Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan iştirak edəcək.
İqtisadi baxımdan mühüm rola malik olan bu təşkilatın sammitində iştirak isə bir sıra aspektlərdən Azərbaycan üçün önəm kəsb edir.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar İskəndərov ölkəmizin ŞƏT-lə münasibətlərinin inkişafından söz açıb:
“Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ilin iyulun 15-də Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi ölkələrin prezidentlərinin görüşü zamanı yaradılmış regional birlikdir.
Qeyd etməliyik ki, ölkəmizin 2015-ci il iyulun 10-da ŞƏT-ə üzv dövlətlərin başçılarının iclasında təşkilata tərəfdaşs statusu verilməsi ilə bağlı qərar qəbul edilib. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində isə Cənab Prezident bu qərarı təsdiqləyib.
Təbii ki, Azərbaycanın burada tərəfdaş statusu daşıması ölkəmizin maraqlarına xidmət edir. Ümumiyyətlə, Azərbaycan bir çox beynəlxalq təşkilatlarda təmsil olunur və hal-hazırki durumda təşkilatda bu statusla təmsil olunmaqla, ölkəmizin üzv dövlətlərlə ikitərəfli, çoxformatlı münasibətləri formalaşıb. Bu da Azərbaycanın milli maraqlarına xidmət edir”.
Deputat, sammitdə region üçün mühüm əhəmiyyətə malik olan İpək Yolu ilə bağlı müzakirələrin aparılacağından da söz açıb. Müsahibimiz, Ermənistan rəhbərliyinin sammitdə iştirakının regional kommunikasiyaların açılması baxımından əhəmiyyətinə də toxunub:
“44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqda əsas diqtə edən tərəf Azərbaycandır. Eyni zamanda qonşu ölkələrlə birlikdə bölgəmizdə dayanıqlı sülhün bərqərar olması, daha sonra isə iqtisadi “rıçak”ların işə düşməsi ilə yeni iqtisadi reallıqların yaranması fonunda Azərbaycanın mövqeyi aparıcı rola malikdir.
Bu sammitdə, təbii ki, qədim İpək Yoluyla bağlı da müzakirələrin aparılması gözlənilir. Bildiyiniz kimi, bu yol Azərbaycan ərazisindən keçir və ölkəmiz logistika sahəsində cəlbedici tərəflərdən birinə çevrilib.
İpək Yolu ilə bağlı siyasətdə də Azərbaycan böyük aktora çevrilməkdədir. Digər tərəfdən, Azərbaycanın maraqlarına cavab verən genişspektrli məsələlər də sammitdə müzakirə olunacaq”.
Vüqar İskəndərovun fikrincə, yeni yaranmış reallıqlar fonunda Azərbaycanın irəli sürdüyü təkliflər, təkcə ölkəmizə yox, sammitə dəvət olunmuş Ermənistana da böyük dividendlər gətirə bilər:
“Bu Azərbaycanın məramının sülhyönümlü olduğunu göstərir. Digər tərəfdən Ermənistanın sammitə dəvəti də yeni reallıqlardan xəbər verir. Çünki İpək Yolu marşrutu həm də Zəngəzurdan keçməklə Avropaya qədər uzanır.
Eyni zamanda Ermənistan üçtərəfli bəyanatla üzərinə qoyulan öhdəlikləri yerinə yetirməyə borcludur. Bu platformalarda Ermənistanın iştirakı, regional reallıqların İrəvan rəsmilərinə göstərilməsi və təzyiq mexanizmi kimi də qəbul edilməlidir.
Ermənistan bölgədə kommunikasiyaların açılmasında konkret mövqe ortaya qoymalı, rasional düşünməli və öhdəliklərini yerinə yetirməlidir. Bu aspektdən yanaşdıqda, Zəngəzur dəhlizinin geosiyasi reallıq olması və bu yolun işləkliyi sammitdə Paşinyanın nəzərinə çatdırılacaq və bu istiqamətdə Ermənistanın konkret addımlar atmasının vacibliyi də ona bildiriləcək”.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
17:25 / 12.09.2022
Paşinyan Özbəkistana niyə dəvət olunub? – Vüqar İskəndərovdan Zəngəzur dəhlizi ilə bağlı MARAQLI DETALLAR
Hazırda oxunan: Paşinyan Özbəkistana niyə dəvət olunub? – Vüqar İskəndərovdan Zəngəzur dəhlizi ilə bağlı MARAQLI DETALLAR
Hazırda oxunan: Paşinyan Özbəkistana niyə dəvət olunub? – Vüqar İskəndərovdan Zəngəzur dəhlizi ilə bağlı MARAQLI DETALLAR
93389
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.