Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib – FOTO/VİDEO-YENİLƏNİB 

Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib – FOTO/VİDEO-YENİLƏNİB 

Hazırda oxunan: Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib – FOTO/VİDEO-YENİLƏNİB 

102807

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə zeytunçuluq kompleksinin yaradılması ilə bağlı görülən işlər barədə videoçarxı izləyib. 

“Abşeron Zeytun Bağları” MMC-nin nümayəndəsi Rəmzi Şükürov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. 

Bildirilib ki, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib.
Sonra dövlət başçısı ərazidə zeytun ağacı əkib.

Prezident İlham Əliyev avtobusla kompleksin ərazisini gəzib.

“Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır Prezident İlham Əliyevə ərazidə salınmış zeytun bağları barədə məlumat verib.

Qeyd edilib ki, layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb.

Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb.

Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa edilmişdir. Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur.

Qeyd olunub ki, bağların suvarılması məqsədilə İsrailin “Netafim” şirkəti ilə əməkdaşlıq çərçivəsində tam avtomatlaşdırılmış suvarma sistemləri qurulub.

Sonra Prezident İlham Əliyevə zavodda görülmüş işlər barədə də məlumat verilib.

Bildirilib ki, İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində ildə 4 min ton zeytun yağı istehsal etmək gücünə malik zavod qurulub. Müəssisədə beş istehsal xətti yaradılıb. Zavodda soyuq sıxım “Extra Virgin” zeytun yağı istehsal olunur.

Daha sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunan zeytun yağlarının nümunələri ilə tanış olub.

Diqqətə çatdırılıb ki, müəssisədə istehsal olunan məhsullardan nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz olunub və məhsulların mövcud tələblərə uyğunluğu təsdiq edilib.
Dövlət başçısı zavodu işə salıb, istehsal prosesi və laboratoriyaların işi ilə tanış olub.

Azərbaycan Prezidentinə kompleksdə istifadə olunan “New Holland” texnikası barədə məlumat verildi. Bildirildi ki, dünyanın qabaqcıl texnologiyası olan “New Holland” kombaynı ilə zeytun toplama Azərbaycanda ilk dəfə məhz “Abşeron Zeytun Bağları” MMC-də həyata keçirilir.

Prezident İlham Əliyev müəssisənin süfrəlik zeytun emalı sahəsi ilə də tanış olub.

Məlumat verilib ki, ərazidə Türkiyənin “Tutkun Makina” şirkəti ilə əməkdaşlıq çərçivəsində illik min ton xam zeytun qəbul etmə imkanı olan süfrəlik zeytun emalı sahəsi qurulub.

Gələcəkdə fermentasiya çənlərinin sayını artırmaqla istehsal sahəsində məhsul buraxılışını illik 2 min tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə yaşıl, qara, çəyirdəkli və çəyirdəksiz, dilimlənmiş, içlikli, əzilmiş və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün imkanlar mövcuddur.
Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.

***

Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışda iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO