq istəyirsə, bilməlidir ki, nə şərait o şəraitdir, nə də Azərbaycan əvvəlki Azərbaycandır.
Bunu Milli Məclisin spikeri Sahibə Qafarovanın Qalibafla görüşdə səsləndirdiyi və İran mediasında əksini tapmış incə mesajlar da təsdiq edir. Xanım sədr deyib:
“İki ölkəni bir-birinə yaxınlaşdıran təkcə coğrafiya və müştərək sərhədlər deyil, həm də odur ki, hər ikimiz müsəlmanıq və İran əhalisinin böyük bir hissəsi Azərbaycan dilində danışır”. Bu sözləri diplomatik dildən “tərcümə etsək”, mesajlar bunlardır:
1) Azərbaycan və İran müsəlman ölkələridir, elə isə özünü İslam Respublikası adlandıran İran Azərbaycanın qeyri-müsəlman düşməni ilə (Ermənistanla) dostluqdan əl çəkməlidir;
2) İran hakimiyyəti azərbaycanlıların ölkə əhalisinin böyük bir hissəsini təşkil etdiyini unutmamalıdır və Azərbaycan tərəfi, dövlət başçısının da bəyan etdiyi kimi, onların hüquqlarından vaz keçmək fikrində deyil.
Qeyd olunan amillər, S.Qafarovanın da vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq üçün geniş zəmin yaradır, amma İran tərəfi, bir qayda olaraq, müştərək cəhətləri ixtilaf mənbəyinə çevirmək yolunu tutur.
Lakin, dəyişən reallıq və düşdüyü vəziyyət İran hakimiyyətindən Azərbaycanla təzyiq dilində danışmaqdan əl çəkməyi, Türkiyə və Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatına səmimi şəkildə qoşulmağı tələb edir. Əks təqdirdə, onun regionda daha da təklənməsi qaçılmazdır.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:21 / 17.01.2023
İran-Azərbaycan münasibətləri: anlaşılmazlıqlar, yoxsa ziddiyyətlər?
Hazırda oxunan: İran-Azərbaycan münasibətləri: anlaşılmazlıqlar, yoxsa ziddiyyətlər?
Hazırda oxunan: İran-Azərbaycan münasibətləri: anlaşılmazlıqlar, yoxsa ziddiyyətlər?
115131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.