İrəvanın birinci instansiya məhkəməsi Ermənistanın baş naziri Nikol Paşinyanın “Hraparak” nəşrinə qarşı iddiasını qismən təmin edib. Məhkəmə qərarına əsasən, nəşr Paşinyan barədə böhtan xarakterli məlumatları təkzib etməlidir, lakin baş nazirin tələb etdiyi 1 milyon dram məbləğində kompensasiya tələbi rədd edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Hetq-ə istinadən Ermənistan mediası məlumat yayıb.
Söhbət, əsasən, “Paşinyan arvadına xəyanət edirmi?” başlıqlı yazıdan gedir. Məhkəmə hesab edib ki, materialda sadəcə sual formasında fikir yürüdülməyib, əksinə, konkret fakt kimi təqdim olunan ittihamlar yer alıb. Qərarda qeyd olunub ki, nəşr bu iddiaların hansı faktlara və ya hansı müəyyən edilə bilən mənbələrə əsaslandığını göstərməyib.
“Hraparak” tərəfi isə məhkəmədə bildirmişdi ki, sözügedən mətn tənqidi xarakter daşıyır və orada qəti iddia yox, sual formasında yanaşma var. Lakin məhkəmə bu arqumenti qəbul etməyib və yazının böhtan elementləri daşıdığı qənaətinə gəlib.
İşlə bağlı maraqlı detal ondan ibarətdir ki, beynəlxalq media azadlığı ilə məşğul olan IDC Armenia daha əvvəl bu prosesə münasibət bildirərək qeyd etmişdi ki, Paşinyan tərəfindən təqdim edilən təkzib mətni “Hraparak”ın tam şəkildə dərc etdiyi formada hazırlanmışdı.
Bizim.Media

































































































