Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfər edib. Səfər çərçivəsində Azərbaycan Prezidentilə Gürcüstanın baş naziri İrakli Qaribaşvili arasında görüş baş tutub. Hər iki ölkə lideri sonda mətbuata bəyanatlarla çıxış ediblər.
İlham Əliyev bildirib ki, Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə yatırıb:
"O ki qaldı ikitərəfli gündəliyimizə, əlbəttə ki, ticarət dövriyyəmizin artması bizi sevindirir. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşır. Əlbəttə ki, Azərbaycanın sərmayəsi ilə həyata keçirilən layihələr bizim əməkdaşlığımızı daha da gücləndirir.
Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub və bu sərmayə qarışılıqlı, faydalı sərmayədir. Çünki hər iki tərəfin maraqlarına cavab verir".
Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli deyir ki, Gürcüstan öz büdcəsinin 42 faizini məhz Azərbaycanın hesabına formalaşdırır:
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Gürcüstana qoyulan sərmayənin həcmini AÇIQLADI
“Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan işgüzar səfəri çox əhəmiyyətli bir səfərdir. Bakı və Tiflis mövcud strateji tərəfdaşlığı strateji müttəfiqlik səviyyəsinə qaldırmaqda maraqlı görünürlər. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli infrastruktur və iqtisadi layihələri məhz Gürcüstan ərazisindən keçməklə Avropaya yönəlib.
Bu mənada Gürcüstan öz xəzinəsinin 42 faizini Azərbaycan hesabına təmin edir. Tərəflər bu əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqda maraqlıdır. İran Ermənistandan keçməklə guya Fars körfəzilə Qara dənizi birləşdirəcək boru kəməri çəkmək istəyir.
Bununla İran Azərbaycandan Gürcüstana keçən neft-qaz kəmərlərinə guya alternativ yaratmağa çalışır. İranın bu niyyətinin elmi əsası yoxdur. Bu mənada Gürcüstan-Azərbaycan əməkdaşlığının yeni, daha yüksək keyfiyyət mərhələsinə qalxması İranın bir çox iqtisadi layihələrini də kölgədə qoyacaq”.
Rüfət Sultan, Bizim.Media