Bu gün Dünya Azərbaycanlıların Həmrəylik günüdür. Artıq 30 ildən çoxdur ki, xalqımız bu bayramı böyük təntənə ilə qeyd edir.
Bizim.Media-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirir ki, Həmrəylik bayramı milli hədəflərimizi göstərən bir tarixdir:
“Həmrəylik bayramını millətimiz mübarizə ilə qazanıb. Son 200 ildə xalqımız ayrılığa ən böyük təpkini 1989-cu ilin 31dekabr sərhəd hərəkatı ilə göstərdi. Bu hərəkatla dünyaya mesaj oldu ki, ruhən Azərbaycan xalqını bölmək olmaz.
1990-cı ilin noyabrında ilk dəfə İstanbulda Dünya Azərbaycanlıların qurultayı keçirildi. Orada bu bayram haqqında ilk fikirlər səsləndi və sonradan rəsmiləşdi. Dünya Azərbaycanlıların həmrəyliyi 44 günlük müharibə dövründə də öz təsdiqini tapdı.
Həmçinin, Güney Azərbaycanla bağlı məsələlər, Azərbaycan Prezidentinin dünyadakı həmyerlilərimiz, o cümlədən güneydəki soydaşlarımıza sahib çıxmaqla bağlı verdiyi mesajlar da mühümdür. Bu birliyi qoruyub saxlamaq lazımdır. Azərbaycan xalqı 1988-1989-cu illərdə ilin ən mübariz xalqı seçildi. 2020-ci ildə isə xalqımız ən döyüşkən xalq adlandı. Həmrəylik bayramı bu mənada döyüşlə, biləyinin gücü, ağlı ilə qazandığı bir bayramdır. Bu həm də milli hədəflərimizi göstərən bayramdır. Azərbaycan üçün tarixi coğrafi ərazilərimizdə Bütöv Azərbaycanın qurulması ədalətli status kvodur”.
AXP sədri Pənah Hüseyn qeyd edir ki, istər Qarabağda suverenliyimizin, istərsə də cənubdakı soydaşlarımızın hüquq və mənafelərinin bərpası istiqamətində yeni dönəm başlayıb:
“Həmrəylik hər zaman lazımdır. Amma müharibə vəziyyətində olduğumuz dönəmdə ən vacib olan məsələ milli həmrəylikdir. İstər ölkə daxilində, Qarabağda suverenliyimizin bərpası, istərsə də cənubdakı soydaşlarımızın hüquq və mənafelərinin bərpası istiqamətində yeni dönəm başlayıb. İnşallah, xalqımız üçün bu dönəm də qalibiyyətlə başa çatar”.
Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli ümid edir ki, gələcəkdə güneyli, quzeyli soydaşlarımız arasında sərhəd dirəkləri olmayacaq və Azərbaycan bütövləşəcək:
“Həmrəylik günü sərhəd hərəkatından başlayan bir gündür. İranla sərhədin sökülməsi və nəticədə uzun müddət ayrı düşən azərbaycanlıların bir araya gəlməsilə əlaqədar olan gündür. Həmrəylik günü Azərbaycan xalqının bütövləşməsində mühüm rol oynayan gündür. Çünki həmin gündə quzeyli, güneyli soydaşlarımız bir araya gəlirlər. Ümid edirəm ki, gələcəkdə aramızda sərhəd dirəkləri də olmayacaq, Azərbaycan bütövləşəcək. Onda da bütöv xalq olaraq bayramı Təbrizlə birlikdə qeyd edəcəyik”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:00 / 31.12.2022
“Əsas həmrəylik bu gündən sonra lazımdır” – Müxalif partiya LİDERLƏRİ
Hazırda oxunan: “Əsas həmrəylik bu gündən sonra lazımdır” – Müxalif partiya LİDERLƏRİ
Hazırda oxunan: “Əsas həmrəylik bu gündən sonra lazımdır” – Müxalif partiya LİDERLƏRİ
112563
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.