Yaxın günlərdə regiona dəhşətli şaxtaların daxil olacağı bildirilir. Türkiyə sinoptiklərinin məlumatına görə, 25 yanvardan sonra və fevral ayı bütövlükdə Sibir üzərindən gələcək güclü, uzunmüddətli soyuq hava şəraiti ilə müşayiət olunacaq. Hətta uzun illərdir qara həsrət qalan bölgələrdə belə qar yağacağı ehtimal olunur. Mütəxəssislər bəzi ərazilərdə qar yağışının rekord səviyyələrə çata biləcəyini istisna etmirlər.
Bu cür soyuq hava kütlələrinin regiona təsiri necə olacaq? Sibir soyuğu necə izah olunur? Bunu iqlim dəyişməsi, yoxsa həmin aylar üçün normal hal kimi dəyərləndirmək olar?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağı Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyarın sözlərinə görə, yanvarın sonlarından etibarən regionda havanın soyuq keçəcəyi proqnozlaşdırılır:
“Sibir soyuğu” ifadəsi bu kontekstdə obrazlı məna daşıyır. Belə ki, Sibir bölgəsində iqlim daha sərt xarakter daşıyır, temperatur bəzən –30, –40, hətta –50°C-dən aşağı düşür. Orada iqlim daha quru olduğuna görə bu cür şaxtalar insanlara bizim regiondakı qədər sərt təsir göstərmir. Azərbaycanda isə rütubətlilik daha yüksək olduğundan mənfi temperatur daha kəskin hiss olunur.
Bu baxımdan “Sibir soyuğu” ifadəsi adətən normadan xeyli aşağı temperaturun gözlənildiyini göstərir. Sibir soyuqları Avrasiya qitəsinin şimal-şərqindən daxil olan çox soyuq və quru hava kütlələri ilə bağlıdır. Əsas səbəb Sibir bölgəsində qış aylarında formalaşan güclü yüksək təzyiqli Sibir antisiklonudur”.
Ekoloq bildirib ki, bu antisiklonun birbaşa regionumuza gəlməsi gözlənilmir, lakin bölgənin özünəməxsus atmosfer prosesləri də kəskin soyuma ilə nəticələnə bilər:
“Belə soyuq hava kütlələrinin təsiri temperaturun kəskin enməsi, bəzi ərazilərdə güclü şaxtaların müşahidə olunması ilə müşayiət oluna bilər. Yağıntıların yağış və qar şəklində düşməsi, şimal-şərq küləklərinin güclənməsi və effektiv soyuqluq hissinin artması da mümkündür. Bu şəraitdə yol səthinin buz bağlaması, infrastruktur problemləri və kənd təsərrüfatına mənfi təsirlər yarana bilər. Ona görə də aidiyyəti qurumlar sürücülərə və kənd təsərrüfatı ilə məşğul olan şəxslərə qabaqlayıcı xəbərdarlıqlar verməlidir”.
Ekspert qeyd edib ki, Azərbaycanda bu tip soyuq hava kütlələrinin təsiri meteoroloji baxımdan nadir hadisə deyil:
“Xüsusilə dağlıq ərazilərdə qış aylarında belə şərait mütəmadi müşahidə olunur. Hava – qısa müddətli atmosfer hadisələrini ifadə edir, iqlim -uzunmüddətli orta hava şəraitini xarakterizə edir.
Müəyyən ərazi üçün xarakterik olan və uzun illər (təxminən 30 il və daha çox) təkrarlanan hava xüsusiyyətləri iqlim hesab olunur. Sibir soyuğunun qış aylarında müəyyən dövrlərdə regiona təsir göstərməsi normal meteoroloji prosesdir. Qış mövsümündə şimaldan soyuq hava kütlələrinin Avrasiya qitəsinə daxil olması tez-tez müşahidə edilir. Lakin bu hadisələrin tezliyi və intensivliyi iqlim dəyişikliyindən təsirlənə bilər.
Nəticə etibarilə, yanvar-fevral aylarında Sibir mənşəli soyuq hava dalğalarının müşahidə olunması normal qış hadisəsi sayılır. Lakin bu hadisələrin intensivliyi və tezliyi iqlim dəyişikliyi fonunda dəyişə bilər”.
Bizim.Media
































































































