Artıq Rusiyanın Ermənistana qarşı açıq təhdidlərə start verib. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Aİ-yə qoşulacağı təqdirdə Avrasiya İqtisadi Birliyindən (AİB) çıxarılacağı ilə hədələyib.
O bildirib ki, Aİ üzvlüyünə doğru hərəkət Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyünün saxlanması ilə uyğun gələ bilməz. Lavrov deyib ki, hər ikisində iştirakın birləşdirilməsi mümkün deyil.
Erməni Apostol Kilsəsinə münasibətə də toxunan Rusiya XİN-in rəhbəri bu istiqamətdə vəziyyətin necə inkişaf etdiyini təəssüflə izlədiklərini də vurğulayıb.
Xatırladaq ki, ötən həftə Rusiya və Ermənistan arasında diplomatik gərginlik yaşanıb. Ermənistan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkini nazirliyə çağıraraq, ona etiraz notası təqdim edib. Buna səbəb isə rusiyalı jurnalist Vladimir Solovyovun televiziya efirində Ermənistanın Rusiyanın təsir dairəsindən çıxmaması üçün Moskvanın güc tətbiq etməli və hətta beynəlxalq hüquqa məhəl qoymadan hərbi əməliyyatlar keçirməli olduğunu bildirməsi olub.
Bütün bunlar isə Rusiya-Ermənistan münasibətlərində soyuqluğun daha da artması kimi qiymətləndirilir. Prosesin Ermənistanda seçkiöncəsi dövrə təsadüf etməsi isə müəyyən suallar doğurub.
Görəsən, seçikqabağı dövrdə tərəflər arasında gərginlik daha da artacaq?
Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun səsləndirdiyi bu fikirlər Moskva ilə İrəvan arasındakı münasibətlərdə "diplomatik nəzakət" dövrünün bitdiyini və rəsmi Kremlin Ermənistandakı seçki prosesinə birbaşa müdaxilə alətlərini işə saldığını göstərir:
“Lavrovun həm iqtisadi (AİB-dən çıxarılma), həm də mənəvi-ideoloji (Erməni Apostol Kilsəsi) faktorları eyni bəyanatda vurğulaması təsadüfi deyil. Bu, Ermənistanın daxili auditoriyasına ünvanlanmış kəskin bir "geosiyasi ultimatum"dur.
İrəvan Moskva gərginliyi artır...
Ekspert qeyd edib ki, iyunda olacaq parlament seçkiləri ərəfəsində tərəflər arasında gərginliyin artması qaçılmazdır və bu gərginlik fonunda aşağıdakı ssenarilərin reallaşması gözlənilir:
“İqtisadi "cəza" mexanizmlərinin işə salınması mümkündür. Lavrovun "Aİ və AİB bir araya sığmır" xəbərdarlığı sadəcə hüquqi rəy deyil, həm də iqtisadi sanksiya anonsudur. Rusiya Ermənistanın ixracatının 40%-dən çoxuna nəzarət edir. Seçkiqabağı dövrdə "Yuxarı Lars" keçid məntəqəsində erməni kənd təsərrüfatı məhsullarına qarşı "fitosanitar" məhdudiyyətlərin sərtləşdirilməsi, təbii qazın qiyməti ilə bağlı manipulyasiyalar və ya Rusiyadakı erməni miqrantların pul köçürmələrinə tətbiq edilə biləcək süni maneələr Paşinyan hakimiyyətini iqtisadi zərbə ilə sarsıtmaq məqsədi daşıyacaq”.
Müsahibimiz deyib ki, dini və milli kimlik üzərindən İrəvana təzyiqlər də mümkündür:
“Lavrovun kilsə məsələsinə toxunması Moskvanın Ermənistan daxilindəki mühafizəkar qüvvələri və kilsə ətrafında birləşən müxalifəti rəsmi şəkildə dəstəkləyəcəyinə işarədir. Rusiya Paşinyanı "erməni dəyərlərini Qərbə satan allahsız lider" kimi qələmə verməklə, cəmiyyətdə dərin qütbləşmə yaratmağa çalışacaq.
Ermənistana qarşı Moskvanın hibrid müharibə və dezinformasiya dalğasına keçəcəyi də mümkün variantlardandır. 2026-cı il seçkiləri Ermənistanın xarici siyasət kursu üçün faktiki referendum xarakteri daşıyır. Rusiya mərkəzli media resurslarının Ermənistandakı fəaliyyətinin kəskinləşməsi, "saxta xəbər" fabriklərinin işə düşməsi və Paşinyan komandasının "təhlükəsizlik uğursuzluqları"nın qabardılması gözlənilir. Moskva çalışacaq ki, erməni seçicisi qarşısında iki seçim qoysun: "Rusiya ilə çörək və təhlükəsizlik" və ya "Qərb ilə aclıq və qeyri-müəyyənlik".
T. İsmayılov düşünür ki, Lavrovun açıqlaması həm də Ermənistandakı revanşist qüvvələrə yandırılan "yaşıl işıq"dır:
“Rusiya bu qüvvələrin vahid blokda birləşməsi üçün maliyyə və siyasi dəstəyini artıra bilər. Lakin burada Moskvanın qarşısında duran ən böyük maneə Ermənistan xalqının "keçmişə" olan dərin nifrətidir.
Nəticə etibarilə, seçki yaxınlaşdıqca Rusiya "yumşaq güc"dən "sərt təhdid"ə keçid edəcək. Paşinyan isə buna cavab olaraq Avropa İttifaqı və ABŞ-dan daha konkret təhlükəsizlik zəmanətləri və iqtisadi "təhlükəsizlik yastığı" (maliyyə yardımı) tələb edəcək. Bu qarşıdurma Ermənistanı geosiyasi qırılma nöqtəsinə gətirə bilər ki, bu da regionda sabitlik üçün yeni risklər vəd edir”.
Rüfət Sultan, Bizim.Media






























































































