Ermənistanla Azərbaycan arasında sülh sazişinə əngəl olan 5 SƏBƏB

Ermənistanla Azərbaycan arasında sülh sazişinə əngəl olan 5 SƏBƏB

Hazırda oxunan: Ermənistanla Azərbaycan arasında sülh sazişinə əngəl olan 5 SƏBƏB

112144

Ermənistanla Azərbaycan arasında bağlanmalı olan sülh sazişi şansı daha bir il də əldən qaçırıldı. Baxmayaraq ki, 2022-ci ildə sülh sazişinin imzalanması üçün unikal imkanlar yaranmışdı. Lakin, sentyabr ayından sonra vəziyyət birdən-birə 180 dərəcə dəyişdi. Bəlli oldu ki, bu il də sülh sazişi imzalanmayacaq.

Bəs, Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına hansı qüvvələr mane oldu?

Birincisi, sülh sazişinin imzalanmasına erməni diasporu və Ermənistandakı bəzi radikal qüvvələr əngəl oldu. Erməni diasporu ona görə bu prosesə əngəl oldu ki, onların ipi xaric dövlətlərin siyasi dairələrinin əlindədir.

Həmin qüvvələr də bu sülh sazişini hələki istəmir. Ermənistandakı radikal qüvvələr ona görə sülh istəmir ki, bu hadisənin baş verəcəyi təqdirdə onların siyasi hakimiyyətə gəlmək şansı 0-a enir, Paşinyansa siyasi hakimiyyətini möhkəmlətmiş olur.
İkincisi, sülh sazişini Fransa istəmədi. BMT-nin Təhlükəsizlik Şurasının üzvü, ATƏT-in keçmiş Minsk qrupunun həmsədlərindən biri və özünü ermənilərin ən yaxın dostu kimi göstərməyə çalışan Fransa Ermənistanla Azərbaycan arasında davamlı sülhün olmasına qətiyyən razı deyil.

Çünki, rəsmi Paris bilir ki, Cənubi Qafqaza davamlı sülh gəlsə bundan ən çox bəhrələn region dövlətləri, o cümlədən Türkiyə olacaq. Fransızlarsa Türkiyənin uğurunu heç zaman istəmir.

Üçüncüsü, İran da Cənubi Qafqazda sülh istəmir. Çünki, davamlı sülh şəraitində İran regionda həyata keçiriləcək beynəlxalq layihələrdən kənarda qalacaq.

Azərbaycanla Türkiyə arasında yeni və perspektivli kommunikasiya xətti gələcəkdə Turan Birliyinin yaradılmasına və Azərbaycanın Avropa ilə Asiya üçün vazkeçilməz bir dövlətə çevrilməsinə səbəb ola bilər. İran isə bəlli səbəblərdən qüdrətli Azərbaycanı görmək istəmir.
Dördüncüsü, Rusiya da Cənubi Qafqazda sülhün olmasını istəmir. Çünki, Moskvanın hələlik başı Ukrayna müharibəsinə qarışıb. Ona görə də Kreml Cənubi Qafqaz planlarını hələlik arxa plana keçirib. Rusiya ən azı 2025-ci ilə qədər davamlı sülhü istəmir.

Bu da Qarabağdakı sülhməramlıların mandatı ilə bağlıdır. Üstəlik, Rusiya istəmir ki, sülh sazişində Qərbin imzası olsun. Moskva bu sülh sazişinə öz məhsulu kimi baxır.
Beşincisi, ABŞ da Cənubi Qafqazda davamlı sülhü istəmir. Bu həm Rusiya və Türkiyə faktorları ilə, həm də sülh sazişində Ağ Evin əsas söz sahibi ola bilməməsi ilə bağlıdır. Ağ Evdəkilər istəyirlər ki, dünyada istənilən sülh sazişi yalnız ABŞ-ın adı ilə bağlı olsun.

Beləcə, sadaladığımız 5 səbəb Cənubi Qafqaza davamlı sülhün gəlməsini daha bir il ləngitdi.

Baxmayaraq ki, 44 günlük müharibədən sonra Ermənistanla Azərbaycan arasında imzalanan bəyanatdan 2 ildən artıq vaxt keçir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO