“5 Avqustda Ərdoğan Soçidə Putinlə görüşəcək. Əslində Putinin Türkiyəyə gəlməsi gözlənilirdi, lakin qadağalardan dolayı onun hərəkəti məhdudlaşdırılıb”.
Türkiyəli siyasi ekspert İrfan Kaya Bizim.Media-ya açıqlamasında belə deyib. O, bildirib ki, Soçidə müzakirə olunacaq əsəs mövzu Türkiyənin Suriyaya müdaxiləsi olacaq:
“19 İyul Tehranda keçirilən üçlü zirvədə liderlər bu mövzunu müzakirə etmişdilər. Tehran zirvəsində Putin örtülü şəkildə Türkiyənin müdaxiləsinə razı olduğunu bildirmişdi, lakin Tehran zirvəsindəki ən incə məqam İranla bağlı idi. Ona görə də bu məsələni ayrıca çözmək üçün iki prezident Soçidə görüşəcəklər”.
MÖVZU İLƏ BAĞLI:
“Rusiyanın Azərbaycanın müstəqil siyasətinə təsir imkanları zəifləyib” – İrfan Kaya
- Bəs Putin niyə Türkiyənin Suriyaya müdaxiləsində yaşıl işıq yandırdı?
Türkiyəli ekspert vurğulayıb ki, hazırkı durumda Türkiyənin Suriya mövzusunda qərarlılığını ortaya qoyması Rusiyanın mövcud vəziyyətindən dolayı etirazla qarşılana bilmir:
“Rusiya xeyli sayda əsgərini Suriyadan çıxarıb Ukraynaya göndərdi. 22 İyulda taxıl koridoru anlaşması əldə olundu. Bu anlaşmaya görə Rusiyanın kənd Təsərrüfatı məhsulları beynəlxalq kanallara çıxacaq.
Bu gün embarqolarla üz-üzə qalan Rusiya üçün 6 sanksiyanın ləğv edilməsi çox önəmlidir. Həmçinin Avropa İttifaqı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları 6 ay daha uzatmaqla, Rusiyanın mövcud iqtisadi durumunu biraz da ağırlaşdırdı”.
Ekspert qeyd edib ki, dünya ilə əlaqələrini normallaşdırması baxımından Rusiyanın hazırda Türkiyəyə ehtiyacı var. Ona görə də Rusiya Türkiyənın Fıratın qərbinə müdaxilə etməsini qəbul edir:
“Hazırda qərb ölkələri də Türkiyəni Rusiya ilə əlaqə vasitəsi kimi gördüyü üçün müəyyən qədər Ankaranın aldığı qərarları qəbul etmək məcburiyyətində qalıb. Həmçinin Soçi görüşündə Türkiyədən Rusiyaya ərzaq idxalı ilə bağlı ticari müqavilələrin də masada olacağı gözlənilir”, - deyə ekspert fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media