İranda etirazlar səngimir. Bütün İran xalqı, o cümlədən güneyli soydaşlarımız mövcud rejimin onlara qarşı qatil rəftarına qarşı ayağa qalxıb. Azərbaycan şəhərlərində də bu etirzalar geniş vüsət alıb. Amma bəzi siyasi ekspertlərin fikrincə hazırda İranda Güneyli soydaşlarımızı irəli aparacaq bir lider çatışmazlığı hiss olunur. Buna görə də aksiyaların mütəşəkkilliyi baxımdan müəyyən problemlər var.
Güney Azərbaycanın milli fəalı, “Günaz” TV-nin rəhbəri Əhməd Obalı bu gün Mətbuat Şurasında jurnalistlərlə keçirdiyi görüşdə Bizim.Media-nın liderlik məsələsi ilə bağlı syualını da cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
"Cənubi Azərbaycan azad edilməli, Şimalla birləşməlidir" - Əhməd Obalı
O, bildirib ki, bizim xaricdə və daxildə güclü fəallarımız var:
“Biz inanırıq ki, bu hərəkatın liderləri gələcəkdə daxildən özü-özünü göstərəcək. Ümumiyyətlə, İrandakı azadlıq hərəkatımızın liderlik problemi yoxdur Ona görə də əlavə əndişəyə ehtiyac görmürəm”.
Güneyli fəal qeyd edib ki, təhülkəsizlik məsələsini nəzərə alaraq milli dövlətçiliyimiz ən vacib istəyimiz olmalıdır:
“Onun formasını sonradan müzakirə etmək olar. Hələlik bir qism tam müstəqillik, dərhal bütövlük, digər bir qism bir az müstəqil sonra bütövlük, başqa bir qism isə keçici olaraq konfedrasiya olmasını deyir. Amma bütün xətlər üzrə milli dövlətçilik əsas şərtdir. Nə olursa, olsun, Azərbaycan dövləti olsun. İranın dağılması üçün deyil, bütöv Azərbaycanın yaşadılması üçün çalışırıq”, - deyə Əhməd Obalı fikrini yükunlaşdırıb.
Aləmdə Nəsib, Bizim.Media