Tibb Universitetində tələbələrin təcrübə keçməsi üçün meyit problemi olduğu bildirilir. Tələbələr əyani material olmadığı üçün gələcəyin həkimləri kimi təcrübəsizlikdən gileylənirlər. Hansı ki, onlar insan bədəninin quruluşunu meyit üzərində və yarılma prosesində izləyib öyrənməlidirlər. Söyləntilərə görə universitet meyit qıtlığı sarıdan bu ehtiyacı xaricdən təmin edir.
Maraqlıdır, Tibb Universitetinin insan meyitləri ilə təminatı necə həyata keçirilir və sözügedən problem nədən qaynaqlanır?
ATU-nun patoloji anatomiya kafedrasının rəhbəri, Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Birliyinin Baş direktoru Ədalət Həsənov məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında xaricdən meyit təminatına ehtiyac olmadığını bildirib:
“Tibb Universitetində tələbələr meyiti I kursda Anatomiya, III kursda Patalogiya və V kursda Məhkəmə təbabəti kafedralarında görə bilirlər. Bu üç kafedranın ya üçündə, ya ikisində, ya da ən azı birində tələbələr meyit müayinəsini görürlər. Patalogiya kafedrası Tibb universitetinin mərkəzində yerləşir. Amma üçdə biri Pataloji bürosundadır ki, orada çoxlu meyitlər olur. Həm pataloji-anatomik meyitlər, həm də Bakının 3 rayonunun məhkəmə tibbi meyitləri ora gətirilir. Orada dərs keçən qruplar meyitləri görür. Yerdə qalan qrupların sinif nümayəndələri meyid görmək istədikləri üçün mənə zəng edəndə, əlaqə nömrəsini yadda saxlayıram və meyit olanda onlara xəbər verirəm. Amma onu 1 və 5-ci günlər edə bilmərəm. Tələbələrin bütün günü dərsləri olur.
Mən hansısa kafedranın dərsini pozub, tələbələrə meyit müayinəsi göstərə bilmərəm. İstirahət və bayram günlərində isə fürsət düşdükcə tələbələrin meyit müayinəsi görmələrini təmin edirəm”.
Ədalət Həsənovun sözlərinə görə indiyədək meyit müayinəsi görmək üçün 100 qrupa zəng edibsə, onlardan 5-6-sı gəlib:
“Tələbələrin bəziləri gəlir, bəziləri isə istirahət və ya bayram günü olduğu üçün iştirak edə bilmir. Amma başqa vaxt deyirlər ki, dərsarası biz meyit müayinəsi görmək istəyirik. Dərsarası isə mən onları meyit müayinəsinə apara bilmərəm, buna ixtiyarım da yoxdur. Yəni, bacardığımız qədər edirik. Burada da alınmayanda V kursda Məhkəmə təbabəti kafedrasında tələbələrə meyit göstəririk”.
Ədalət Həsənov əlavə edib ki, əsasən sahibi olmayan meyitlər üzərində təcrübə keçirilir:
“Küçədə ölən əyyaş və ya “bomj”ların meyitlərindən əyani material olaraq istifadə edirik. Hansı ki, sahibləri yoxdur. O meyiti sabaha, o biri günə də saxlaya bilirik, hətta saatlarla gözləyə bilirik. Sahibi olan meyitləri tələbələrə göstərmək isə mümkün olmur. Ora tələbələrin yeri deyil”.
Alçina Amilqızı, Bizim.Media